backend

Qazağın Su-Kanal İdarəsində dərəbəylik

Qazağın Su-Kanal İdarəsində dərəbəylik





















Qurumda səlahiyyət sahibi olanların problemlərin varlığına səhlənkar yanaşmaları, gündəlik yeni-yeni problemlərin də əmələ gəlməsinə səbəb olurlar

Bir neçə gün bundan əvvəl informasiya mərkəzimizə Qazax şəhəri 2 saylı Musiqi məktəbində xadimə işləyən Şərqiyyə Vəliyeva və Firuzə Paşayeva tərəfindən şikayət ərizəsi ünvanlanmışdır. Onlar yazdıqlar şikayət ərizəsində həm musiqi məktəbinin rəhbərliyini, daha çox isə rayonun Su-Kanal idarəsində, problemlərin əmələ gəlməsinə səbəbkar olan vəzifə sahiblərini ittiham edirlər. Problem hansı səbəbdən qaynaqlanır, vəzifə sahibləri problemin əmələ gəlməsinə niyə şərait yaradırlar deyə, bu yöndə bir qədər araşdırma apardıqda o da bəlli olur ki, sən demə ən böyük günah sahibi, elə rayonun Su-Kanal idarəsinin rəhbərliyində duran şəxslər imişlər.
Şikayətçi xanımlar bildirirlər ki, “biz ailəmizin dolanışığı xatirinə xadimə işləyirik. Hər gün təqribən 250 nəfərdən çox şagirdin musiqi təhsili aldığı, 70 nəfərə qədər müəllimin çalışdığı musiqi məktəbinin sinif otaqlarını, koridorunu, müəllimlər otağını və digər yerlərini təmizləyirik. Bunun üçün suyun varlığı olduqca lazımdır ki, təmizlik işlərini həyata keçirə bilək. Görün bu gün hansı vaxt, hansı zəmanədir ki, böyük bir kollektivin çalışdığı məktəbdə su yoxdur. Suyun olmaması qalsın bir yana, məktəb rəhbərliyinin hikkələri də bizi lap bezdirir. Çünki, o, hər səhər bizi məcbur edir ki, məktəbin kənar yerlərindən vedrələrdə su gətirək və təmizlik işlərini də həyata keçirək”.
Diqqəti cəlb edən hal odur ki, məktəbin su probleminin həll olunması üçün, rayonun Su-Kanal idarəsinin rəhbərliyinə və digər vəzifə sahiblərinə dəfələrlə müraciətlər olunsa da, edilən müraciətlər hər dəfə qulaqardına vurulur. Və bu zaman hər kəsi təəccüb bürüyür ki, bu gün Qazax rayon mərkəzində fəaliyyət göstərən böyük bir təhsil ocağında su tapılmır. Təmizlik işlərinin aparılması üçün suyun əhəmiyyəti qalsın bir yana, tutaq ki, hansısa səbəb üzündən məktəbdə yanğın hadisəsi baş verdi, bəs bu zaman əmələ gələn fəsadların nəticəsi necə olacaq? Bax bu haqda düşünmək, bir qədər də götür-qoy etmək lazımdır.
Bir faktı da qeyd edək ki, hal-hazırda Qazax rayonu digər rayonlara nisbətən daha çox sosial problemlərin yaşandığı rayonlardan biri hesab olunur. Əgər bir rayonun mərkəzi hissəsində fəaliyyət göstərən böyük bir musiqi məktəbində, adicə su problemi həllini tapmırsa, görəsən buna nə ad vermək olar? Belə bir halın varlığı, əslində böyük bir faciədir, analoqu olmayan dəhşətdir! Axı, bu cür idarəçiliklə biz hara gedirik və hara qədər gedə biləcəyik? Və niyə də getməliyik?
Bir anlığa diqqət yetirək ki, bugünədək Su-Kanal idarəsinin rəhbərliyinə dəfələrlə edilən müraciətlərin nəticə vermədiyini görən şikayətçilər, hal-hazırda problemin həlli üçün KİV nümayəndələrindən dəstək istəyirlər. Faciəli hal odur ki, problemin həllinə cavabdehlik daşıyan qurum rəhbərləri isə, əmələ gələn problemləri həll etmək əvəzinə, əslində sosial durumun ağırlaşmasına şərait yaradırlar. Elə bu kimi səbəblər üzündəndir ki, Qazax rayonunda sosial problemlərin varlığı tüğyan edir, vətəndaş narazılığı artmaqda davam edir.

P.S. Hörmətli oxucular! Bu gün böyük bir musiqi məktəbində adicə su probleminin həll olunmaması onu söyləməyə əsas verir ki, problemin həllini tapmaması digər vəzifə sahibləri ilə bərabər, eyni zamanda rayon rəhbərliyinin də işgüzar nüfuzuna gündəlik zərbələr vurmaqda davam edir.

Odur ki, problemin varlığını diqqətdə saxlayacağıq.

Abdulla