backend

Prezident fərmanından sonra bankların kredit faizləri azalacaqmı?

Prezident fərmanından sonra bankların kredit faizləri azalacaqmı?
















Vüqar Bayramov: "Mərkəzi Bankın kredit faizləri ilə bağlı rəsmi rəqəmləri inandırıcı və reallığa uyğun deyil”

Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” qanunun tətbiqi barədə fərmanının 11-ci maddəsində Mərkəzi Bankın kredit faizlərinin aşağı salınması ilə bağlı tədbirlər həyata keçirməli və hər 6 aydan bir prezidentə hesabat verməlidir.
"Yeni Müsavat”ın suallarını cavablandıran iqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, bank kreditlərinin faiz dərəcələri ilə bağlı, eyni zamanda bankların real sektoru maliyyələşdirməməsi ilə bağlı dəfələrlə ölkə başçısı səviyyəsində tapşırıqlar verilib, bu gün də buna zərurət var: "Mərkəzi Bankın uçot dərəcələri ilə bankların faiz dərəcələri arasında kəskin fərq var. Belə bir fərqin olmasının iqtisadi baxımdan izahı yoxdur. Mərkəzi Bankın kreditlərin faiz dərəcələrinin yüksək olması ilə bağlı arqumenti ondan ibarətdir ki, əmanətlər üzrə də faiz dərəcəsi yüksəkdir, bankların sərf etdiyi maliyyə bahalıdır, eyni zamanda iqtisadiyyatın mənfəət norması yüksəkdir. Bu səbəbdən bankların faiz dərəcələri də yüksəkdir”.
Ekspertin sözlərinə görə, Avropa ölkələrində bazarın tənzimlədiyi kredit faizləri 3-5 faiz arasında dəyişirsə, Azərbaycanda bu sahənin bazar vasitəsilə tənzimləndiyini iddia etmək düzgün olmaz: "Mərkəzi Bankdan deyirlər ki, kredit faizlərini Mərkəzi Bank yox, bazar tənzimləməlidir. Bu təbii ki, sual yaradır. Bu gün kredit faizləri Azərbaycanla müqayisədə dəfələrlə ucuz olan, 3-5 faiz intervalında dəyişən ABŞ və Avropa ölkələrində faizləri bazar tənzimləmirmi? Həmin ölkələrdə niyə kredit faizləri bizdəki qədər yüksək deyil?”.
V. Bayramovun fikrincə, kredit faizlərinin yüksək olmasının səbəbi odur ki, Mərkəzi Bankın bazarı tənzimləmə metodları zəifdir: "Mərkəzi Bankın faizlərinin yüksək olması gözləniləndir. Təbii ki bazar faktoru da var. Ancaq bu yeganə faktor deyil. Digər bir səbəb isə odur ki, bank sektoru leqallaşmayıb, bazarda rəqabət zəifdir”.
Ekspert vəziyyətdən çıxış yolu kimi, Mərkəzi Bankın baş bank rolunu oynamasını və bütün banklara nəzarət etməsini, eyni zamanda onların fəaliyyətində maraqlı olmasını məqsədəuyğun hesab edir: "Bank sektorunun leqallaşmasına və rəqabətin artırılmasına, komisyon haqları ilə bağlı da xidmətlərin ucuzlaşmasına ehtiyac var. Kommersiya banklarının mərkəzləşmiş resurslara çıxış imkanları genişləndirilməlidir, şəffaflıq artırılmalıdır.
Ölkə prezidenti tərəfindən bunun büdcə qanunvericiliyinə daxil edilməsi də ondan xəbər verir ki, vəziyyət heç də ürəkaçan deyil. Bu həm də ondan xəbər verir ki, Mərkəzi Bankın kredit faizlərinin aşağı salınması ilə bağlı alətləri var, ancaq bunda maraqlı deyil”.
Ümid edək ki, prezidentin fərmanından sonra, Azərbaycanda kredit faizləri aşağı salınacaq və əhali Avropada olduğu kimi 3-5%-li olmasa da, 13-15%-li kredit ala biləcəklər.