backend

23 saylı TSEK-də köhnə problemlər

23 saylı TSEK-də köhnə problemlər












Yaşar Allahverdiyev sələfinə şükür oxutdurur

Artıq dəfələrlə qeyd olunduğu kimi, bu gün əhalinin sosial müdafiəsi sahəsində əsaslı islahatlara böyük ehtiyac var. Xüsusilə son vaxtlar bölgələrdə fəaliyyət göstərən bəzi Tibbi-Sosial Ekspert Komissiyalarının yarıtmaz fəaliyyəti ilə bağlı bu qurumların xidmətlərindən istifadə edən əlil və xəstə vətəndaşların narazılıqları ictimaiyyətin, o cümlədən kütləvi informasiya vasitələrinin diqqətini getdikcə daha çox cəlb edir. Bu mövzuda vətəndaşların aidiyyatı olan qurumlara ünvanladıqları çoxsaylı şikayət ərizələrində TSEK rəhbərlərinin törətdikləri müxtəlif özbaşınalıqlara və ciddi qanun pozuntularına, yol verilən çeşidli korrupsiya hallarına dair ətraflı məlumatlar təqdim olunur. O cümlədən Mingəçevirdə fəaliyyət göstərən Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) yarıtmaz fəaliyyəti yerli sakinləri və ilk növbədə əlil və xəstə vətəndaşları son dərəcə narahat edir. Bu vətəndaşlardan bəzilərinin qəzetimizə ünvanladıqları şikayət ərizələrində TSEK rəhbərliyinin yol verdiyi müxtəlif özbaşınalıqlar və ciddi qanun pozuntularına dair açıqlamalar təqdim olunur. Qeyd etmək lazımdır ki, 23 saylı Mingəçevir-Yevlax Tibbi Sosial Ekspert Komissiyasının sədri Yaşar Allahverdiyev bu vəzifəyə cəmi altı aydır ki, təyin olunub. Bundan əvvəl isə Y.Allahverdiyev Mingəçevir Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi vəzifəsində işləyib. Lakin TSEK-də yeni fəaliyyət göstərməsinə rəğmən Yaşar Allahverdiyev artıq bir çox vətəndaşların narazılıqlarına səbəb ola bilib. Bu xüsusda redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, 23 saylı TSEK-də əlillik dərəcələrinin müəyyənləşdirilməsi işində çox ciddi nöqsanlar var və elə bunun nəticəsidir ki, saxta əlillik dərəcələrinin sayı durmadan artır. Qeyd edək ki, son vaxtlar bir çox mətbuat səhifələrində 23 saylı TSEK-in keçmiş sədrinin də eyni tərkibli qanunsuz əməllərindən bəhs edən tənqidi materiallar dərc olununurdu. Belə materiallardan əksəriyyətində bildirilirdi ki, Mingəçevir-Yevlax 23 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən vətəndaşlara əsassız olaraq əlillik dərəcələrinin verilməsinə dair konkret faktlar mövcuddur. Belə görünür ki, Yaşar Allahverdiyev bu istiqamətdə TSEK-in fəaliyyətində heç bir dəyişiklik etmək niyyətində deyil. Ümumiyyətlə isə bu tibb müəddidədinin yarıtmaz fəaliyyəti mütəmadi olaraq rayon sakinlərinin narazılıqlarını doğurmaqdadır. Aldığımız məlumatlarda da qeyd olunur ki, 23 saylı TSEK-in əməkdaşları bir çox hallarda əmək qabiliyyətini itirən şəxslər barəsində əlillik dərəcəsinin təyin edilməsində süründürməçiliyə yol verirlər. Hər dəfə bir bəhanə ilə əlillik dərəcəsi almaq istəyən şəxslərin tələbləri yerinə yetirilmir. Bunun müqabillində isə məlumatlarda 23 saylı TSEK-də vətəndaşlardan əlillik dərəcələrinin verilməsi üçün külli miqdarda rüşvət istənildiyi bildirilir. Qeyd olunur ki, I qrup əlillik dərəcəsi almaq üçün minimum 1000 manat, II qrup üçün 600-700 manat, III qrup üçün isə 400 manat rüşvət tələb olunur. Həmçinin əlavə edilir ki, pulu olmayan və fiziki qüsurlu şəxslərin əlillik dərəcəsinin verilməsi prosesi həyata keçirilmir. Ümumiyyətlə son vaxtlar bölgələrdə fəaliyyət göstərən Tibbi-Sosial Ekspert Komissiyalarının yarıtmaz fəaliyyəti ilə bağlı vətəndaşların aidiyyatı olan qurumlara ünvanladıqları şikayət ərizələrində bir say artımı müşahidə olunmaqdadır. Bunu nəzərə alaraq ehtimal etmək olar ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu sahədə həyata keçiriləcək islahatlar, strukturun məhz Yaşar Allahverdiyev kimi kadrlardan “təmizlənməsini” də nəzərdə tutur. Əks halda isə islahatlar paketi heç bir müsbət nəticəyə səbəb ola bilməyəcək.