backend

Dəvənin boynu düzələndə İnsallah! Yollarımız da düzələcəkdir

Dəvənin boynu düzələndə İnsallah! Yollarımız da düzələcəkdir
























Eşidəndə ki, bizim yollarımız hamısı tam abad olaraq, düzələcəkdir, hamı kimi biz də bu şad xəbərə sevindik və şad olduq

Sonradan yolların bərpası ilə maraqlandıq və bizə məlum oldu ki,... Çox-çox təəs-süflər olsun. Bizim aldığımız bu və digər məlumatlar heç də binəva xalqın ürəyincə olmasa da, amma, bu xəbərləri bütün təəssüratı ilə xalqa çatdırmağı özümüzə bir məmləkət vətəndaşı kimi vacib borc bildik. Aldığımız məlumatlara əsasən məmləkətimizdə həm qurudan, həm də dənizdən neft çıxdığından əcnəbilər bizim məmləkətimizdə istifadə olunan neft məhsullarının “əsas gülünü” alıb öz məmləkətlarinə aparır və orada öz xalqlarına olan vətəndaşlıq borclarını həyata keçirirlər. Elə, bizim bitumumuzu da həmçinin alaraq özlərinə yol çəkmək üçün istifadə edirlər. Bəs, belə olduğu halda görəsən, nə üçün onların yolları daim hamar və keyfiyyətli olur, lakin bizim yollarımız isə, .... o məsələ. Yəni, bizim yollardakı bu acınacaqlı vəziyyətin aradan qaldırılması üçün nə vaxtsa bir şans varmı? Əsla, belə davam edərsə,... İnşallah! Dəvənin boynu düzələndə bizim də yollarımızın düzəlməsinə bir balaca şans yaranacaqdır. Çünki, bu əcnəbilərin apardıqları geniş tədqiqatlar nəticəsində onlara məlum olub ki, bizim dənizdən çıxan neftin tərkibində eyni zamanda parafin deyilən maddə mövcuddur ki, bu maddənin bir hissəsi bizim bitumumuza qarışır. Həmin bu zəhrimara qalmış bitumu parafindən tamamilə ayırmaq heç cür mümkün deyildirki, deyildir. Bu insafsız parafin də bizim bitumumuzun yapışqanlıq keyfiyyətini tamamilə azaldır. Ona görə də bu insafsız əcnəbilər də bizim bu dənizdən çıxan bitumumuzu öz yollarını bərpa etmək üçün heç cür almaq və aparmaq istəmədikləri üçün, bizim məmləkətimizin başbilənləri də məcbur olub, həmin əcnəbi müştərilərimizə qurudan çıxan neftimizin bitumunu satmağa razılıq verirlər. Məhz elə buna görə də, bizim başbilənlərimiz məcburiyyət qarşısında qalaraq, büdcəmizdəki pulu rahatlıqla silmək üçün həmin parafinlə qatışıq olan bitumdan öz yollarımızı guya bərpa etməyə istifadə edirlər. El arasında millət də deyir ki, guya Ziya müəllim bizim yollarımızı düzəldəcəkdir. Daha demirlər ki, Ziya müəllim yollarımızı qaza-qaza bizim ömrümüzü, günüzü də qazmaq ilə məşğuldur. Əgər o belə etməsə idi, təbiidir ki, onun oğlu Hacıbala müəllimin oğlu ilə birləşərək, Kəmaləddin müəllimin ayısını yeməzdilər. Ona görə də biz bu Ziya müəllimi düzgün başa düşməyə borcluyuq. Cünki, Ziya müəllim yolların təmiri adıyla büdcədəki pulları silməsə, onun gülməşəkər oğlu, Hacıbala müəllimin dəymədüşər oğluyla ayı ətinə həsəd apara bilərdilər.Odur ki, bu kişidən heç cür narazı qalmağa bizim haqqımız yoxdur. Kişi həm özü üçün çalışır, hən də başqaları üçün. O ki qaldı, yollarımızın düzəlməyi söhbətinə, buna heç də narahat olmağına dəyməz. Çünki, dəvənin boynunun düzəlməyinə İnşallah! Lap az qalıb. Həmin dəvənin boynu düzələn kimi, bizim də yollarımız büsbütün düzələcəkdir. İstəkli oxucular. Yolların düzəlməsi məsələsinə heç vaxt tələsməyin. Şəhər yollarını büsbütün qazıb, doldurandan sonra, kənd yollarınin da bərpasına, yəni kənd yollarını da guya düzəltmək adıyla qazıb ı bir az da xarabalığa oxşar əcaib bir şeyə çevirməyə başlayacaqlar. İnşallah!!!!!

Baloğlan Mirzəli