backend

“Azadlıq” radiosu ətrafında gedən söhbətlər durmalıdır”

“Azadlıq” radiosu ətrafında gedən söhbətlər durmalıdır”

“Azadlıq” radiosu Bakı bürosunun ofisinin bağlanmasından sonra sosial şəbəkələrdə müxalifyönlü gənc fəallar tərəfindən bu halın Azərbaycan-Amerika münasibətlərinə ciddi kölgə salacağı ilə bağlı məlumatlar paylaşıldı.

qaynarxett.az bildirir ki, məsələ ilə bağlı Hafta.az-a müsahibəsində Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Zahid Oruc fikirlərini bildirib.

Müsahibəni təqdim edirik:

- “Azadlıq” radiosu ətrafında yayılan məlumatlar Azərbaycan dövlətinin maraqlarına uyğundur?

- Xeyr, bu söhbətlər heç bir halda Azərbaycanın maraqlarına uyğun deyil. Çünki media ilə heç bir hakimiyyət, o cümlədən, Azərbaycan iqtidarı savaş aparmır. Bunu birmənalı şəkildə bilmək lazımdır. Bu radio, yaxud da hakimiyyət əleyhinə fəaliyyət göstərən bir sıra qurumlar var ki, onlar on illərdir ənənəvi formatlarında ixtisaslaşıblar. Bu vaxta qədər də kimsə o media orqanlarından hansınısa bağlamaq mövqeyini tutmayıb.

- Hansı halı “Azadlıq” radiosunun fəaliyyətində nöqsan hesab edirsiniz?

- Hazırkı şəraitdə adıçəkilən radio iki təhlükəli missiyanı həyata keçirib və çox müsbət haldır ki, bunu həmin radionun sabiq rəhbəri özünün məlum məqaləsində də təsdiq etdi. Birinci tərəfdən, bu radionun üzərindən müəyyən dairələr çirkli maliyyənin yönləndirilməsinə gediblər. İkincisi isə, radionun əməkdaşları Mərkəzi Kəşfiyyat İdarəsinin cəsusları rolunda çıxış ediblər. Ötürülən məlum informasiyalar da o mənbələr sayəsində baş verib. Bunu heç bir halda jurnalist tədqiqatının məhsulu saymaq olmaz. Bu baxımdan düşünürəm ki, radionun əslində hazırkı dövrdə nifaq salması rolunda çıxış etməsini hər bir tərəf qəbul etməlidir. Bəzi şəxslərin Amerikanı Azərbaycana qarşı sanksiyalara çağırmasının da heç bir adı yoxdur. Nə üçün Krımın bütün rəhbərliyinə, eyni zamanda, o bölgəyə iqtisadi-siyasi sanksiyalar tətbiq edən bir ölkə Qarabağı geniş və səxavətli yardımların ünvanı kimi görür. Belə olan təqdirdə Amerikanın Azərbaycanla olan münasibətlərini, bir-iki jurnalistin, yaxud da radioda baş verən məlum hadisələr müəyyənləşdirə bilməz. Amerikanın hadisələri düzgün dəyərləndirmədən görməsi ümumən bölgədəki geosiyasi duruma mənfi təsir göstərir. “Azadlıq” radiosu ətrafında gedən söhbətlər durmalıdır. Amerika bundan geniş qələbələr üçün istifadə edə bilməyəcək. Əksinə düşünürəm ki, bölgədəki dairələr hazırkı şəraitdə iki ölkə arasındakı münasibətlərin hansısa nöqtədə zədələnməyindən faydalanacaqlar. Bunu bilmək lazımdır.

- Fikirlər səsləndirilir ki, əsas məsələ radionu iqtidaryönümlü iş rejiminə gətirməkdir. Bu barədə siz nə düşünürsünüz?

- Bu qətiyyən belə deyil. Onsuz da bu gün onlar virtual məkanda əvvəlki qaydada fəaliyyətlərini davam etməkdədirlər. O cümlədən, məlum tezlikdə yayılarkən də Azərbaycan cəmiyyətinin barmaqla sayılacaq qədər nümayəndəsi həmin radionu dinləyirdi. “Azadlıq” cəmiyyətdə qüvvələr nisbətini dəyişmək iqtidarında gücə malik olmayıb. Radionun problemlərini Amerika-Azərbaycan əlaqələrinə yükləməsi ümumi maraqlara zərbə vurur. Düşünmürəm ki, ölkəmizin siyasi elitası Amerika ilə əlaqələrindən daşınmaq niyyətindədir. Əks halda biz NATO, Avropa Birliyi ilə əlaqələrimizi tamamilə kəsərdik. Biz isə bunun əksini görmək istəyirik. Xüsusilə də Rusiyanın geosiyasi planlarına Azərbaycan xeyli dərəcədə soyuqqanlı şəkildə cavab verir. Hər hansı birliklərdə biz iştirak etmirik. Bu baxımdan Qərb dairələrinə çox sadə bir sual verilməlidir. Ukraynanı həmin birliyin sazişinə qol çəkmədiyinə görə cəzalandırdılar və Yanukoviçi istefaya göndərdilər. Bəs nə üçün Ermənistana qarşı eyni sanksiyalar edilmədi? Ancaq bunun əksi olaraq, Azərbaycana qarşı son bir ildə təzyiqlər artırıldı. Hesab edirəm ki, Amerika-Azərbaycan münasibətlərinin normal məcrada inkişafı üçün həmin ölkənin siyasi rəhbərləri bölgəyə səfər etməlidirlər. Başqa vəziyyətdə bu yalnız digər bölgə dövlətlərinin mənafeyi üçün işləyəcək və Qərb dairələri uduzan tərəf olacaq. Hazırda “üçüncü dairə”lər yaranan bu kiçik anlaşılmazlığın dərinləşməsinə çalışırlar.