backend

Günel: Bakı dəyişib, amma adamlar yox

Günel: Bakı dəyişib, amma adamlar yox






















“Əcnəbiyə ərə getmərəm”

Bir zamanlar Azərbaycanda ən məşhur aparıcı olan Günel Musəvi axsam.az-a müsahibə verib.

qaynarxett.az xəbər verir ki, müsahibəsində Günel Azərbaycanı nə üçün tərk etdiyindən danışıb:

“Ailəm Amerikaya köçüb: atam, anam, bacım və iki qardaşım. Burada yalnız bir qardaşım qalıb. Mən də özümü Bakıda tənha hiss etdim və onların yanına getdim. Buralar üçün darıxıram. Vətənin yerini heç nə vermir. Mən çalışıram bu vəziyyətə başqa cür yanaşım: məsələn, qız gəlin köçür və hərdən ana evinə gedir. Özümü belə bir halda təsəvvür edirəm. Burada mənə çətin idi. Ailəm olmadan sanki boşluqdaydım. Mənim üçün Vətən elə ailənin olduğu yerdir”.

Günel həmçinin azərbaycanlı aparıcılardan da şikayətlənib:

“Aparıcılarımız çox məlumatsızdırlar, öz üzərlərində işləmirlər. Üzərində işləmək manikür-pedikür, daim brend arxasınca qaçmaq yox, kitablar oxumaq, xəbər bazasını genişləndirməkdir. Peşəkar, dilotu yeyib, çox danışandır? Yoxsa, lazımi məlumatı qısa, anlaşılan formada verən? Azərbaycan aparıcıları arasında bunu ayırd edə bilmirəm. Bizdə peşəkarlar çox azdır. Bəzi kanallarda böyük layihələr yayımlanır. Amma çəkiliş prosesi, işə münasibət, davranış qaydaları, bir sözlə, mətbəx olduğu kimi qalıb. İnkişaf etmək üçün xaricə getmək, təcrübə toplamaq lazımdır”.

Günel Bakının dəyişib-dəyişmədiyi barədə sualı isə belə cavablandırıb:

“Dekorasiya baxımından bəli. Bakı olduqca gözəldir. Hətta dünyanın ən möhtəşəm şəhərləri siyahısına daxil ola bilər. Amma cəmiyyət necə var idisə, elə də qalıb”.

Aparıcı deyir ki, ailə qurmağı düşünür:

“Namizədlər həmişə olub. Mənim bir xasiyyətim var. Hər şeyə ürəkdən yanaşıram. Evlilik də ciddi addımdır. Ailə həyatı mənə status üçün lazım deyil. Adət-ənənələr, “30 yaşın oldu evdə qaldın”, “mütləq ərə getməlisən” kimi düşüncələr məni narahat etmir. Mən anamın, başqalarının istəyinə görə ailə qurmuram. Elə insanla birlikdə olmalıyam ki, ona özümü bəxş edə bilim. Həyatımla oyuncaq oynayan deyiləm ki...

Mənim missiyam kiminsə arzusunu yox, öz ürəyimin istəyini yerinə yetirməkdir. Sevdiyim insanla ailə həyatı qurmaq istəyirəm. Əgər belə biri olsa, onunla hətta Afrikanın kəndində belə yaşayaram. Əcnəbiyə ərə getmərəm. Məni öz həmyerlilərim cəlb edir. Bir vaxtlar sevdiyim olub, amma mənimlə evlənmədi. Amerikada yaşayan azərbaycanlı idi. Ailəsi buna razı olmadı”.