backend

Molla Cümə - 160. Kimdir, Molla Cümə?

Molla Cümə - 160. Kimdir, Molla Cümə?



















Əvvəli burada qaynarxett.az

Molla Cümə qüdrətli söz ustadıdır


Hörmətli oxucular mən bu gün sizə Molla Cümədən bir məhəbbət şeri paylaşacağam. Bu müxəmməsi oxuyandan sonra insan deməyə söz tapmır. Yəni gözəli belə tərif etmək, axıcılıq, şirinlik, canlı portret gözəlliyi oxucunu vəcdə gətirir. Aşıq bir qitədə dörd dəfə şerin şəklini dəyişdirir. Eyni qitədə bir hissədən o birisinə elə ustalıqla keçir ki, oxucu onun sənətkarlığına heyran qalır. Bu cür sənətkarlıq xüsusiyyətlərinə görə aşıqlar Molla Cüməni "müxəmməsin atası" adlandırmışlar.

"Pəri"

(müxəmməs)


Nagahan gördü gözüm
Sən təki insanı, Pəri.
Hurisən, Məlakə sən,
Cənnətin qılmanı, Pəri.
Yaralar məlhəmisən,
Dərdlərin dərmanı, Pəri.
Gözəllər sərdarısan,
Məhbubların xanı, Pəri.
Şah kimi taxta çıxıb,
Edərsən divanı, Pəri.
Divanına gələrəm,
İzzət, ikram qılaram,
Xidmətində qalaram,
Qul-qurbanın olaram,
Əgər qəbul eləsən,
Qolum boynuna salaram.
Qolum boynunda,
Əlim qoynunda,
Çiynim çiynində,
Eşqin beynimdə.
Sarmaşıb köynək kimi
Durum sənin əynində.
Əyninə al məni, gəl,
Qat bu cana canı, Pəri!

***
Gəl qataq canı cana,
Xatirimə dəyməginən.
Sındırıb şad könlümü,
Dal qəddimi əyməginən.
Gəlmişəm ayağına,
Naz-qəmzəni öyməginən.
Sevərsən bir Tanrını,
Mən yazığa qıymaginən.
Ver mənim muradımı,
Qiyamətə qoymaginən!
Qiyamətdir qaşların,
Güləbatın saçların,
İnci, mərcan dişlərin,
Xub fincandır döşlərin,
Bu biçarə başıma
Çox ağırdır daşların.
Ağır daş atma,
Nazını satma,
İşi uzatma,
Xalqı oyatma,
Qanıma bais olub
Babala batma.
İki dostun arasına
Salmaginən qanı, Pəri!

***
Qan salma aralığa,
Çün eşqimə pərvanəsən,
Bəxtəvər yaranmısan,
Bu dünyada bir danəsən,
Sərraflar qədrin bilir
Cəvahirsən, dürdanəsən.
Xoş qılıq, xoş ixtilat,
Açıq qabaq-mərdanəsən.
Alu-əlvan hənalayıb,
Tök tellərin gərdənə sən.
Gərdən göyçək, tel nazik,
Qucmaq üçün bel nazik,
Barmaq şümşad, əl nazik,
Xoş danışan dil nazik,
Çox qəmlidir ürəyim,
Bircə danış, gül nazik.
Nazik uşaqsan,
Kağızdan ağsan,
Ağca buxaqsan,
Qaymaqdodaqsan.
Maşallah, göz dəyməsin,
Əcəb yumşaqsan.
Bircə gecə eylə qonaq,
Sevindir mehmanı, Pəri!


***
Mehmanınam gəldim sana,
Eylə qonaq, al qoynuna.
Götürüb qucağına,
Tifil kimi sal qoynuna.
Mirzəyev tüccar kimi
Doldurmusan mal qoynuna.
Yerbəyer müştərilər
Eyləyiblər yol qoynuna.
Müştəriyəm boyuna,
O gözəlcə xoyuna,
Ətrü-ənbər buyuna,
Edən haqqu sayına,
Dərdlərə dərman olan
Abi-kövsər çayına.
Çayın popuxdur,
Rəngidə şuxdur,
Suyun soyuqdur,
Yaza yovuqdur,
Kipriyin oxdur.
Gəzsələr cəm dünyanı
Heç tayın yoxdur.
Kim olar barabarın
Sənsən Kərəm kanı, Pəri?!


***
Yəqin bil, kərəm kanı,
Mən yanıram atəşinə!
Beqafil gəldim bu gün
Düşdüm betər savaşına.
Mayılam camalına,
Həm gözünə, həm qaşına.
Yıxılım ayağına,
Durub dolanıb başına.
Həm sənə qurban olum
Həm də sənin yoldaşına.
Yoldaşın pərvazdı, gəlin!
Xub yerişin qazdı, gəlin,
Bu necə əndazdı, gəlin,
Baxışın şahbazdı, gəlin!
Doğmusan şəmsü-qəmər,
Gül didarın yazdı, gəlin.
Ey bahar, yazım,
Durna avazım,
Əlimdə sazım,
Eşit niyazım,
Aç qolunu, qucaqlaşaq,
Demək nə lazım.
Oynatsın Molla Cümə
Şamamatək səni, Pəri!


Deyildiyinə görə , Molla Cümə əsasən əkinçiliklə məşğul olmuşdur. Qızı Reyhan xanımın dediyinə görə ölüncə onun əlindən oraq düşməmişdir. Ehtimal ki, Cümənin kiçik sahədən ibarət torpağı olmuş, buranı özü, öz arvadı ilə birlikdə əkib becərmiş və ömrünün sonunadək halal zəhmətiylə yaşamışdır. Aşığın gəlib bizə çatan "Arvad" vä "Sərçələr" adlı iki şeri fikrimizə əyani sübutdur.

"Sərçələr" şerində deyilir;

Fəqir dostum cəfa çəkib əkibdir,
Kərim dostum toxumunu tökübdür,
Nə zülümünən alağını çəkibdir,
Ayaqyalın Reyhan qarı sərçələr!

Molla Cümənin "Ay arvad" rədifli şerinə nəzər salaq. Şer aşığın dilindən arvadına müraciətlə söylənmişdir:

Ağyazıda taxılımız zay ola,
Indən belə kəsəyənlər bay ola,
Inanmıram çəltikdən də pay ola...

" Üç ildir ki, yarımçıqdır xanamız"-deyən aşıq evini tikib qurtarmağa imkanı olmadığından, güzaranının ağır keçməsindən şikayətlənir:

Soruşursan neçə-neçə halım var,
Ev tikəsi nə ustaya pulum var,
Quyruğu yox, dişləri yox kəlim var,
Nagah ölsə evim yıxdı, ay arvad.


Ulu söz sərrafı həmin şerin başqa bir bəndində o zaman qoyulan ağır vergilərdən təngə gəldiyini bildirir:

Məşədilərin üstümüzdə borcu var,
Saldat pulu, bir də Mirzə xərci var,
Iki koxa, otuz manat töycü var,
Az deyirəm ,hələ çoxdu ,ay arvad.


Aşığın arvadına müraciətlə söylədiyi bu şer, o zaman ehtiyac içərisində yaşayan ümumi xalqın dərdi idi. Molla Cümə çar məmurları və yerli zülümkarlardan yaxa qurtarmaq üçün arvadına xitab etməklə xüsusi bir metod işlətmiş , məsələyə sadəcə evə, ailəyə mäxsus bir don geydirmişdir. Ancaq diqqət etdikdə aşığın etirazının xalqın şikayətilə birləşdiyinin şahidi oluruq:

Mən Cüməyəm, bir murada irmədim,
Ha ki, cəfa çəkdim səfa sürmədim,
Bu dünyada yaxşı bir gün görmədim,
Haqqın dərgahında bədbəxt qul oldum.


O, əzabların və xoşbəxtliyin səbəbini bu dünyada gözəl şəkildə araşdırır və zəmanəsində baş verən haqsızlıqlardan şikayətlənir:

Çoxlarına tər bənövşə iylədir,
Çoxlarını gecə-gündüz göynədir,
Çoxlarını dırnaq üstə oynadır,
Çoxlarına danbır çalan dünyadır.
Molla Cümə, sənin kimi aşığı,
Kəmənd ilə çəkən dara dünyadır.


Səciyyəvidir, klassik aşıq yaradıcılığında kama yetməzlik , butasına , sevgilisinə qovuşa bilməmək böyük bir dərd kimi təsvir olunur. Bu dərd böyüyür, məhəbbət sərhədlərini keçərək elin, xalqın ümumi dərdi kimi ictimai bir rəng alır. Ustadların dərdləri, kədərləri bu yolla elin dərdinə qovuşur, onunla birləşir və o zaman daha böyük ictimai məzmun alır.

Ey cahan içrə olan,
Ömrü-günü qara Cümə.
Möhnətin, hicrin əlindən,
Düşübsən avara Cümə.
Xalq ara sirlərini,
Etməyən aşkara Cümə,
Dili şikəst , özü miskin,
Kimsəsiz , biçarə Cümə,
Ta ölüncə bu yarın,
Sevdası sərdə qalacaqmı?


Molla Cümənin çox kəsərli formada deyilmiş həcvləri də vardır. Aşıq bunları o zaman azğınlaşmış bəy, xan, torpaq sahibləri və s. adamların üzünə söyləmək belə çəkinməmişdir. Bu həcvlərdə olan tiplər, günahkarlar öz adları ilə Molla Cümənin şerlərində ifşa olunmuşdur. "Hacı Kərim", "Molla", "Axsaq Laçın", "Dəllək Salam", "Səid", "Cavad ağa" və. s şerləri buna misal göstərmək olar.
Molla Cümənin təcnis və bağlamaları da maraqlıdır. Bağlamalarda aşıq bu və ya digər şəkildə müəmmalı fikirlər söyləyir, dinləyicilərini, rəqiblərini düşünməyə sövq edir. Bu cəhətdən onun "Gəlirəm" rədifli bağlaması böyük maraq doğurur.( Sonda həmin bağlamanı sizlərə paylaşacam )
Görkəmli sənətkarın təcnis növündə yazdığı şerləri də müxtəlifdir. Bir sıra təcnislərdə bütün misralar eyni hərflə başlayır: " Zəhmətim əşəddir, bülbülüm gülsüz" təcnisinin bütün misraları "z" , "Muştulluq sevdiyim, istəkli dostum" təcnisininki isə "m" üstündə qurulmuşdur. "K" üstündə qurulmuş bir təcnisə diqqət edək:

Kəşf etdik çölləri divana düşdük,
Kələyə , qovğaya, divana düşdük,
Gəstərdin camalın divana düşdük,
Kərəm et Cüməyə ya dili göyçəäk.


Bütün göstərdiyimiz şerlərlə yanaşı , Molla Cümə yaradıcılığında əsas yeri məhəbbət lirikası tutur. Indi isə həmin bağlamanı sizin üçün paylaşıram.

"Gəlirəm"

**** *** ****
Ağalar, məndən sorarsız,
Bilin ki, mən hardan gəlirəm.
Pərvanə tək qalanmışdım,
Çıxıban nardan gəlirəm .
Mənsur kimi müsəxxərdim,
Qurtarıb dardan gəlirəm.
Aparıb əqlim, kamalım,
Satıb bazardan gəlirəm,
Billah təmiz uzaq olub,
Namusdan, ardan gəlirəm.


*** *** ***
Bir şəhərə yolum düşdü,
Sultanı çıxmış başa da.
Qabağında əl bağlayıb,
Qalmış yüz on dörd paşa da.
Altı min altı yüz altmış,
Bayrağı var yanaşada,
Doğsan min atlı qoşun,
Nizam oynar tamaşada.
Otuz qapıdan keçibən,
Mən o şəhərdən gəlirəm.


*** *** ***
Bir qarıynan qoca gördüm,
Əgləşmişlər xanəsində.
Iyirmi dörd gəlin vardır,
Həm onların binasında.
Hər gəlinin altmış uşaq,
Düzülübdür sinəsində.
On beş-on beş süd əmirlər,
Dörd məmə var anasında.
Möcüzata heyran olub,
Çərxi-dəvvardan gəlirəm.


*** *** ***
Bir əjdaha kəsdi yolum,
Gördüm on iki başı var.
Hər başında birdir ağzı,
Ağzında otuz dişi var.
Hər kəllədə dörddür gözü,
Tamam yüz əlli qaşı var.
Qabağında yazılıbdır,
Üç yüz altmış yaşı var.
Qorxma deyib mərd yerişli,
Cəlil-Cabbardan gəlirəm.


*** *** ***
Bir bəzirgan seyrə çıxmış,
Doğsan doqquz qul dalınca.
Gündə beş yol işlərlər,
O Israfil sur çalınca.
Bir şah qırar öz qoşunun,
Təki özü tək qalınca,
Arif olan bu suala,
Cavab verər kamalınca.
Mən Cümədə xəbər çoxdur,
Gəzib diyardan gəlirəm.


Molla Cümə və Aşıq Könül ( deyişmə )

Bu deyişmə barəsində fərqli rəvayətlər var. Bu rəvayətlərdən biridə budur ki, ümumiyyətlə Aşıq Könül adlı bir aşıq ümumiyyətlə olmamış, Molla Cümə coşub-daşan, könlündə olanları bölüşmək, qəlbində, zehnində olan elmini xalqa çatdırmaq üçün bu deyişməni qələmə almışdır. Şeirin sonunda Molla Cümənin Aşıq Könülə dediyi bağlamanı da nəzərə alsaq, aydın olur ki , Molla Cümə həm də xalqının maariflənməsi üçün çalışmışdır. Sonda , verilən bağlamanı oxuduqda görəcəksiniz ki, həqiqətən bu sual dolu bağlamanı anlamaq üçün savadlı olmaq lazımdır. Çünki , indiyədək həmin bağlamanın açılışını verən olmayıb. Amma , çox istərdik ki olsun . Əgər Aşıq Könül haqqında sənədli və ya hər hansı doğru məlumata malik olan varsa buyurub bizimlə əlaqə saxlasın.

Molla Cümə və Aşıq Könül ( deyişmə )

Birinci hissə*


Aşıq Könül

Sənə Salam olsun, ay Molla Cümə,
Yaqutu mədənə ya mənmi gəlim?
Bir neçə sulaım var qabağında
Yaxşını söyləyim, yamanmı gəlim?


Molla Cümə

Xoş kəlamın gəldi, ay aşıq Könül,
Yaqutu mədənə gəlirsən dur, gəl.
Uzaqdan – uzağa eyləmə nağıl
Ağırdan olginən, gəlirsən dur, gəl.


Aşıq Könül

Girməyib dəryayə ay yüzdə dursun,
Süsənin, sünbülün ay yüzdə dursun.
İstərsən saxlayım ay, yüzdə dursun,
İstərsən qaldırıb ya mənmi gəlim?


Molla Cümə

Bir ad sevdim, heç vermənəm min ada,
Düşürsən ataram daşı min ada,
............ yüzdə qalxız min ada
Azdan nə bağlıdır, gəlirsən, dur gəl


Aşıq Könül

Bəyan olsam haçan çıxar atmağa,
Sinən üstə müjkan oxun atmağa,
Könül deyər bir imtahan etmağa,
Ya sənmi gəlirsən, ya mənmi gəlim?


Molla Cümə

Piyada atlıya çatmaz, a dəlim,
Tənə sözdür ciyər-bağrım a dəlim,
İstəyirəm bir imtahan edəlim
Molla Cümə gəlməz, gəlirsən, dur gəl.


Molla Cümə və Aşıq Könül ( deyişmə )

İkinci hissə*


Molla Cümə

Xoş gəlmisən, aşıq Könül,
Yerin vardır gözüm üstə,
Fərş olaram ayağına
Bas bir qədəm üzüm üstə.

Aşıq Könül

Sağ olginən, Molla Cümə,
Bir cavab ver dilim üstə.
Gərək deyim qulluğunda,
Ərz eləyim yolum üstə.


Molla Cümə

Gəl bir evə gedək qonaq,
Haq verəndən yeyib-içək.
Sözün varsa, orda açaq,
Söz qoyginən sözüm üstə.


Aşıq Könül

Gəlməzəm yeyib içmağa,
Yoxsa istərsən qaçmağa,
Sözüm çoxdur danşmağa,
Sazım durur qolum üstə.


Molla Cümə

Cüməyəm, bilmirəm halın,
Dərin yerdə var xəyalın,
Nədir görüm, ver sualın,
Cavab verim dizim üstə.


Aşıq Könül

Aşıq Könül tanı, mənəm,
Aşıqların kanı mənəm,
Olan adı-sanı mənəm,
Əl qoyan yox əlim üstə.


Molla Cümə və Aşıq Könül ( deyişmə )

Üçüncü hissə*


Aşıq Könül

Molla Cümə, səndən xəbər alayım,
O kimdir dünyada əbədi durdu?
Binasın atəşdən yaratdı Allah,
Axırda məkanı genə finnardı?


Molla Cümə

Aşıq Könül, sənə xəbər verəyim,
Şeytanlar dünyada əbədi durdu.
Binasın atəşdən yaratdı Allah
Axırda məkanı yenə finnardı.


Aşıq Könül

Quranı göylərdən göndərən kimdi?
Alıban yerlərə endirən kimdi?
Kafiri İslama döndərən kimdi?
Kimlər azad oldu, kimləri qırdı?


Molla Cümə

Quranı göylərdən Allah göndərdi,
Cəbrayıl alıban yerə endirdi,
Kafiri İslama Əli döndərdi,
Dönən azad oldu, dönməzi qırdı.


Aşıq Könül

O hansı şahdır ki, dörddü vəziri?
O hansı surədir birdir bəziri?
Hansı peyğəmbərdi yedi hazırı,
Dilədi Mövladan yanında gördü.


Molla Cümə

Xatəmul Muxtardı dörddü vəziri,
QulhuvAllahdi o birdi bəziri,
İsa peyğəmbərdi yedi hazırı,
Dilədi Mövladan yanında gördü.

Aşıq Könül

O nədir insanda misalı quşdur?
O hansı mənzildi bərəsi beşdi?
Yasindən təbarəkə nə ayət keçdi,
Bir at tasinə sovqatı verdi


Mola Cümə

O ruhdur insanda misalı quşdur.
İslam dinidir şəriəti beşdir,
Vayqulun Yasindən təbarəkə keçdi,
Bir at tasinə sovqatı verdi.