backend

İlham Əliyev Vilayət Eyvazovu niyə cəzalandırmadı...

İlham Əliyev Vilayət Eyvazovu niyə cəzalandırmadı...












Eynulla Fətullayev

Müsavatın mitinqlərinin indi “Məhsul” satdionunda olduğu kimi 300 nəfər yox, “Qələbə” meydanında 300 min tərəfdar topladığı 2003-cü il hadisələrindən sonra bütün beynəlxalq təşkilatlar, o cümlədən beynəlxalq ictimai rəyin öncüllərindən olan ABŞ Dövlət Departamenti Azərbaycanın yeni prezidentinin qarşısına şərt qoymuşdu.

Beynəlxalq birlik İlham Əliyevdən Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin rəisi Vilayət Eyvazovu polis orqanlarından xaric etməyi tələb edirdi. Amma Əliyev bu dəfə də onların dediklərini eləmədi. Prezident 35 yaşlı polis rəisini nəinki işdən çıxarmadı, hətta əksinə, onu daha yüksək vəzifəyə - daxili işlər nazirinin müavini postuna təyin etdi.
Gəlin xatırlayaq, görək Eyvazovun hansı əməli Dövlət Departamentinin və ona züy tutan beynəlxalq təşkilatların, yumşaq desək, xoşuna gəlməmişdi.
Müsavat Partiyasının gur-gur guruldayıb siyasi hakimiyyət uğrunda mübarizəyə qalxan vaxtlarında - 2013-cü il, oktyabrın 16-da bu partiyanın döyüşkən qanadının bir neçə yüz üzvü ölkənin əsas meydanını ələ keçirməyə və İsa Qəmbəri yeni prezident elan etməyə cəhd göstərmişdi. Bəli, bəli, Azərbaycanda belə dövrlər - müxalifətin DİN süfrəsindən gələn qırıntıları əli ilə itələyib ölkənin neft quyularına nəzarət uğrunda amansız mübarizə apardığı vaxtlar da olub.

İlham Əliyev Vilayət Eyvazovu niyə cəzalandırmadı...























Müsavat bu mübarizəni rüsvayçı şəkildə uduzdu. Amma sonda siyasi səhnənin pərdəsinin enməyinə lap az qalmış müxalifətçilər “pis oyunda yaxşı mina oyunu” oynamağa qərar verdilər. Yəni uduzsalar da özlərini o yerə qoymayaraq qalib kimi davranmağa başladılar.
Qiyam ruhunun xortlaması bizim gözlərimiz önündə Azadlıq meydanında baş verdi. Doğrudur, müxalifətçilər NİDA kimi “Molotov kokteylləri” ilə yox, dəyənək və daş-kəsəklə silahlanmışdılar.
Vilayət Eyvazovun təkcə elə görünüşü vahimə yaradan dəstəsinin postsovet məkanının ilk Maydanını (Gürcüstan və Ukraynadakı hadisələr bundan sonra olmuşdu) təmizləməsi dünyada ciddi etirazlara səbəb olub qınaq doğurdu. Dövlət Departamentinin ən çox xoşuna gəlməyən hadisə isə V.Eyvazovun havaya atəş açması idi. Özü də bir neçə dəfə...
Amerikalıların azərbaycanlı polis rəisini azğınlaşmış kütləni dağıtmaq məqsədilə havaya xəbərdarlıq atəşi açmasına görə cəzalandırmağı tələb etməsindən 10 il sonra azərbaycanlılara da yaxşı tanış olan Klivlend şəhərində elə bir hadisə baş verdi ki, nəinki Dövlət Departamenti, hətta heç ABŞ-ın Maliyyə Nazirliyi də bunu nədənsə “görüb sezmədi”.
2013-cü il, iyunun 23-də amerikalı polis ABŞ vətəndaşı Qreqori Lavinin avtomobilinə yaxınlaşır. Lavin nə etmişdi, günahı nə idi? O, doğrudanmı terror aktı törətməyə cəhd göstərirdi, yaxud Rusiya Xarici Kəşfiyyat Xidməti ilə əməkdaşlıqda şübhəli bilinirdi? Əsla. Lavin sadəcə olaraq yol hərəkəti qaydalarını pozmuşdu. Lavin heç polisə də müqavimət göstərməyə çalışmırdı, onlarla vur-tut dildə, sözlə mübahisə edirdi. Bəs polis nə etdi? Silahını çıxarıb Lavinin sinəsinə atəş açdı.

Əgər bu qanlı hadisənin Helsinki Aktının müdafiəsində dayanan ATƏT-in, yaxud digər beynəlxalq təşkilatların hesabatlarına salındığını düşünürsünüzsə, ciddi səhvə yol verirsiniz. Amerika polisinin günün günorta çağı törətdiyi qətl hətta heç ABŞ Helsinki Komissiyasının da diqqətini nədənsə cəlb etmədi. Heç tükləri də tərpənmədi. Belə-belə işlər...

Bəli, bəli, bu komissiya AXCP-nin heç Bakıda da tanınmayan hansısa cəlilabadlı fəalının hüquqlarının pozulmasından dəm vuran həmin o komissiyadır. Hərçənd elə həmin ABŞ-ın özündə belə güman edirdilər ki, söhbət Əfqanıstanın Cəlalabadından olan hansısa talibançıdan gedir...

İlham Əliyev Vilayət Eyvazovu niyə cəzalandırmadı...























Yaxud başqa nümunə. Bir-iki il qabaq Dövlət Departamenti və Helsinki Komissiyası 13 azərbaycanlı “siyasi məhbus”a dayanıb durmadan azadlıq tələb edəndə baş vermiş bir hadisəyə baxaq. 2012-ci il, noyabrın 29-da Klivlend şəhərində 13 ağdərili polis əməkdaşı içində silahsız afroamerikalılar Timoti Rassel və Malissa Uilyamsın olduğu maşını təqib etməyə başlayırlar. Bəs bunun axırı nə olur?! Polislər həmin maşını güllə yağışına tuturlar. Maşına 137 güllə dəymişdi. Timoti ilə Malissanın cəsədləri güllə yarasından tanınmaz hala düşmüşdü.

Əlbəttə, həmin polislərə cəza verən olmadı. Amerikalı hüquq müdafiəçilərinin heç cınqırı da çıxmadı. Onların məntiqinə görə, polis iki adamı öldürübsə, deməli, ortada nəsə varmış...

İlham Əliyev Vilayət Eyvazovu niyə cəzalandırmadı...




















Tamir Raysi

Yaxud digər nümunə. ABŞ polisi bu il noyabrın 23-də yenə həmin Klivlenddə 12 yaşlı qaradərili uşaq Tamir Raysini güllələdi. Bilirsinizmi niyə? Bu uşağın əlində oyuncaq tapança olub. Polisə isə elə gəlib ki, silah doğruçudur. Əlbəttə, dünyanın “ən ədalətli və humanist” andlılar məhkəməsi bu polisə də bəraət verib onu təmizə çıxardı...

Polislərin yeniyetmələrə münasibətinə dair daha bir fakt. Bu il dekabrın 7-də Arizona ştatında yerli polis evdən qaçan 15 yaşlı qaradərili qızı yerə yıxaraq boğmağa başlamışdı. Təsadüfən yoldan keçən adamların çəkdiyi videodan da görünür ki, yazıq qız necə qışqırır, kömək istəyir, polisə yalvararaq onu buraxmağı xahiş edir, amma bu yalvarışların heç biri amerikalı mentə təsir etmir... Qız az qala boğulur, son nəfəsini alıb-verir, can üstəymiş kimi çabalayır, isterik vəziyyətdə ümidsizcəsinə əl-qol atır, amma bunlar mentin vecinə də deyil. Amerikalı polis o qədər vəhşiləşib ki, onu dayandırmaq mümkün deyil. İş o yerə çatır ki, qızcığazın anası dözmür və balasını azğınlaşmış polisin əlindən zorla alır. ABŞ hökuməti isə susub öz vətəndaşlarının etirazlarına məhəl qoymur...

Təkcə Nyu-York şəhərinin sakinləri yalnız bir ildə - 2013-cü ildə polisin qanunsuz əməllərindən 9500 şikayət ərizəsi verərək məhkəmə iddiaları qaldırıblar. Hələ heç həbs olunanları demirik, bəs o polislərin neçəsi cəzalandırılıb? Bəs ədalətin təntənəsi hanı? Yoxdur.

ABŞ-da total polis özbaşınalığı Ferqyusson hadisələrində özünün pik həddinə çatdı. Bu hadisələrə diqqət yetirməzdən əvvəl Dövlət Departamentinin və ABŞ hökumətinin azərbaycanlı polisləri cəzalandırmaq tələblərini yada salaq. Yaxın keçmişin qalmaqallı hadisələrindən birinə - müxalifətçi Sərdar Cəlaloğlunun işinə baxaq.
Azərbaycan üçün taleyüklü sayılan 2003-cü ildə meydandakı üsyanı tribunadan idarə edən Cəlaloğlu sonradan həbs olundu. Zirzəmidə Cəlaloğlu ilə çox “məşğul olmuşdular”, həkimlər onun bədənində işgəncə izləri tapdı. Müxalifət fəalı isə Avropa Məhkəməsinə müraciət etdi. Avropa Məhkəməsi işgəncə faktını təsdiqlədi. Azərbaycan hökuməti isə Avropa Məhkəməsinin bu qərarını icra edib müxalifətçiyə kompensasiya ödədi.
Amma yox. Amerikalılar və digər “böyük xalqlar”ın elçiləri müxalifət fəalına işgəncə vermiş polislərin cəzalandırılması tələbindən geri çəkilmirdilər. Azərbaycan hakimiyyəti isə polisləri cəzalandırmadı. Amerika demokratiyasının sonrakı taleyi, xüsusilə də Ferqyusson hadisələri göstərdi ki, Azərbaycan hökuməti bu məsələdə səhvə yol verməyib, yəni əslində elə amerikalıların özlərinin yazdığı qanunlara uyğun davranıb. Axı ABŞ-da da özbaşınalıq edən, adamları öldürən polislərin heç biri cəzalandırılmadı!
Razıyıq, yaxşı nümunə deyil. Amma axı pis vərdişlər, pis nümunələr də tez yayılır, tez yoluxur, elə deyilmi?!
Həm Vilayət Eyvazov, həm də digər azərbaycanlı polislər Feryussonda olduğu kimi azğınlaşmış kütləni dağıdarkən ola bilsin ki, bir az çox fəallıq, hətta canfəşanlıq etmişdilər. Amma nə Vilayət Eyvazov, nə də digər azərbaycanlı polislər axı heç kim öldürməmişdilər! Barışmaz mövqedə dayanan nümayişçilərə atəş açmamışdılar! Silahsız insanların qanını axıtmamışdılar!
Amma yox, Dövlət Departamenti başqa cür düşünürdü. İlham Əliyevdən onları cəzalandırmağı tələb edirdi. Sual olunur: həmin bu Dövlət Departamenti bəs Daniel Pantaleonu cəzalandırmağı Barak Obamadan niyə tələb etmir?
ABŞ hökuməti öz ruporu kimi qabağa verdiyi “şirin əkizlər”in - Psaki-Harf cütlüyünün dili ilə Azərbaycan hökumətini demək olar ki, hər gün tənqid edib onu insan haqlarını pozmaqda suçlayır. Azərbaycanı nədə ittiham edirlər? Leyla Yunusun, Xədicə İsmayılın və ABŞ hökumətinin xidmətçisinə çevrilmiş tör-töküntü dönüklərin həbsində!
Gəlin bir anlığa fərz edək ki, haqlı tənqiddir. Gəlin ABŞ-ın Azərbaycandakı 5-6 agentinin taleyindən narahat olan amerikalı məmurların səmimiyyətinə, mərhəmətinə və ürəyiyumşaq olmasına bir anlığa inanaq.

Lakin sual yaranır. Həmin bu amerikalı məmurlar zavallı qaradərili astmatik Erik Qarneri diabetik Yunusun həbsindən elə bir neçə gün öncə güllələyib öldürən ağdərili ment Daniel Pantaleonu cəzalandırmağı öz hökumətlərindən və Obamadan niyə tələb etmirlər? Yunusun həyatı bu məmurlardan ötrü Qarnerin həyatından doğrudanmı qiymətlidir? Qiymətidirsə, niyə qiymətlidir?

İlham Əliyev Vilayət Eyvazovu niyə cəzalandırmadı...













Yaxud başqa misal. Azərbaycanda prokurorluq blogger Mehman Hüseynovu dindirir. Ola bilsin burada ədalətsizlik və prokurorların internetdə ağzına gələni yazan birinin dövlət başçısını təhqir etməsinin qarşısını almağa yönəlik yersiz səyləri var. Bu isə amerikalıların xoşuna gəlmir. Onlar həm açıq şəkildə, həm də bağlı qapılar arxasında hökuməti inandırmağa çalışırlar ki, gənc bloggeri guya təzyiqlərdən qorumaq üçün Zakir Qaralovun rəhbərlik etdiyi struktura təzyiq edilməlidir.

Bəs o zaman həmin amerikalı məmurların özləri Erik Qarnerin öldürülməsi səhnəsini çəkən amerikalı bloggerin taleyinə niyə laqeyddir? Axı ABŞ hüquq-mühafizə orqanları sadəcə olaraq polis zorakılığını öz qacetinin yaddaşına həkk edən şahidi təqib edir!

ABŞ hökuməti və eks-səfir Kozlariç, sözün birbaşa mənasında bizim ölkə üzrə spiker təyin edilmiş digər diplomat Kramer Əliyev hökumətini hər gün “ifşa edirlər”. Ola bilsin onların ittihamlarının bir hissəsi əsassız deyil və doğrudan da 20 yaşlı müstəqil Azərbaycan dövləti siyasi sistemi, demokratik institutları təkmilləşdirmək üçün hələ çox iş görməlidir.

Lakin nəyə görə 200 yaşlı Amerika dövləti həmin Ferqyussonda 18 yaşlı silahsız qaradərili Mayk Braunu güllələyən ağdərili polis Darren Uilsona bəraət qazandırdı? Bu ədalət gənc demokratiyaya malik ölkələrə necə nümunə olacaq? Yoxsa amerikalılar Azərbaycanı da bu cür hadisələrdən nümunə götürməyə çağırır və onu istəyirlər ki, gələn dəfə yeni kütləvi itaətsizlik və qiyam zamanı silahsız insanlara atəş açsın?

İlham Əliyev Vilayət Eyvazovu niyə cəzalandırmadı...





















Amerikalılar Bakıda hüquq müdafiəçisi Emin Hüseynovu gizlədirlər. Əvvəlcə öz səfirliklərinin binasında. Sonra onu gizli şəkildə İsveçrə səfirliyinə aparırlar. Müqəddəs insan haqları dəyərləri naminə!

Ancaq elə həmin amerikalılar Ferqyussonda etiraz aksiyalarını işıqlandıran “əl-Cəzirə” müxbirinə qarşı gözyaşardıcı qaz tətbiq edirlər! Və iğtişaşları işıqlandıran türkiyəli jurnalis Bilgin Şaşmazı güllələməklə hədələyirlər.

İndi yalan haradadır, həqiqət harada? Ədalətsizlik hanı, qeyri-ədalətsizlik hanı? Nəyə görə birini xilas edirlər, digərini öldürürlər? Nəyə görə öz ölkələrində həbsxanaları qiyamçılarla, yəni potensial siyasi məhbuslarla doldururlar, Ferqyussonda 5348 nəfəri həbs edirlər və onlardan yalnız 686-ı ağdərili, qalan hamısı qaradərili olur, ancaq ABŞ hökuməti diqqətini Azərbaycandakı hansısa epizodik siyasi kolliziyalara kökləyir?

Sual yarana bilər: niyə total yox, epizodik? Ona görə ki, ABŞ-ın Vaşinqton ştatından tutmuş Nyu-Yorka, Missuriyə qədər bütün ştatlarının iri şəhərlərini polis zorakılığından və total təqiblərdən qəzəblənən amerikalıların etiraz aksiyaları bürüyür. Bakıda isə şəhərin mərkəzində Vaşinqtona arxalanan müxalifətin icazəli mitinqinə müxalif nomenkulaturanın bir ovuc nümayəndəsi - cəmi 200-300 nəfər qatılır!

İlham Əliyev Vilayət Eyvazovu niyə cəzalandırmadı...






















Vaşinqton öz ölkəsindəki problemləri qulaqardına vuraraq başqa ölkənin hökumətinə hücum edir, hansı ki, həmin hökumətin xalqı nəyə görəsə ona qarşı qəzəbli olduğunu ifadə etmir. Amerika məmurları isə əmin edirlər ki, bu xalq totalitarizm və despotiya zənciri ilə buxovlanıb, demokratiya səyləri boğulub.

Əlbəttə, əlbəttə! Buna heç şübhəniz olmasın! Elə buna görə də hökumət “zəncirlənmiş xalq”a mitinq keçirmək üçün şəhərin mərkəzində meydan təqdim edir. Hansı ki, 8-10 il əvvəl orada yüz minlərlə adam yığışardı.
Bəlkə amerikalılar özünəməxsus “perezaqruzka” etsinlər və meydanların niyə narazı elektoratı və aktiv sosial bazanı özünə cəlb etmədiyinə dair suala bir daha cavab verməyə çalışsınlar?! Bu haqda düşünsünlər ki, əhalinin bu təbəqəsi hara əriyib yox oldu?! Və niyə o, amerikalıların anlayışında liberallaşma və islahatlar adlandırılan siyasi kataklizmləri istəmir? Və başa düşməyə çalışsınlar ki, nəyə görə Əliyevlərin əsas düşməninin - Elçibəyin bütün müavinləri elə həmin Əliyevlərin tərəfinə keçdilər?
...Bir dövlətin digərinə qarşı virtual intervensiyası da olmasa açıq təcavüzü ortadadır. İnsan haqlarının müdafiəsi şüarı altında... Azadlıqlar və bərabərlik haqda eybəcərləşmiş şüarlar altında...
Qərb tolerantlığının və hələ qorbaçovşinadan əvvəl deqradasiya olunmuş əksfikirliliyi və sözə baxmayan dövləti qula çevirmək silahı kimi istifadə olunan Amerika demokratiyası adlanan məhfumun yenidən doğulması ortadadır. Bu dəhşətli intervensiya dalğasını müqəddəs insani dəyərlərlə manipulyasiya etmədən başqa cür izah etmək mümkün deyil. Və heç bir izahata sığmır.

Ancaq azərbaycanlıların etiraz meydanlarını doldurmaq arzusunda olmamasının səbəbi bizə aydındır. Və səbəb heç də amerikalıların pis-yaxşı işləyən dövlət institutlarını külə çevirən ehtiraslarının güdazına gedən ölkələrin acınacaqlı taleyi deyil. Cəmiyyətin böyük hissəsi həqiqəti dərk edib - dövləti İlham Əliyev adında müdrik və ağıllı adam idarə edir. O, beynəlxalq situasiyanın necə inkişaf etdiyini ölçüb-biçir, bir neçə onillik qabağın geosiyasi risklərini hesablayır. Və böyük ölçüdə düzgün qərarlar qəbul edir.

Axı o, 2003-cü ildə amerikalıların dediklərini həqiqət kimi qəbul etsəydi, 2005-ci ildə və ölkənin taleyi uğrunda sərt mübarizənin sonrakı mərhələlərində büdrəsəydi, o zaman Azərbaycanı təhdid edən fəlakətin miqyasını təsəvvür etmək belə çətin olardı.
Hərdən adama elə gəlir ki, İlham Əliyev ülgücün iti ucunda gəzir və hansısa ciddi səhvə yol verəcək, yaxud artıq verib. Ancaq illər keçir və biz qəbul edilən strateji qərarların düzgünlüyünə əmin oluruq. Taktiki səhvlərdən isə heç kim sığortalanmayıb. Hətta Obama, Merkel və Putin də...