backend

Taksi sürücüsünün boğazını kəsən gəncə 14 il iş verildi

Taksi sürücüsünün boğazını kəsən gəncə 14 il iş verildi

















Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirli bilinən 1993-cü il təvəllüdlü Mikayılov Elvin Xanlar oğlunun məhkəmə prosesi yekunlaşıb

qaynarxett.az xəbər verir ki, virtualaz.org saytının əldə etdiyi xəbərə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə görə, Elvin Mikayılov 14 müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2013-cü il, avqustun 31-də Binəqədi qəsəbəsi, 1-ci Mədən küçəsində yerləşən “Kral” marketinin qarşısında baş verib.

Elvin Mikayılov Qazax rayon sakini, 32 yaşlı Yaşar Dərgahquliyevin boğazını kəsərək öldürüb. O, daha sonra mərhumun qardaşı, 29 yaşlı Vüqar Dərgahquliyevə bıçaqla iki dəfə zərbə endirib.

İstintaq araşdırması zamanı müəyyən olunub ki, hadisəyə səbəb Yaşar Dərgahquliyevin avtomobillə onun maşının yanından sürətlə keçməsi olub. “Niva” markalı avtomobillə onu ötüb keçmiş Yaşara çatan Elvin Mikayılov qardaşlara hücum çəkib. Dava cinayətlə nəticələnib.

Törətdiyi cinayət əməlinə görə Elvin Mikayılova Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə), 29,120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) və 29,120.2.7-ci (iki və ya daha çox əxsi öldürməyə cəhd) maddələri ittiham elan olunub.

Təqsirləndirilən şəxs qismində dindirilən Elvin Mikayılov ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O, ifadəsində hadisə baş verən gün Valehə məxsus maşınla evə gəldiklərini göstərib: “Marketin qarşısına çatanda nömrəsini və markasını görmədiyim taksidən üç nəfər düşdülər. Onlardan ikisi yolu keçsə də üçüncü şəxs yolun ortasında dayanmışdı. Valeh həmin oğlanı əli ilə çağırdı və “yolun ortasında niyə dayanmışdın, demirsən ki, olmaz elə, olar belə, səni vurardım” dedi. Vüqar Dərgahquliyev isə onu maşınla vuran oğlanın ünvanına söyüş işlətdi. Mübahisə yarandı. Vüqarın yanındakılar - Natiq və Yaşar da söhbətə müdaxilə etdilər. Onlara içkili olduqlarını deyib sakitliyə dəvət etdikdə Vüqar yumruqla gözümdən vurdu. Əlimlə gözümü tutsam da qan dayanmırdı. Aramızda dava düşdü. Yaşar da üstümə gəldi. Həmin vaxt Valeh Yaşarı, Natiq isə Vüqarı geri çəkib aralaşdırmağa çalışsalar da Vüqar sakitləşmək bilmirdi. Hamı bir-biri ilə dalaşırdı. Artıq gücüm çatmadığını görüb bıçaq çıxarıb özümü qorumaq üçün sağa-sola fırlatdım. Ola bilər ki, həmin vaxt bıçaq Vüqara dəyib. Onları orada qoyub hadisə yerindən uzaqlaşdım. Təxminən on dəqiqə sonra Valehin maşınla arxamca gəldiyini gördüm. Əl-qolu, maşın qanın içində idi. Maşını Balaxanıda qoyub taksi ilə avtovağzala, oradansa Ağsu rayonunun Gəgəli kəndinə getdik. Ağsuda olarkən Valehin qardaşı ilə əlaqə saxladıqda bir nəfərin öldüyünü, digərinin isə can üstündə olduğunu dedi”.

Təqsirləndirilən şəxs məhkəmədə heç kimi öldürmədiyini deyib: “İstintaqın yenidən aparılmasını tələb edirəm. Yaşarı mən öldürməmişəm. Onu qorxutmaq niyyəti ilə sıyrıq atdım. Amma mən öldürmədiyimə əminəm. Orada başqa kiminsə əli var. Kasıbam, yetiməm deyə hər şeyi mənim boynuma qoyurlar. Hadisədə bıçaqlanan Vüqar da öz ifadəsində deyib ki, məni Elvin vurmayıb. Sizdən xahiş edirəm ki, məsələyə düzgün baxın”.

Zərərçəkmiş şəxs qismində dindirilən Nizami Dərgahquliyev ifadəsində oğlu Yaşarın 1999-cu ildən Bakı şəhərində yaşadığını göstərib: “Yaşar 2000-ci ildə ailə həyatı qurub, iki qız övladı var. Oğlum təbiətcə sakit, mehriban insan olub. Yaşar ali təhsilli olsa da Bakıya gələn vaxtdan taksi sürücüsü işləyirdi. Avqustun 31-də Vüqarın arvadı zəng vurub hər iki oğlumun bıçaqlandığını, xəstəxanada olduqlarını dedi. Sonradan Yaşar öldüyü üçün onu dəfn etmək üçün Qazax rayonuna apardıq”.

Hadisə şahidi və olayın iştirakçısı Valeh Əsədullayev Elvini çoxdan tanıdığını, obyektində işlədiyini deyib: “Bizim yoldaş kimi münasibətimiz var idi. Həmin gün də bir yerdə idik. Maşını saxlatdılar. Bu zaman Elvin maşının salonundakı saxlanc yerindən bıçaq götürdü. Aşağı düşürtdülər. Mən biri ilə, Elvin iki nəfər ilə söhbət eləməyə başladıq. Yanımdakı oğlanı söhbəti böyütməmək üçün sakitləşdirməyə çalışdırdım. Bu zaman Elvinlə Yaşar və Vüqar qardaşları arasında əlbəyaxa dava yarandı. Mən qaçaraq onları aralamağa başladım. Elvini vurdular, gözünü tutdu. Bu zaman mənim özüm onlarla dava etməyə başladım. Özümü qorumaq məqsədi ilə dalaşdım. Bir də baxdım ki, Elvin yoxdur. Qaçıb maşına mindim. 200 metr getmişdim ki, Elvini gördüm və maşına mindirdim. Hara getdiyini soruşdum. Elvin həmin şəxsləri bıçaqla qorxutduğunu, kiçik sıyrıq atdığını dedi. Maşını əzilmişdi. Taksi ilə avtovağzala, ordan da Ağsuya getdik. Sabahı gün Elvin təslim oldu. Bundan artıq heç nə görmədim”.

İnarə Rafiqqızı