backend

ADP İDARƏ HEYƏTİNİN TOPLANTISI KEÇİRİLİB

ADP İDARƏ HEYƏTİNİN TOPLANTISI KEÇİRİLİB














ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib

Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. Toplantı iştirakçıları ilk növbədə Nazirlər Kabinetinin 2014-cü ilin yekunları və 2015-ci ildə qarşıda duran sosial iqtisadi vəzifələrə dair keçirdiyi müşavirənin nəticələrinə münasibət bildirib. İdarə Heyəti müşavirədə 2014-cü ildə ölkənin sosial-iqtisadi sahədə böyük irəliləyişlər olması barədə səslənən fikirlərin Azərbaycan reallıqlarını əks etdirmədiyini, əksinə neftin qiymətinin aşağı düşməsi və qiymətlərin bahalaşması müqabilində ölkə əhalisinin sosial vəziyyətinin daha da ağırlaşması, işsizliyin artması prosesinin davam etdiyini, qeyri-neft sektorunun inkişafına dair dövlət tədbirləri görülmədiyini, monopoliyanın orta və kiçik biznesi sıradan çıxardığını, milli siyasətin əsas tərkib hissəsi olan Dağlıq Qarabağ probleminin həllində ciddi irəliləyişlər olmadığını bildirib və hakimiyyəti 2015-ci il ərzində daha səmərəli sosial-iqtisadi siyasət yürütməyə, daxili və xarici siyasətdə demokratik inkişaf yolunu tutmağa çağırıb.
İdarə Heyəti Parisdə baş verən terror hadisəsini qətiyyətlə pisləyib və harda olmasından asılı olmayaraq terrorun dünya xalqları üçün təhlükə mənbəyi olduğunu və bu bəlaya qarşı beynəlxalq səviyyədə mübarizə aparmağın və terroru doğuran səbəblərin aradan qaldırılması üçün birgə səyləri gücləndirməyi diqqətə çatdırıb. Eyni zamanda terror hadisələrinə qarşı münasibətdə dünya dövlətlərinin ikili standartlar nümayiş etdirməsini yolverilməz hesab edən pariya yetkililəri bu dövlətlərin terrorun hədəfinə çevrilən Yaxın və Orta Şərq ölkələrində baş verən terror hadisələrinə susqunluq nümayiş etdirməsini bir çox hallarda terror faktlarını barış və sülh dini olan İslamın adı ilə bağlamasını məqbul hesab etməyib və beynəlxalq ictimaiyyəti terrorla mübarizədə yekdil olmağa çağırıb.
İdarə Heyəti Azərbaycanda insan haqlarının pozulması ilə bağlı Vaşinqtonda keçirilməsi nəzərdə tutulan dinləmələrə münasibət bildirib və bu dinləmələri zəruri edən səbəblərin məhz Azərbaycandan qaynaqlandığını diqqətə çatdırmaqla hakimiyyəti ölkədə insan hüquq və azadlıqlarının, demokratiyanın qorunması, söz, mətbuat və sərbəst düşüncə üzərində qoyulan məhdudiyyətlərin aradan qaldırılması, siyasi fəallara, jurnalistlərə, qeyri-hökumət təşkilatlarına qarşı başladılan həbs və repressiyalara son qoyulması istiqamətində gərəkən addımlar atmağa çağırıb və Qərblə qarşıdurma siyasətindən geri duraraq Qərblə uzlaşma siyasəti izləməyə çağırıb.
İdarə Heyəti Dərbənddə N.Gəncəvinin heykəlinin yandırılması, soydaşlarımıza qarşı ayrı-seçkilik siyasətinin tətbiq edilməsi faktından narahat olduğunu bildirib və bu siyasətin arxasında imperiya ambisiyasından geri durmaq istəməyən, xalqlar arasında nifaq toxumu səpməklə “parçala və hökm sür” siasətini yeridən Rusiya faktorunun dayandığını diqqətə çatdırıb və hakimiyyəti Dərbənddə yaşayan və bu ərazinin ən qədim sakinləri olan soydaşlarımızın hüquqlarının qorunması istiqamətində siyasi və diplomatik səylərini artırmağa çağırıb.