backend

Sudan quru çıxan adam və ya

Sudan quru çıxan adam və ya
















Vidadi Dövlətovun ağlar günə qoyduğu Cəlilabad təhsili

«Cəlilabad rayonunda təhsil sistemi olduqca bərbad vəziyyətdədir. Rayon Təhsil Şöbəsinin müdiri Vidadi Dövlətovun xoşagəlməz əməlləri nəticəsində rayonda təhsil sahəsi xeyli geriləyib». Bu sözləri redaksiyamıza adının çəkilməsini istəməyən rayon sakinləri deyiblər. Onların sözlərinə görə, şöbə müdirinin rəhbərliyi altında Cəlilabadda təhsil məhv olmaq həddinə gəlib çatıb: «Şöbə müdiri iniş ilin aprel ayında vəzifəyə qoyulub. Köhnə müdirin vaxtında problemlər çox idi. Belə ki, keçən ilin əvvəllərində hamımız sevinirdik. Xəbər yayılmışdı ki, Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları rayonda 20-yə yaxın məktəbdə yoxlama aparıb və yoxlamalar nəticəsində rayon təhsilində 2 milyon manat yeyintinin olduğu üzə çıxıb. Sonradan xəbərin yalan olduğu üzə çıxdı. Kaş ki, hər şey deyilən kimi olaydı və Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Cəlilabad Rayon Təhsil Şöbəsində yoxlama həyata keçirəydi”.

İndi Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışan Vidadi Dövlətov əvvəllər icra başçısının təhsil və səhiyyə məsələləri üzrə müavini işləyib. Həmin dövrdə baş verən maxinasiyalar və qanunsuzluqlar birbaşa müavin olaraq V.Dövlətovun rəhbərliyi altında baş verib. Buna görə də Cəlilabad təhsilində yoxlama aparılsaydı xeyli nöqsanlar ortaya çıxardı. Mənbəmiz deyir: "İdarənin rəsmiləri bura baş çəkən kimi şöbə müdiri məsuliyyətə cəlb olunacaq. Onun həyata keçirdiyi qanundan kənar işlərin ölçüsü yoxdur. Rayon məktəblərinin bir çoxunda əlavə dərs saatları, həmçinin müəllim ştatları yaradılıb. Şöbə rəhbəri bu tip işlərini əsasən bacısı oğlunun vasitəsilə görürdü. Amma bir müddət əvvəl bacısı oğlunu narkotik vasitələrin satışı ilə məşğul olduğu üçün həbs etdilər». Sakinlərin dediklərinə inansaq, Təhsil Nazirliyinin əməkdaşları bir neçə dəfə RTŞ-də yoxlama aparıblar. Buna baxmayaraq, Vidadi Dövlətov necə deyərlər “sudan quru çıxıb ”.

Vətəndaşlar deyir ki, bir neçə il əvvəl Təhsil Nazirliyinin nümayəndələri Cəlilabadda saxta diplomlu müəllimləri aşkarlayıb: «76 müəllim diplomu qaydasında olmadığından işdən azad edildi. Lakin üç-dörd ay keçəndən sonra şöbə müdiri bu müəllimlərin bir neçəsini nəyinsə qarşılığında işə bərpa etdi. Vidadi müəllim nazirliyin müəllimlərin işə qəbulu ilə bağlı keçirdiyi test imtahanlarına əhəmiyyət vermir. Belə ki, Cəlilabadda müəllim işləmək istəyən şəxslərin «imtahanını» şöbə müdiri özü keçirir. Yəni RTŞ müdiri nazirliyin xəbəri olmadan işə qəbul aparır. Ali təhsili olmayan bəzi şəxslər məktəblərdə işə götürülür».
Onu da öyrəndik ki, rayonun Kövüzbulaq kəndində 2 nəfərə saxta şəhadətnamə verilib və bu işi icra edənlər hazırda müəllim işləyir: «Hansı direktor və müəllim şöbə müdirinin hörmətini edirsə, qanunları çox rahat şəkildə poza bilir. Cəlilabad təhsili yaman gündədir. Məktəblərə ayrılan kompyuterlər işləmir. Hansı müəllimlər ki, təzyiq altındadır, hər ay maaşlarından 40 faiz tutulur. Avadanlıq adı altında dövlət büdcəsinə zərbə vurulur. Bu kimi işlərə imza atan şöbə müdiri cəzasız qalıb.

Səhv etmiriksə, rayonda 76 məktəb fəaliyyət göstərir. Ancaq onların demək olar ki, heç birində normal təhsil yoxdur. Şagirdlərin dərsə davamiyyəti olduqca aşağıdır. Repititor yanına gedən şagirdlər «aylığa» çıxıb dərsə gəlmirlər. «Aylığın» qiymətini isə direktorlar təyin edir. Əlbəttə, onlar şagirdlərdən aldıqlarından şöbə müdirinə də nəysə çatdırırlar. Cəlilabadda təhsilin belə ağır vəziyyətdə olması bizi narahat edir. Buna görə də təhsil naziri Mikayıl Cabbarova səslənib demək istəyirik ki, Vidadi Dövlətovu vəzifədən kənarlaşdırsın. Biz bu şəxsin şöbə müdiri postunda qalmasını istəmirik, vəssalam».

P.S: Qəzet çapa gedərkən electron poçtumuza Cəlilabadın Əliabad kənd sakinlərinin imzası ilə kiçik bir məlumat daxil olmuşdur. Əliabadlılar bildirir ki, Vidadi Dövlətovun kəndlərindəki məktəbdən demək olar ki, xəbəri yoxdur. Çünki, məktəbin şagirdlərinin demək olar ki, 70 faizi dərsə getmir. Məktəb bərbat vəziyyətdədir. Məktəbin istilik sistemi yoxdur. Demək olar ki, məktəbə aid nə varsa Əliabad kənd məktəbində onların heç əlli faizi yoxdur.