backend

Ağstafanın icra başçısı ilə bağlı sensasion iddia

Ağstafanın icra başçısı ilə bağlı sensasion iddia

Məhərrəm Quliyev Əlikram Hümbətovun "ideyaları"nı aktiv şəkildə yayanlardan biri olub?

Ağstafa Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Məhərrəm Quliyevin adı mətbuatın gündəmindən düşmək bilmir. Dəfələrlə tənqid hədəfinə çevrilən məmur növbəti dəfə ittihamlara tuş gəlib. Belə ki, icra başçısının keçmişi ilə bağlı olduqca ilginc bir iddia gündəmə gəlib. Yayılan məlumatlardan belə başa düşmək olar ki, Məhərrəm Quliyevin haqqındakı yeni iddia onun 1993-cü illərdə "Avrora" sovxozunda aqronom işlədiyi vaxtlarda aktiv şəkildə siyasi proseslərə qoşulması ilə bağlıdır.

qaynarxett.az Jam.az-a istinadən məlumatına görə, Məhərrəm Quliyev həmin dönəmlərdə qondarma "Talış Muğan Respublikası" yaratmış Əlikram Hümbətova qoşularaq onun təbliğatçılarından olub. Hətta onun Lənkəranda gənclər arasında Əlikram Hümbətovun "ideyaları"nı aktiv şəkildə yayanlardan biri olduğu da deyilir. Xatırladaq ki, Əlikram Hümbətov Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 fevral 1996-cı il tarixli hökmü ilə məhkum edilib, prezidentin 3 sentyabr 2004-cü il tarixli 119 nömrəli Fərmanı ilə əfv olunub. 2005-ci ildə Azərbaycan vətəndaşlığından çıxarılıb. 2013-cü il sentyabrın 24-də İrəvana separatçı Talış-Muğan Respublikasının prezidenti kimi səfər edərək İrəvan Dövlət Unversitetinin iranşünaslıq kafedrasında talışşünaslıq üzrə magistr pilləsinin açılışını edib və daha sonra işğal altında olan Dağlıq Qarabağa səfər edərək Xankəndində yerləşən unversitetlərin birində çıxış edib. Verilən məlumatlarla icra başçısının avtobioqrafiyasını tutuşdurduqda bunun mümkün ola biləcəyi ehtimalı yaranır. Məsələn, 1968-ci il təvəllüdlü Məhərrəm Quliyev Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını bitirib. Sonra Lənkərandakı "Avrora" sovxozunda aqronom kimi çalışıb. Və bu proses də 1988-1993-cü illəri əhatə edib. Elə bioqrafiyada "qırılma nöqtəsi" də oradadır. Çünki Məhərrəm Quliyevin hərbi xidmətdə olmasına dair heç bir məlumat yoxdur. Üstəlik, onun müharibə dövründə harada olduğu da məlum deyil. İşin ən ilginc tərəfi də isə odur ki, Məhərrəm Quliyev bir müddət sonra Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Lənkəran rayon şöbəsində mütəxəssis və müdir işləyib. Ardından 2003-cü ildən isə Lənkəran Şəhər İcra hakimiyyəti başçısının müavini, 13.03.2006-cı ildən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi vəzifələrində çalışıb. Maraqlıdır ki, əgər Məhərrəm Quliyevin Əlikram Hümbətovun adamı olduğu təsdiqlənərsə, bu təkcə onun aqibətini deyil, həm də onu bu qədər irəli çəkmiş və zamin dayanmış şəxslərin də ciddi probleminə çevriləcək. Əlimizdə konkret faktlar olmadığına görə, Məhərrəm Quliyevin bir vaxtlar Əlikram Hümbətovun siyasi təbliğatçısı olub-olmadığını dəqiq deyə bilmərik. Hər halda icra hakiminin həmin dövrdəki fəaliyyəti araşdırılsa, pis olmazdı. Qeyd edək ki, Məhərrəm Quliyev 1968-ci ildə Lənkəranda anadan olub. Bu arada onu da vurğulamaq lazımdır ki, Məhərrəm Quliyev icra başçısı keçəndən sonra Ağstafada sosial durum olduqca gərginləşib. Əldə etdiyimiz məlumatlara görə, rayonun təhsil, səhiyyə, mədəniyyət, maliyyə sistemi bərbad durumdadır. Bununla yanaşı, yol və əhalinin sosial müdafiəsi sahəsində də bir sıra nöqsanlar mövcuddur. "Ağstafada ünvanlı yardımlar dövlətin təsdiq etdiyi formada verilmir. Aidiyyəti vəzifə sahibləri aztəminatlı ailələrin başına oyun açır və onları aylarla süründürməçiliyə məruz qoyur. Əsas problemlərdən biri də yolla bağlıdır. Rayon mərkəzi istisna olmaqla, kənd yolları yaman gündədir. Yağış, qar yağan kimi kəndlərdə nəqliyyatın hərəkəti iflic olur. Palçıq əlindən tərpənmək mümkün olmur. Bu il və ötən ilin dövlət büdcəsindən Ağstafada yol infrastrukturunun yaxşılaşdırılması məqsədilə irihəcmli vəsaitlər ayrılıb. Lakin bəzi şəxslərin qabarıq iştahası məbləğin tamamının nəzərdə tutulan layihələrə xərclənməsinə zəmin yaratmadı. Təhsil və səhiyyə sistemi də acınacaqlı haldadır. Rayon Mərkəzi Xəstəxanası nəyə çevrilib, bunu hər kəs bilir. Həkimlər xəstəxanaya müraciət edən vətəndaşların səhhəti ilə maraqlanmaq yerinə, onların cibində pulun olub-olmadığını soruşurlar. Qarşıdan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı gəlir. Təəssüf ki, rayon camaatında bayram-əhval ruhiyyəsi yoxdur. Hamının beynində problemlər dolaşır", deyə bizə çatan məlumatda vurğulanır.

Yazı ilə bağlı qarşı tərəfin də fikirlərini işıqlandırmağa hazırıq.