backend

"Azərsu"nun milyonluq layihələri və göyə sovrulan vəsaitlər

"Azərsu"nun milyonluq layihələri və göyə sovrulan vəsaitlər


















Qorxmaz Hüseynov qanunları pozaraq özünə yaxın şirkətləri müxtəlif layihələrə cəlb edib; Sədr müavini İlqar Tağıyev "T.T.Ş İnşaat" şirkətinin vasitəsilə ilə görülən işlərdən nə qədər qazanıb?

"Azərsu" Açıq Səhmdar Cəmiyyətində (ASC) rəhbər dəyişikliyi baş verəndən sonra paytaxtın, ümumiyyətlə ölkə əhalisinin içməli su ilə bağlı müxtəlif problemləri meydana çıxdı. Qurumun sədri Qorxmaz Hüseynovun kadr islahatlarındakı bəzi addımları, o cümlədən bu sahədə aparılan layihələrin əksəriyyətinə öz yaxın adamlarını cəlb etməsi dövlət büdcəsinə külli miqdarda ziyanın vurulması ilə nəticələnib. Çoxları "Azərsu" rəhbərliyində baş tutan dəyişiklikdən müsbət nəticələr gözləsə də, Qorxmaz Hüseynov ona bəslənən ümidləri doğrulda bilmədi. Onun ASC-yə sədr təyin olunması ilə bərabər yeni-yeni problemlərin əsası qoyuldu. Qeyd edək ki, son üç il ərzində "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədrinin adı müxtəlif mənimsəmə hallarında çəkilir. Dövlət büdcəsindən qurumun bəzi layihələrinin həyata keçirilməsi məqsədilə ayrılan milyardların taleyi qaranlıq olaraq qalır. Yerli KİV-lərdə yayılan məlumatlardan aydın olur ki, Qorxmaz Hüseynov vəzifəyə təyin olunandan bu vaxta qədər əhalinin içməli su ilə təminatını yox, öz maliyyə imkanlarını yaxşılaşdırıb. Apardığımız araşdırmalardan sonra öyrəndik ki, "Azərsu" ASC-nin sifarişçisi olduğu layihələrin yetərli hissəsində qanun pozuntularına yol verilib. Qurumun su və kanalizasiya lahiyəsi çərçivəsində Dünya Bankı ilə bağlanmış müqavilələrə əsasən görülən işlərinə nəzarət edən Qorxmaz Hüseynovun xarici sərmayələr üzrə müavini İlqar Tağıyev bəzi əməllər törədib ki, bunun xeyrini həm özü, həm də ASC-nin sədri görüb. Belə ki, bu şəxs xarici sərmayələrə nəzarət etməklə bərabər həm də xarici şirkətlərin ölkəmizə gəlib iş görmələri ilə məşğuldur: "Qurumun bölgələrdə Dünya Bankı ilə razılaşdırılmış su və kanalizasiya lahiyəsini həyata keçirən əsas şirkət "T.T.Ş İnşaat servis"dir. Deyilənə görə, adıçəkilən şirkət Qorxmaz Hüseynova çox yaxındır. Bu şirkət son illər Azərbaycanın müxtəlif rayonlarında su və kanalizasiya layihələrini həyata keçirib. Məsələn, şirkət Qəbələ şəhərində "PWT Wasser-un Abwassertehnin" ilə birgə 64 milyon manatlıq, Beyləqan rayonunda "GMBH-CO.GH" şirkəti ilə 48 milyon manatlıq, Qusar, Xaçmaz, Xızı rayonlarında 17 milyon manatlıq layihəyələr görüb. Həyata keçirilən layihələrdə görülən işlər, həmçinin su və kanalizasiya layihəsinin smetasında qeyd olunan bəzi maddələr açıqcasına pozulub. Belə ki, layihəyə cəlb edilən fəhlələrə hər bir metr 150-lik borunun çəkilişi üçün 3 manat, 200-lik borunun çəkilişi üçün 5 manat, 300-lük borunun çəkilməsi üçün 8 manat, 400-lük borunun çəkilişi üçün 11 manat, 500-lük borunun çəkilişi üçün 13 manat ödənməli imiş. Amma "Azərsu" rəhbərliyi və "T.T.Ş İnşaat" şirkəti fəhlələrə ay ərzində 390 manat əmək haqqı verib. Bundan başqa şirkətin işçiləri ilə heç bir müqavilə bağlanmayıb və onlar muzdlu işçi kimi işləyiblər. Su və kanalizasiya işçiləri ilə rəsmi müqavilə bağlanmadığına görə minlərlə işçi hal-hazırda "Azərsu" ASC-nin layihələrində qeyri-rəsmi işləyirlər, bu işçilərin heç bir sığortası yoxdur. Halbuki, "Azərsu"nun layihələrini həyata keçirən "T.T.Ş İnşaat" şirkətinin Qəbələdə, Qusarda, Xaçmazda, Xızıda, İmişlidə, Yardımlıda və Beyləqanda gördüyü işlərdə 50-dən çox fəhlə torpaq uçqunu altında qalaraq xəsarət alıb. Amma bu fakta görə şirkətin rəhbərliyindən heç kim məsuliyyətə cəlb olunmayıb". Araşdırmalara görə, Qorxmaz Hüseynovun müavini İlqar Tağıyev həmçinin Göyçay şəhərində Türkiyə şirkəti "Alko İnşaat San və Tic.Aş"la 19 milyon manatlıq layihə həyata keçirib və bu işlərin dəyərindən 10 faizlik payını alıb: "O, Ağdaş rayonunda "Atinak Mü.İnş.San və Tic.A.Ş"ın həyata keçirdiyi 67 milyon manatlıq layihədən isə 25 faiz, "Çukurova-Su-İstilik Quraşdırma" birgə müəssisəsinin Naftalan şəhərində həyata keçirdiyi 24 milyon manatlıq layihədən də 10 faiz alıb. Təbii ki, bu layihələrdən silinən vəsaitlərin böyük hissəsi sədrin büdcəsinə yönəldilib". İşin ən maraqlı tərəfi "T.T.Ş İnşaat" şirkətinin arxasında kimin dayanması ilə bağlıdır. Əldə etdiyimiz məlumatlara görə, milyonluq tenderlərin qalibi olan şirkət Qorxmaz Hüseynovun qardaşı Məhəmməd Hüseynov və qaynı Namiq Cəbrayılov tərəfindən idarə olunur. Bundan başqa "Mühəndis Tikinti Layihə" MMC, "Azərsu Təchizat Tikinti" ASC, "Sənaye Tikinti-M" şirkətləri də Qorxmaz Hüseynovun qardaşı və qaynının nəzarəti altındadır. Hələ bu harasıdır. ASC sədri iri layihələrə digər yaxın qohumu- bacısı oğlu Yusifəli adlı şəxsi də cəlb edib. Adıçəkilən şəxs Hacıqabulda su və kanalizasiya sisteminin yenidən qurulması üçün "Azərsu" ASC-nin sifarişi ilə həyata keçirilən layihədə nəhəng korrupsiya hallarına şərait yaradıb. Bu barədə əldə etdiyimiz bilgilərə əsasən, layihənin icrasına Türkiyə şirkəti cəlb edilsə də, işin koordinasiyası "Azərsu" ASC-yə məxsus olub: "İşin gedişində boruların altına və üstünə dəniz sahilinin ətrafında olan ağ qumdan istifadə etmək lazım gəlib. Qorxmaz müəllimin bacısı oğlu Yusifəli bu işi öz üzərinə götürüb. Hacıqabul rayonunun Atbulaq kəndində Qalmaz adlanan ərazi var. Həmin ərazidə əslən Hacıqabul rayonunun Rəncbər kəndindən olan Əbil adlı şəxsin ağ qum karyeri fəaliyyət göstərir. Əbil Yusifəlinin kiçik müəssisəsinə bir yük maşın qumu 30 manatdan satır. Yusifəli isə sənədləşmədə həmin ağ qumun Hacıqabulun Atbulaq kəndindən deyil, Salyan rayonunun Xıdırlı kəndi ərazisindən daşıdığını yazdırır. Qumun uzaq məsafədən daşınmasını sənədləşdirmək pulun çox silinməsinə hesablanıb. Özü də qiymət bir neçə dəfə baha göstərilir. Sənəd üzərində guya gündəlik 100 maşın qumun daşınması əksini tapıb. Bu isə külli miqdarda vəsaitin mənimsənilməsi deməkdir". Beləcə, ASC sədrinin bacısı oğlu büdcəyə külli miqdarda ziyan vuraraq böyük qazanc əldə edib. Onu da diqqətinizə çatdırmaq istəyirik ki, 2012-ci il ərzində Lənkəran, Mingəçevir, Biləsuvar, Hacıqabul, İmişli, Kürdəmir, Qax, Quba, Şəmkir, Ucar və Zərdab rayonlarında su təchizatı və kanalizasiya sisteminin tikintisinə nə az, nə çox düz 250 milyon manat ayrılıb. Lakin həmin vəsaitin əsas hissəsinin Qorxmaz Hüseynovun yaxın adamları tərəfindən mənimsənildiyi deyilir. 2013-cü ildə isə ASC-yə təxminən, 1 milyard manata yaxın sərmayə yatırılıb. "Azərsu"yu sərmayələrin sürətlə artması Qorxmaz Hüseynovun maliyyə durumunu əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Bir məsələni xüsusi qeyd etmək lazımdır ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə "Azərsu" ASC-yə müvafiq sahədə təcrübəsi olan şirkətlərlə danışıqlar əsasında seçilən layihəçi və podratçı təşkilatlarla birbaşa müqavilə bağlamağa icazə verilib. "Satınalmalar haqqında" Qanunda isə göstərilir ki, 50 min manatdan yuxarı bütün işlər üçün tender elan olunmalıdır və tenderdə iştirak edən şirkətlərin ən azı 3 il iş təcrübəsi olmalıdır. Maraqlısı isə odur ki, Qorxmaz Hüseynovun tenderlərə cəlb etdiyi şirkətlərin bir çoxu son illərdə yaradılıb. Yəni onların 3 il iş təcrübəsi yoxdur. Bu isə o deməkdir ki, ASC rəhbəri müvafiq qanunvericiliyin tələblərini pozaraq özünə yaxın olan şirkətləri tenderlərin qalibi edib ki, bunun vasitəsilə külli miqdarda vəsait göyə sovrulub. Qorxmaz Hüseynovun 2011-ci ildən etibarən həyata keçirdiyi qanunsuz işlərin siyahısını bir az da uzatmaq olar. Fikrimizcə, bu faktların araşdırılması ASC sədrinin karyerasının sonunu gətirə bilər. Bir sözlə, Qorxmaz müəllimin karyerası tükdən asılıdır. Tam əminliklə söyləyə bilərik ki, ARDNŞ-in keçmiş vitse-prezidenti ölkə rəhbərliyinin etimadını doğrulda bilmədi. Çox güman ki, yuxarı instansiyaların rəhbərləri Qorxmaz Hüseynovun adının çəkildiyi korrupsiya məsələlərini araşdırıb büdcə vəsaitlərinə qənim kəsilən şəxslərin barəsində lazımi tədbirlər görəcək.