backend

Qurban Qurbanov mükafatlandırıldı - Foto

Qurban Qurbanov mükafatlandırıldı - Foto





















Bu gün İdman Araşdırmalar Mərkəzi (İAM) "İlin qalibləri” layihəsinin yekunları ilə əlaqədar mükafatlandırma mərasimi keçirib

Report.az-ın informasiya dəstəyi ilə "Demirchi Tower”də təşkil olunan tədbirdə Gənclər və İdman Nazirliyi, məşqçilər və idman ictimaiyyətinin digər nümayəndələri iştirak edib.

Mərasimi açan İAM-ın sədri Elşən Məmmədov ardıcıl 2-ci ildir həyata keçirilən İlin Qalibləri layihəsinin idman jurnalistləri arasında müxtəlif nominasiyalar üzrə aparılan sorğunun qaliblərinin mükafatlandırmasını nəzərdə tutduğunu bildirib. O, ötən ilin sonlarında 7 nominasiya üzrə qaliblərin 34 KİV-in idman yazarları arasındakı sorğu nəticəsində mükafatlandırıldığını xatırladıb. E.Məmmədov 2014-cü ildə Azərbaycanın idman həyatının yüksək nailiyyətlərlə zəngin olduğunu, ötən illə müqayisədə qazanılan medalların sayının artdığını, idman infrastrukturunun daha da möhkəmlənməsi istiqamətində zəruri addımların atıldığını vurğulayıb: "Təvazökarlıqdan uzaq olsa da, qeyd etməliyik ki, bu il heç bir qurum bu qədər nominasiya üzrə və belə çoxsaylı respondent arasında qaliblərin seçimi məqsədilə sorğu aparmayıb, onları mükafatlandırmayıb. Verilən qiymətlər arasında ən diqqətçəkəni isə təbii ki, “Qarabağ”la bağlıdır. Futbol üzrə Avropa Liqasının qrup mərhələsində Azərbaycanı uğurla təmsil edən, hakimlərin kobud səhvi nəticəsində mübarizəni dayandırmalarına rəğmən, komandanın rəhbərliyindən tutmuş futbolçularınadək ən yüksək qiymətə layiq görülüblər. Eyni zamanda ölkəmizin bayrağını qaldıran, himnini səsləndirən idmançılarımız, idman sahəsindəki çoxşaxəli fəaliyyəti ilə seçilən idman xadimlərimiz, eləcə də idmandakı prosesləri izləyən, işıqlandıran və təhlil edən həmkarlarımızın əməyi də dəyərləndirilib. Bu il həm də “Bakı-2015” I Avropa Oyunları və 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına hazırlıq dövrü olub. Gələn il isə daha məsuliyyətli və daha şərəfli səhifə açılacaq. Biz də bir idman jurnalisti, idmanla bağlı təşkilat, ən əsası, bir vətəndaş olaraq, Azərbaycanın dünyada idman ölkəsi kimi tanınması istiqamətində yenə əlimizdən gələni edəcəyik".

Daha sonra tədbirin aparıcısı Sənan Şəfizadə qaliblərin adlarını açıqlayıb. İlk olaraq 41 idman yazarının iştirak etdiyi sorğuda İlin idman xadimi adına 15 səslə Gənclər və İdman Naziri Azad Rəhimovun layiq görüldüyü bildirilib. A.Rəhimovun mükafatı bu gün "Buta Palace"də təşkil olunan tədbirdə özünə təqdim ediləcək.
"Qarabağ" klubunun futbolçusu Qara Qarayev ilin yerli futbolçusu seçilib. Gənc futbolçuya bu mükafatı Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov təqdim edib. Q.Qarayev çıxışında onu bu ada layiq görənlərə təşəkkürünü bildirib: "Həyatımda iki mükafatın xüsusi yeri var. Biri "Qarabağ"ın heyətində çempion olmağım, biri də jurnalistlərin təqdim etdiyi bu mükafat. Həqiqətən bu, məni çox sevindirdi. Çünki medianın tənqidləri bizə ayılmağı, xatırlamağı göstərir. Komanda qalib gəlsə də, məğlub olsa da, oyundan sonra jurnalistlərə hər hansı fikir bildirməmək onlar üçün hörmətsizlik olardı. Çünki jurnalistlər 90 dəqiqə meydanda bizi izləyir. Hər kəsə təşəkkür edirəm".

İlin ən yaxşı azarkeşi adını isə İlqar Həmzəyev qazanıb. Ona bu mükafatı Peşəkar Futbol Liqasının (PFL) İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev təqdim edib. Mükafatçı çıxışında ilin azarkeşi seçildiyi üçün hər kəsə təşəkkürünü bildirib. O, hər zaman mətbuatda tribuna verildiyi üçün jurnalistlərə "çox sağ ol" deyib.

İlin azarkeşindən sonra ilin idman jurnalisti mükafatının sahibinin kimliyinə aydınlıq gəlib. "Komanda.az" saytının redaktoru Natiq Muxtarlı 41 mümkün səsdən 5-ni toplayıb. Məşqçilər Komitəsiniin üzvü Şahin Diniyev mükafatı sahibinə təqdim edib. N.Muxtarlı sevincini bu cür bildirib: "Azərbaycan idman mətbuatı futbolumuzun cəfasını çəkir. Bu gün mənim üçün şərəfdir ki, cəfa çəkənlərin etimadını qazanmışam. Hər kəsə minnətdarlığımı bildirirəm. Sizin mükafatınızı almaq mənim üçün şərəfdir. Azərbaycan idman mətbuatında belə mükafatlandırma tədbirlərinin keçirilməsi təqdirəlayiq haldır. Bu, həm də idmanın təbliğatı baxımından müsbət addım, hər kəs üçün stimuldur".

İlin mətbuat katibi mükafatı isə "Qarabağ" klubunda çalışan Nurlan İbrahimova qismət olub. O, 41 idman jurnalistinin 17-nin etimadını qazanıb. N.İbrahimov mükafatını Azərbaycan milli komandasının baş məşqçi köməkçisi Mahmud Qurbanovdan alıb. O, jurnalistlərə təşəkkür edib.

Ən yaxşı legioner futbolçu adını isə "Qarabağ"ın braziliyalı futbolçusu Riçard Almeyda qazanıb. Almeyda vətənində olduğundan, mükafat komandanın vitse-kapitanı Namiq Yusifova Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev tərəfindən verilib. N.Yusifov bundan başqa ən yaxşı komanda titulunu alan "Qarabağ"ın da mükafatını qəbul edib. Şakir Qəribov simvolik kubokun təqdimatını həyata keçirib. Futbolçu açıqlamasında maraqlı məqama toxunub. O, "Qarabağ"ın Avropa Liqasının 1/16 final mərhələsinə çıxmaq üçün hələ də şanslarının olduğunu söyləyib: "Komandanın adından bu mükafatın alınması qürurvericidir. Bunun üçün hər kəsə təşəkkürümü bildirirəm. Ancaq bilirəm ki, hamı fevralın 5-ni gözləyir. Ayın 5-də çıxan qərardan asılı olaraq bizim Avroliqada yolumuza davam edib-etməyəcəyimizə aydınlıq gələcək".

İlin ən yaxşı baş məşqçisi nominasiyasında mükafata "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov sahib çıxıb. 41 idman jurnalisltərinin hamısı Q.Qurbanovu bu ada layiq bilib. Ona mükafatı Məşqçilər Komitəsinin daha bir üzvü Ağasəlim Mircavadov təqdim edib. "Qarabağ"ın baş məşqçisi bunları dilə gətirib: "Mən çox şadam ki, sizin etimadınızı qazanmışam. İnşallah, qarşıda bizi daha çox uğurlar gözləyir. Bütün idman ictimaiyyətinə bizi dəstəklədiyi üçün təşəkkür edirəm".

Çıxışdan sonra "Neftçi" klubunun sabiq baş məşqçisi, Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev fikirlərini bildirib. O, "Qarabağ"ı Avropa Liqasının qrup mərhələsində oynadığını və 1/16 finalın bir addımlığında haqsızlıqla üzləşərək turniri tərk etdiyini xatırladaraq komandaya, təşəkkür edib. B.Hacıyev əvvəl özünün başçılığı ilə "Neftçi"nin, daha sonra "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində çıxış etdiyini bildirərək, uğurlu nailiyyətləri yerli məşqçilərə aid olduğunu söyləyib və "Qarabağ"a uğurlar arzulayıb.

Eyni zamanda tədbirdə Q.Qurbanova sürpriz hədiyyə də təqdim olunub. Peşəkar boks üzrə bir sıra kəmərlərin sahibi Fariz Məmmədov üzərində "Mütləq Qalib" yazılan xüsusi kəməri 42 yaşlı mütəxəssisə təqdim edib. Bundan sonra AİM-in sədri, məşqçilər və Fariz Məmmədov bir arada xatirə şəkli çəkdirib.

Nəhayət, ilin idmançısını mükafatlandırmaq üçün sərbəst güləş üzrə dünya və Avropa çempionu Hacı Əliyev səhnəyə dəvət olunub. Güləşçinin mükafatını Gənclər və İdman Nazirinin müavini İsmayıl İsmayılov təqdim edib. Nazir müavini idmançını təbrik edib, ona gələcək karyerasında uğurlar arzulayıb. Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov isə idman ictimaiyyətinin bu cür seçimindən qürur duyduğunu söyləyib. Ə.Cəfərov idman jurnalistlərinə 2016-cı ildə Rio-de-Janeyro Yay Olimpiya Oyunlarından qazanılan medallar haqda xəbərləri ictimaiyyətə çatdırmağı arzulayıb.

Sonda İAM-ın sədri E.Məmmədovun qonaqlar və mükafatçılara minnətdarlığını bildirib.

Qurban Qurbanov mükafatlandırıldı - Foto

Qurban Qurbanov mükafatlandırıldı - Foto