backend

Ucarda şəhidin qanpulunu mənimsədilər

Ucarda şəhidin qanpulunu mənimsədilər














Ucar rayonu Bağman kəndi sakini, şəhid ailəsi Kərimova Gülabatın Müseyib qızı cumhuriyyet.az-ın elektron poçtuna şikayət məktubu ilə müraciət edib. Kifayət qədər ciddi ittihamların yer aldığı həmin məktubu olduğu kimi diqqətinizə çatdırırıq:

"Azərbaycan Beynəlxalq Bankın Ucar filialının müdiri Tariyel Mustafayevin mənim pensiya kartımdan 1400 manat pulumu dələduzluq yolu ilə çıxarması faktı artıq təsdiqini tapmaqdadır. Bu barədə bir neçə gün əvvəl mətbuat vasitəsi ilə etdiyim müraciətimə cavab olaraq Beynəlxalq Bankın mətbuat xidmətindən verilən açıqlamada qeyd edildi ki, vətəndaş buna görə hüquq mühafizə orqanına müraciət etsin və ona məxsus pensiyanın bankomatdan çıxaran şəxsin foto robotla çəkilmiş şəkilləri həmin orqana təqdim edəcəyik. Mən Ucar Rayon Polis şöbəsinə şikayət ərizəsi ilə müraciət edtim.Şikayətimi Ucar RPŞ-nın müstəntiqi Rövşən Mirəliyev araşdırır. Ancaq ABB-nin Ucar filialının müdiri Tariyel Mustafayev cinayətin izini itirmək üçün mənim köhnə bankomat kartımı müstəntiqə təqdim etmir və kartı mənə verdiyini yalandan deyir. Bu adamın dələduzluqla mənə məxsus 1400 manat pensiya pulumu mənimsəməsini bilirdim və buna görə də mətbuat vasitəsi ilə müraciət edib qanunu tədbirlər görülməsini xahiş etmişdim. Tariyel Mustafayev öz dələduz əməlləri ilə məni də, Beynəlxalq Bankın rəhbərliyini də aldatmışdır.O,özünü alicənab adam kimi aparıb şəhid ailəsinə məxsus pulu mənimsəyib, indi də utanmadan, çəkinmədən yalan məlumatlar verməklə hamını aldadır. Bu boyda haqsızlıq olmaz, artıq, 2 aydır ki, bizi süründürməçiliyə məruz qoyub. Hələ bu dələduz Ucar bələdiyyəsinə seçilmək üçün namizədliyini də verib.
Qeyd edim ki, həyat yoldaşım 20 aprel 1994-cü il tarixdə Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Buna görə şəhid ailəsi olduğumuz üçün hər ay bizə qanunda nəzərdə tutulmuş qaydada 200 manat müavinət verilir. Həmin müavinəti Ucar rayonunun mərkəzində yerləşən Beynəlxalq Bankın Ucar filialından bankomatdan götürürdüm. Bu ilin may ayı tarixindən müavinətimi götürmədim ki, yığılsın ilin sonunda götürüb oğluma toy edərəm. Noyabr ayının əvvəlində məni Beynəlxalq Bankın Ucar rayon filialının müdiri Tariyel Niftəliyev çağırıb dedi ki, kodlar qarışıb, buna görə bankomat kartları dəyişdirilir, mənə ərizə yazdırdı və bankomat kartımı məndən aldı. 23 noyabr 2014-cü il tarixdə çağırıb mənə yeni kart verdi. Kartı bankomata salıb yoxladıqda məlum oldu ki. may ayından yığılmış 1400 manat pulumu çıxarıb götürüblər. Həmçinin yoxlayanda o da məlum oldu ki, həmin kartdır, heç bir kod dəyişikliyi olmayıb. Beynəlxalq Bankın Ucar filalının müdiri Tariyel Niftəliyev bildirdi ki, biz pul götürməmişik, hətta utanmadan həyasızcasına qışqırdı da.
Mətbuat vasitəsi ilə bu ayın əvvəlində müraciətim getdikdən sonra məsələyə öz münasibətini bildirən Beynəlxalq Bankın mətbuat xidmətinin rəhbəri öz əməkdaşının dələduz əməlinə haqq qazandırırdı. İndi buyurub bankomatdan pulumu çıxaranın foto robotla çəkilmiş şəkllərini və Tariyel Mustafayevdə olan köhnə kartımı şikayəti araşdıran polis müstəntiqinə təqdim etsinlər. Mən bu barədə həmçinin Prezident cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya, Baş Prokuror cənab Zakir Qaralova, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi cənab Kamran Əliyevə və digər aidiyyatı orqanlara şikayət ərizəsi ilə müraciət etmişəm. İnanıram ki. bu cinayət faktı obyektiv araşdırılıb qanunu tədbir görüləcək. Beynəlxalq Bankın Ucar filialının müdirinin bu hərəkətləri bizim ailəni çox sarsıtdı. Çünki biz boğazımızdan kəsib bu pulu toplamışdıq ki. şəhidin yeganə övladına toy edim ki, xoşbəxt olsun. Ancaq Tariyel Niftəliyevin fırıldaq əməli bizim ailənin arzusunu gözündə qoydu. Mənim həyat yoldaşım Sahib Kərimov vətən, torpaq uğrunda şəhid olub. Buna görə biz fəxr edirik. Vətənin başı sağ olsun. Ancaq şəhid ailəsinə qarşı edilən bu əməl özbaşınalıq, soyğunçuluq və quldurluqdur. Şəhid ruhuna edilən hörmətsizliyə göz yummaq özü də mənəviyyatsızlıq olar. Mətbuat vasitəsi ilə BB-nin rəhbərliyinə müraciət edirəm dələduz işşinizi müdafiə etməyin qanunun tərəfində olub mənim köhnə kartımı və foto robot tərəfindən çəkilmiş şəkilləri Ucar RPŞ-nin müstəntiqinə təqdim edin. Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya, Baş Prokurora, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisinə və digər aidiyatı orqan rəhbərlərinə müraciət edib xahiş edirəm bu cinayət faktını obyektiv araşdırıb ciddi tədbirlər görəsiniz. Şəhid ruhuna hörmətsizlik edən cinayətkarlar ən ağır cəza ilə cəzalandırılmalıdır."