backend

Eldar Əzizovun "məhəllə şouları"na maraq itib

Eldar Əzizovun "məhəllə şouları"na maraq  itib




















Sumqayıtın icra başçısı Kamil Məmmədov adlı şəxsin qarşısında nə qəbahətin sahibidi?

Sumqayıta icra başçısı təyin edildikdən dərhal sonra Eldar Əzizov Gəncədə formalaşdırdığı komandasını yır-yığışla yeni iş yerinə transfer edəndə bunu çoxları diqqətdən kənarda saxladı. Lakin sumqayıtlıları qarşıda hansı sürprizlərin gözləyəcəyini yalnız təxmin edən bir sıra müşahidəçilər düşünürdü ki, necə olmasa belə məsələlər icra başçısının səlahiyyətinə aiddir. Bu arqument işin sonrasını gözləməyə üstünlük verənlərin sırasını genişləndirdiyindən tez-tez narazılıq doğuran məmur özbaşınalığı qarşısında demək olar ki, səsini çıxaran olmadı. İndi isə vəziyyət deyəsən tamamilə dəyişib. Bu gün sumqayıtlıları Eldar Əzizovun "məhəllə şouları" ilə çətin ki, aldatmaq olsun. Çünki sırf formal xarakterli belə səhnələrin müəllifinin özü camaat qarşısında səmimi deyil. Diqqət edin, bir tərəfdən açıq mikrofon qarşısında işgüzar başçı imici formalaşdıran başçı, Sumqayıt əhalisinin ən xırda problemlərinə belə həssas yanaşma görüntüsü yaradaraq çalışır ki, əslində şəhərdə mövcud olan real vəziyyətdən diqqəti yayındırsın. Digər tərəfdən isə sumqayıtlıların gözü qarşısında park və xiyabanlar yavaş-yavaş əriyib yox olur, yerində isə kimə məxsus olduğu belə təxmin edilə bilməyən yeni obyektlər ucaldılır. Əlbəttə, yaşıllıqlar öz-özünə buxarlanmır. Bu buxarlanmanın yəqin ki, rejissurasını hazırlayıb ortaya qoyan şəxs və ya kompaniya var. Başçının adını o kompaniyanın favorit dəftərində çətin taparsınız. Çünki, Eldar Əzizov kimi şəxslər heç zaman sadə insanların qanuni hüquqlarına toxunan hərəkət və hərəkətsizliyə birbaşa və açıq şəkildə yol verməyə ürək eləməzlər. Bunun üçün bir neçə amil var ki, onlardan bəhz etməkdənsə Kamildən söz açmaq daha məqsədəuyğun sayılardı. Kamil Məmmədovu deyirəm, ulduzunu vaxtilə Nizami rayonunda başçı vəzifəsini tutmuş Eldar Əzizovun bəxt ulduzuyla necə qoşalaşdırıbsa, üstündən uzun illər keçsə də, paylarına yalnız "şeş-qoşa" düşür. Gəncəyə icra başçısı göndəriləndə də belə oldu. Kamil qardaş Eldar müəllimin yadına hamıdan tez gəlib düşmüşdü. Uğurlu Gəncə transferindən sonra növbədə Sumqayıt idi. Bu dəfə də Eldar Əzizov öz ənənsinə sədaqətli çıxaraq Kamili özüylə dartıb gətirdi yaxın çevrəsinə.
Qəribə və təzadlı bir məqam ortaya çıxır. Bu Kamil Məmmədov axı kimin kimsənəsidir ki, Eldar Əzizova görə şəhər icra hakimiyyətində vəzifə yükü, üstəlik məsuliyyətini də daşıyan heç bir dövlət məmuru onun əvəzləyə bilmir. Özü də söhbət vaxtilə cinayət məsuliyyəti altında həbsdə yatmış şəxsdən gedir. Bu şəxsin Rəsul Quliyevin qardaşı ilə sıcaq münasibətləri barədə hansısa məlumat əldə etmək istəyənləri yaxın keçmişə ekskursa səsləmirik. Amandı, sonra da durub deyəcəklər ki, Eldar Əzizovun dolayısı ilə Rəsul Quliyevə çıxışı var... Kamilin hansı qanun və qayda əsasında başçı ətrafında fırfıra kimi fırlanması bütün sumqayıtlılar üçün qaranlıq qalır. Axı necə olur ki, bu şəxs şəhər icra aparatının məsul işçilərindən daha artıq söz sahibi statusuna malik olur? Deməli belə mənzərəni yaradan var, o da başçının özüdür. Bizə gəlib çatan məlumatlara görə Sumqayıt şəhərində qol çırmayıb biznesə girişən heç bir sahibkar Kamildən xəbərsiz heç nə türk demiş, yapamaz. Yaparsa da, özünə bolluca problem tapar. Bu da bir yana, bildirildiyinə görə Kamil dediyimiz şəxs Eldar Əzizovun xeyir-duası ilə bu şəhərdə bütün pulyığma kampaniyasını öz çevrəsi ilə bərabər gerçəkləşdirir. Əldə olunan vəsaitin bir mənbədə toplanması iddiaolunur ki, bu faktın araşdırılmasına ciddi ehtiyac görürük. Əslinə qalsa, adamın inanmağı gəlmir ki, Eldar Əzizov kimi ilk baxışdan iqtidar komandasının etibarlı məmurlarından sayılan birisi öz sədaqətini və səmimiyyətini hansısa şəxsi marağa qurban vermiş olsun. Eldar müəllim bəlkə də elə düşünür ki, Sumqayıtda çıxardığı "məhəllə şouları" ilə şəhər əhalisinin diqqətini yaşıllıqların məhv edilməsi, hərraca qoyulması, qanunsuz tikintilərə rəvac verilməsi və ən əsası Kamilin pulyığma kompaniyası kimi əməllərdən yayındırmaq gücündədir. Bu nağılla olsa-olsa beşikdə bəbəni aldadarsan.

Mirzə