backend

KÖŞƏ

KÖŞƏ










Fəaliyyət Qurbanov

Qart qurbağalar məmləkəti


...Həmişəki kimi nazirin Almaniyadan peşkəş gətirdiyi safqanlı eşşəyi minib aylı gecə gəzintisinə çıxmışdı. Gümüş rəngli təbiətin seyrindən doymurdu. Bu əsrarəngiz gözəlliyə o qədər aludə olmuşdu ki, həyatın dolambac cığırlarının harada haçalandığının fərqində deyildi. Uzun yolda vedrə-vedrə tər tökmüş safqanlı eşşəyin almanca xoş anqırtısı onu xəyallar aləmindən ayırmasaydı bəlkə də, gedib cəbhə xəttini keçəcək, allah eləməsin erməni snayperinin gülləsinə tuş gələcəkdi. Beləcə beynini məşğul edən "gij-gij" fikirlər onu fantaziya hamamında soyuq duş qəbul etmiş duruma salmışdı. Bu qorxu-hürküdə baş idarənin başsız qala biləcəyi ehtimalı onun canından gizilti kimi keçib getsə də, özünü itirmədi, vahimə içində uzunqulağın yüyənini çəkib onu dübarə anqırtdı. Çaşqınlıqla elə bildi ki, eşşəyin su içməyi gəlir. Yolun sağ yanındakı gölməçənin kənarında ayaq saxlayıb heyvancığazı sulamaq qərarına gəldi. Eşşəyin belindən özünü nə təhər aşağı atdısa sanki ayaqları altında yer titrədi. Heç zalım uşağı Keçəl Həmzə də bu qələti eləməmişdi. Ardınca qurbağaların qurultusu aləmi başına götürdü. Zibilə düşdük ki...Sükutun pozulması su altından saman yeridən çox insanlar kimi onun da ürəyindən deyildi. Yaranmış vəziyyəti qiymətləndirdikdən sonra qərara gəldi ki, bu qurultular özünəməxsus və antikvar bir etiraz formasıdı. Cangüdənləri təcili hadisə yerinə çağırmağın mümkünsüz olduğunu görüncə içindən mərhəmət dolu hürriyyət eşqi keçdi. Yumşalıb pirani görkəm alaraq qurbağa qurultusuna maraq və məntiqsizlik içində qulaq kəsildi. Xəyallar bir andaca onu qart qurbağaların sualtı məkanına dartıb apardı. Biixtiyar gölməçəyə baş vurunca özünü qurbağalar hökmdarının hüzurunda müntəzir gördü. Bura darısqal bir məkan olsa da özünə görə bir saray təsiri bağışlayırdı. Yuxarı başda pırtlaşıq yallı dəniz ayğırının belində ədəb-ərkanla əyləşmiş qosqoca hökmdar qızıl sapa düzülmüş mirvari dənələrini bir-bir çevirə-çevirə qur-qur quruldamağında vordtelekomun mobil telefonuyla kiminləsə çənə döyürdü. Deyəsən karapetıçla hansısa məsələni müzakirə edirdilər. Ona elə gəldi ki, yerüstü dünyanın "suriyasında" kimyəvi silahların tətbiq edilməsi gölməçələrin zəhərlənməsinə və qurbağaların kütləvi qırğınına səbəb olub. Bu da nəinki yerüstü aləmi, eləcə də yeraltı dünyanı və Atlantida məmləkətinin qart qurbağalarını da narahat etməkdədir.
Hökmdar nədənsə, söhbətin gedişatından narazı görünürdü. Onu müşayiət edənlər isə hərəsi əlində bir planşet telefon danışığının stenoqramını yazırdı. Söhbət yekunlaşan kimi nəzərlər qeyri-adi çağırılmamış qonağa tuşlandı. Ondan kimliyini soruşdular, lakin verdiyi cavabı anlamadılar. Qısa məsləhətləşmələrdən sonra qərara gəlindi ki, qonağın dilini bilgisayarla müəyyənləşdirsinlər. Uzun-uzadı axtarışlardan yana Azərbaycanın mühüm bir qurumunda baş adam olduğunu bilincə qart qurbağalar şəhadət barmaqlarını yuxarı qaldırıb qorxu içində yaxın və təhlükəli qonşuluğa işarə vurdular. Sonra isə qonağı öz dillərində məzəmmət etməyə başladılar. Nə söylədilər, hansı naziri deyib-daradılar, anlaya bilmədim. Dodaqlarının tərpənməyindən yəqin etmək olardı ki, qonağın qanını detektorda yoxlayacaqlar. Yoxlamadan məlum oldu ki, bu şəxsin qanında rüşvət virusu var. Müalicəsi mümkünsüz bir virusdu. Əndamının rüşvətə meylli əzaları kəsilib atılmasa gölməçəni qısa zamanda virus basacaq. Ona görə də ayaqüstü özü də təcili qaydada hökm verildi ki, yalan danışan bu şəxsin dili, rüşvət alan əlləri kəsilsin. Hökm təzəcə oxunmuşdu ki, ətrafda qopan kütləvi anqırtı sanki yeri-göyü depremtək silkələdi. Xeyr, bu səs sevimli və alma gözlü alman eşşəyinə məxsus deyildi. Öz eşşəklərimiz deyəsən dözməyib haraya gəlmişdilər. Bu sayaq görünməmiş həmrəylik onu xeyli duyğulandırdı. Eşşəklərimizin qədrini bə niyə bilməmişəm bu vaxta kimi?-deyə içini çəkə-çəkə özünü məzəmmət etdi. Gözlərindən süzülən iki damla yaş yanaqlarında düyünlənib qurudu bu mənzərəni seyr edincə. Ömründə ilk dəfə azərbaycanlı olduğuna görə yaradana şükr elədi. Sizləri də şükr içində olasınız. Buna bax e, göydən üç alma düşmür ki, nağılı tamamlayaq. Qərəz, bu əhvalatdan indi onu xeyli zaman məsafəsi ayırır. Lakin vicdan və nəfs adlı iki daş arasında sıxım-sıxım sıxılır. Ona görə də, iradəsini növbəylə bu iki duyğuya təslim etmək zorunda qalıb. Ağır dərddi, qağa. Mənim orta statistik məmur qəhrəmanım səbrsizliklə dünyanın düzəlməyini gözləyir. Qart qurbağalar məmləkətində başına gələnləri isə unuda bilmir, bu biri tərəfdən də rüşvətdən gözləri doymur.