backend

Direktor məktəb bufetində “kvartirant” saxlayır?

Direktor məktəb bufetində “kvartirant” saxlayır?
















“Müəllimlər nalayiq hərəkətlər edirlər”

Bakı şəhəri, Nizami rayonunda yerləşən 10 saylı orta məktəbdə qeyri-adi hadisə baş verib. Belə ki, məktəbin bufeti kirayəyə verilib.
Bu barədə virtualaz.org saytına övladları həmin məktəbdə təhsil alan valideynlər məlumat veriblər.
Şikayətçilərin verdiyi xəbərdə deyilir ki, direktorun təsərrüfat işləri üzrə müavini direktora ayda 50 manat ödəməklə ailəsi ilə birgə bufetdə qalır: “Ailə gecələr məktəbin bufetində gecələyirdi. Bununla bağlı Təhsil Nazirliyinin “qaynar xətt” xidmətinə şikayət daxil olub. Məktəbdə baş verənlərlə bağlı şikayətlərdən sonra yoxlama gəlib”.
Valideynlər bildirir ki, yoxlama gələndən dərhal sonra bufet boşaldılıb: “Direktorun göstərişi ilə bufet boşaldıldı. Amma ailənin yorğan-döşəyi, pal-paltarı, digər əşyaları hələ də məktəbdədir”.
Şikayətçilər deyir ki, valideynlərin dərdi bununla da bitmir: “Məktəbin rus dili bölməsində ibtidai siniflərdə informatikanı rus dilini bilməyən müəllimə tədris edir. Uşaqların rus dilində verdiyi sualı müəllimə cavablandıra bilmir. İndiyədək informatika fənnini tədris edən müəllimə isə əvvəllər laborant kimi çalışıb”.
Valideynlər direktor Leyla Məmmədovaya ünvanlanan şikayətlərə baxılmadığını, əksinə, təhqir olunduqlarını əsas gətirirlər: “Şikayətlər anonim edilir, çünki şikayət edənlərin uşaqlarına qarşı sərt münasibət göstərilir. Direktor bəzi valideynlərlə əlaqə saxlayaraq narazı olduğu müəllimləri onların əli ilə “vurur”. Yəni valideynlər arasında parçalanma yaradaraq narazılıq edənlərə təzyiq göstərilir”.
Məsələ ilə bağlı Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciət edilib. Həmin qurumlardan bildirildi ki, bu məsələ araşdırılacaq.
10 saylı məktəbdən isə virtualaz.org saytının sorğusuna cavab olaraq bildirdilər ki, məsələyə yalnız direktor Leyla Məmmədova münasibət bildirə bilər, direktor isə iclasdadır.
Qeyd edək ki, bu məktəblə bağlı mətbuatda bir neçə dəfə məlumat verilib. Belə ki, məktəbin şagirdləri olmuş şəhidlər Elxan Əsədovun və Vaqif Əlixanovun adının əbədiləşdirilməsi üçün məktəbdə hazırlanan guşənin ləğv edilməsi və onun əvəzində rəsm dərnəyi üçün reklamlar vurulması faktı mətbuatda işıqlandırılandan dərhal sonra şəhidlər güşəsi dərhal bərpa olunmuşdu.
“Nizami rayonu 10 saylı orta məktəbin bufetinin kirayə verilməsi yalandır”.
Bu barədə AzVision.az-a adıçəkilən məktəbin direktoru Leyla Məmmədova deyib.
Direktor haqqında deyilən xəbərləri təkzib edib:
“Bu məsələ ilə bağlı Bakı şəhər Təhsil İdarəsindən də mənə zəng etmişdilər. Təklif etdim ki, gəlin baxın”.
Məktəb direktoru bəzi həmkarlarının ona qarşı nalayiq hərəkətlər etdiyini bildirib:
“Burada elə müəllimlər var ki, mənə qarşı təxribat aparırlar. Anonim məlumatlar yayırlar. Nalayiq hərəkətlər edirlər. Məktəb bufetinin guya icarəyə verilməsi ilə bağlı Təhsil Nazirliyindən zəng etdilər, amma hələ ki heç kəs gəlməyib. Sizi də dəvət edirəm, gəlin baxın”.
Məktəbin bufetinə ərzaq məhsulunun kənardan gətirilməsinin yasaq olunduğunu bildirən L.Məmmədova onu da əlavə edib ki, belə bir şey olarsa nazirlik tərəfindən işdən azad olunacaq:
“Məktəbin bufetinə ərzaq məhsulunun kənardan gətirilməsi qadağan olunub. Adi bir “popkorn”-u başqa yerdən gətirəndə belə, irad tuturlar. Hətta xəbərdarlıq ediblər ki, kənar yerdən ərzaq gətirilərsə, birinci 400 manat cərimə olunacaq. İkinci dəfə isə belə hala yol verilərsə işdən azad olunacağam. Buna görə bufetçiyə 150 manat maaş verilir. Onun da 50 manatını mənə versə, daha ona nə qaldı ki? Odur ki, bufetin kiməsə icarəyə verilməsi qeyri-mümkündür”- deyə Leyla Məmmədova bildirib.