backend

Neftçalada "balıq bazarı" qalmaqalı - İcra başçısı bazara polis yeritdi

Neftçalada "balıq bazarı" qalmaqalı - İcra başçısı bazara polis yeritdi




















"Neftçala rayon icra hakimiyyətinin başçısı İsmayıl Vəliyev rayonda tikdirdiyi bazara müştəri cəlb etmək məqsədilə rəqib bazarı bağlatdırmaq istəyir"

qaynarxett.az xəbər verir ki, bu sözləri Avropa.info-ya Neftçala rayon sakini Zakir Fərziyev xəbər verib. O bildirib ki, icra başçısı İsmayıl Vəliyevin sökdürmək istədiyi bazar onun qardaşı Məhəmməd Fərziyevə məxsusdur. Z.Fərziyev deyib ki, Məhəmməd Fərziyev isə ikinci qrup əlil olmaqla yanaşı, həm də “Azadlıq uğrunda mübariz” fəxri adına layiq görülüb.

Zakir Fərziyevin sözlərinə görə, icra başçısının 3 milyon manata tikdirdiyi yeni bazarın heç bir sənədi yoxdur: "Keçən ilin oktyabr ayından bu yana Məhəmməd Fərziyevin bazarına qarşı bir sıra qanunsuz rəqabət növlərindən istifadə etməklə artıq orada çalışanların 95 %-i yeni balıq bazarına cəlb olunub.

Son bir neçə həftədə Məhəməd Fərziyevin bazarı sanki genişmiqyaslı əməliyyat sahəsinə çevrilib. İcra başçısı hər gün bura yeni adamlar göndərərək bazarın sökülməsi üçün zəmin yaratmaq istəyir".

Zakir Fərziyev bildirir ki, qardaşının bazarına hər gün rayonun səhiyyə şöbəsinin, polis idarəsinin, vergilər departamentinin əməkdaşları gələrək, bir növ bazarın bağlanması üçün bazar sahibinə təzyiqlər edirlər.

O bildirir ki, icra başçısı bu yolla bir şey əldə edə bilməyəcəyini görüb bir dəstə polis əməkdaşını bazara yollayıb: "Polislərə bazarda satılan malları müsadirə etmək tapşırılıb. Gələn polislərin başında isə rayon icra hakimiyyəti başçısının müavini Əlkömək Babayev gəlib".

Zakir Fərziyev həmçinin məsələylə bağlı dəfələrlə aidiyyatı qurumlara şikayət ünvanladığını və hələlik heç bir nəticə əldə olunmadığını söyləyib.

Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.