backend

KÖŞƏ

KÖŞƏ











Fəaliyyət Qurbanov


"Paslanmış" məmurlarda cangüdən həvəsi


“Min bir gecə” nağıllarından tanıdığımız sultan qızı şahzadə "Badrul-Budur"un saraydan hamama gediş-gəlişi zamanı onun gözəl simasına baxmağa cürət edəni edam cəzası gözləyirdi...

Deyir, söz vaxtına çəkər. Təxminən bir əsr öncə, 1907-ci ilin fevralında xəbər yayılır ki, Qafqaz canişini Bakıya səfərə hazırlaşır. Bakı polismeysterinin əmri ilə qraf Vorontsov-Daşkovun gəlişinədək qayda-qanunu və canişinin keçəcəyi küçələrin mühafizəsini etibarlı şəkildə təmin etmək üçün geniş təyinatlar aparılmağa qərar verilir. 9 pristav, 63 məhəllə nəzarətçisi, 275 piyada, 55 süvari qorodovoy qrafın mühafizəsinə cəlb edilir.

Ötən əsrin əvvəllərində çıxan Bakı qəzetlərindən biri səfərlə bağlı dərc etdiyi reportajda yazırdı ki, mühafizə dəstəsi 9 sahəyə bölünmüşdü. Bundan əlavə canişinin Bakıya ayaq basacağı gün səhər saat 9-dan başlayaraq konkilərin hərəkətinə qadağa qoyulmasına qərar verilmişdi. Şəhərin küçələrində yük arabalarının hərəkəti də tamamilə məhdudlaşdırıldı, yüngül yüklərin daşındığı küçələr isə dikinə və köndələn bağlanmışdı.

Kütlənin küçə səkisindən kənara çıxması qadağan edilmişdi, canişininin keçidi zamanı küçənin bir tərəfindən digərinə qaçaraq keçmək olmazdı. Həmçinin, şəhər sakinlərinin eyvana və dam üzərinə çıxmasına da qadağa qoyulmuşdu.

Rusiya kimi böyük bir imperiyanın ortabab məmuru sayılan Qafqaz canişininin o dövr üçün qeyri-adi və ciddi mühafizə tədbirlərinə ehtiyacı varıydımı, bilmirik. Bunun heç fərqində deyilik. Lakin bizim günlərdə rastlaşdığımız oxşar situasiyalarla müqayisədə qraf Vorontsov-Daşkova atasıyla bərabər rəhmət oxutduran məmurlara rast gəlmək olar. Avtomobil tıxaclarından əziyyət çəkən müasir Bakının sezdiyimiz eybəcərliklərindən biri elə məmurla vətəndaş arasında bölücü sipər rolu oynayan cangüdən dəstələrinin azğınlığıdır. Əlbəttə, indinin məmuru özünü xalqdan bir qədər alayı üsulla-az sayda cangüdən və gəzdiyi bahalı avtomobillərdə quraşdırdığı qara plyonkalarla təcrid edir. Müasir dövr üçün normal sayılmayan belə təcridetmə səbəbindən asılı olmayaraq cəmiyyətdə ayrı-seçkilik kimi qiymətləndirilir, narazılıq yaradır.

Problem ondadır ki, uzun illər vəzifə kreslosunda oturuşmuş məmur pərvanə kimi başına dolandırdığı cangüdəni əksər hallarda büdcə hesabına yemləyir. Odu ki, ortaya məmurun cangüdən saxlamasının qanuniliyi məsələsi çıxır.

Təbii ki, hansı ranqlı məmurun mühafizə olunmalı olduğu qanunvericiliyin tələblərində nəzərdə tutulub. Bu məqsədlə müxtəlif dövlət qurumlarI, eləcə də özəl mühafizə şirkətləri fəaliyyət göstərir. Əlbəttə, hər kəsin mühafizə xidmətindən yayarlanmaq hüququ var. Bunun üçün müvafiq qurumlara müraciət etmək kifayətdir. Lakin adi bir dövlət məmurunun ətrafına beş-üç peysər toplayaraq özünü kimdənsə qoruması kimi mənzərələri deyr edəndə adamı gülmək tutur. Vətəndaşdan gizlənən məmur deməli ictinaiyyət qarşısında hansısa, bizə bəlli olmayan günahlar işlədib ki, cəlanacağından ehtiyat edir. Digər tərəfdən, cangüdənlərin ölkədə dəbdə olan "paket" sistemi vasitəsilə maliyyələşdirildiyi barədə bilgilər də var. Bu isə dolayısı ilə dövlət pullarının təyinatsız xərclənməsi qrafikində yer alan məsariflərdəndir. Bu da azmış kimi, belə "qrafiklərdə" xaricdə və ölkədə yaşayan irili-xırdalı məmur övladlarının da cangüdən xərcləri yer alırsa, vay büdcəmizin halına.

Məsələnin cəmiyyətin probleminə çevrildiyini asanlıqla görmək olar. Bunun günahını illərlə vəzifədə "paslanmış" məmurlarda görməyin özü də düzgün olmazdı. Vəzifələrdə ildən-ilə yeniləşmələr aparılmalı, məmurların attestasiyası görüntü xatirinə keçirilməməlidir. Uzun illər büdcə eşən müasir "vorontsov-daşkov"ların cəzasızlıq mühitində özündən müştəbehlik kompleksi yaranır ki, bu da nəticə etibarı ilə problemin ictimailəşməsini şərtləndirir. Cangüdən saxlayanların güdükçülüyündə qeyri-adi heç nə yoxdur. Qeyri-adilik məmurun özünü, ailəsini cəmiyyətdən ayırmaq prinsipindədir. Bu eybəcərlik qarşısında hansısa dahinin bir deyimi yada düşür: ən böyük gözəllik sadəlikdir.