backend

Azərbaycanda sabiq deputatların mənzil QALMAQALI böyüyür

Azərbaycanda sabiq deputatların mənzil QALMAQALI böyüyür




















Rüfət Ağalarovdan Rauf Qurbanova ittiham...

Azərbaycan Kommunist Partiyasının sədri, II çağırış Milli Məclisin üzvü olmuş Rauf Qurbanovun sabiq deputatlara mənzil verilməsi ilə bağlı Modern.az-a verdiyi açıqlama etiraza səbəb olub.

Qeyd edək ki, Rauf Qurbanov bildirib ki, 2005-ci ildə KAT LTD şirkətinin sabiq deputatlar üçün inşa etdiyi bina dövlət ehtiyaclarıyla bağlı Fövqəladə Hallar Nazirliyinə (FHN) verildiyi üçün onlara çatacaq mənzilə bu günə sahiblənməyiblər.

Rauf Qurbanov deyib ki, o, KAT LTD şirkətinə mənzil üçün vəsait ödəyib və AMAY ticarət mərkəzinin yanında sabiq deputatlar üçün yeni inşa edilən binaya görə onlar mənzilin sahəsindən asılı olaraq əlavə vəsait verə bilərlər.

Digər sabiq deputat Rüfət Ağalarov isə Rauf Qurbanovun açıqlamasını kəskin tənqid edib.

Rüfət Ağalarov Modern.az-a açıqlamasında deyib ki, Rauf Qurbanov hələ də keçmiş təfəkkürlə yaşayır.

“Birinci, bina dövlət ehtiyacları üçün Fövqəladə Hallar Nazirliyinə veriləndə Nazirlər Kabineti AMAY ticarət mərkəzinin yanında keçmiş deputatlar üçün yeni binanın inşası üçün yer ayırdı. Biz isə KAT LTD-nin inşa etdiyi əvvəlki bina Fövqəladə Hallar Nazirliyinə verilməzdən qabaq bu şirkətə mənzil üçün pul ödəmişdik. Cənab prezident İlham Əliyevin tapşırığı ilə sabiq deputatlara dəyən ziyan kvadrat metrə 1300 manatdan ödənildi”,-deyə Rüfət Ağalarov bildirib.

Onun sözlərinə görə KAT LTD şirkəti mənzil ala bilməyən deputatlara pul ödəməlidir. “KAT LTD 10 ildir ki, bizə qarşı dələduzluq edir. Rauf Qurbanov isə deyir ki, yeni binadan mənzil almaq üçün yenidən pul ödəyə bilərik. Deyəsən, onun pulu çoxdur”.

Sabiq deputat qeyd edib ki, yeni inşa edilən binada cəmi 16 nəfər üçün mənzil tikilir. Rüfət Ağalarov söyləyib ki, mənzillər keçmiş deputatlar üçün nəzərdə tutulub. “Bəzilərinin ev problemi həll edilib. Yeni binada isə Milli Məclisin sabiq deputatları üçün mənzil verilməsi nəzərdə tutulub. Keçmiş deputatlar Oqtay Səmədov, Əliməmməd Nuriyev, Rauf Qurbanov, Famil Məmmədov və mən yeni binadan ev almalıyıq. Rauf Qurbanovdan isə xahiş edirəm ki, bir də sabiq deputatlar üçün bina tikintisindən söhbət açmasın. Çünki onun heç nədən xəbəri yoxdur”.