backend

Maşınların qiyməti qalxacaq

Maşınların qiyməti qalxacaq

İqtisadçı-ekspert Vüqar Bayramov avtomobillərin qiymətinin artacağı ilə bağlı proqnoz verib.
qaynarxett.az Cumhuriyyet.az-a istinadən məlumatına görə, ekspert facebook hesabında yazıb ki, Vergi Məcəlləsinə edilən son dəyişikliklərə görə, Azərbaycana xaricdən gətirilən avtomobillərə görə ödənilən aksiz vergisini məbləğləri artırılır:” Belə ki, mühərrikinin həcmindən asılı olaraq bütün növ avtomobillərin ölkəyə idxalına tətbiq edilən vergilər dəyişdirilir. Yeni dəyişikliklərə əsasən, mühərrikinini həcmi 2 000 kubsantimetrə qədər olan avtomobillərdə mühərrikin hər kubuna görə aksiz vergisinin məbləği 15 qəpikdən 20 qəpiyə, mühərriki 2000-300 kubsantimetr olan avtomobillərdə 1 manatdan 1,5 manata, 3000-4000 kubsantimetr olan avtomobillərdə 2 manatdan 4 manata, 4000-5000 kubsantimetr avtomobillərdə 4 manatdan 8 manata, mühərrikinin həcmi 5 000 kubsantimetrdən artıq olan avtomobillərdə isə 4 manatdan 10 manata qaldırılıb. Son dəyişikliklərə diqqət yetirəndə bəlli olur, mühərrikinin həcmi daha bahalı olan avtomobillərdə daha yüksək qiymət artımları müşahidə ediləcək.
Məsələn, mühərrikinin həcmi 5 000 kubsantimetrdən artıq olan avtomobillərdə qiymət artımları hətta 10 min manatdan da yüksək olacaq. Xüsusən də yeni istehsal olunan, işlənməmiş avtomobillərdə daha ciddi qiymət artımlarının olacağı gözlənilir. Mühərrikin həcmi 4000-5000 kubsantimetr olan avtomobillərdə isə qiymət artımları 6600 manatadək yüksələcək. Bu növ avtomobillərdə orta hesabla 5000 manat qiymət artımı olacaq. Mühərrikin həcmi 2000 kubsantimetrə qədər olan avtomobillərdə isə cüzi xərc artımları gözlənilir. Bu avtomobillərin ölkəyə idxal xərci 100 manatdan çox artmayacaq. Əgər bu avtomobillərdə qiymət artımı müşahidə ediləcəksə, o zaman o süni qiymət artımı olacaq”.
Ekspertin sözlərinə görə, 2013-cü ildə ölkəmizə 103 min avtomobil idxal olunub: "Bunların 94 mini minik avtomobilləri idi. Güman olunur ki, 2014-cü idə avtomobil idxalı əvvəlki il ilə müqayisədə 30 faizdən artıq azalıb. Bu isə daha çox ötən ilin aprelində ölkəmizdə Avro-4 standartların tətbiqi ilə bağlı istehsal ili köhnə olan avtomobillərin idxalına tətbiq edilən qadağa ilə bağlı idi. Avtomobil idxalına tətbiq edilən aksiz vergilərinin artırılması bu il avtomobil idxalını azaltmaqla yanaşı, ölkəmizə daha çox mühərrik həcmi kiçik olan maşınların gətirilməsinə səbəb olacağı gözlənilir. Bu isə o deməkdir ki, qiymət artımları mühərrik həcmi böyük olan avtomobillərə tələbin azalmasına səbəb olacaq ki, bu da bahalı maşınların satışında durğunluq ilə ifadə olunacaq. Əksinə, mühərrik həcmi kiçik olan avtomobillərin satışının çoxalacağı gözlənilir”.