backend

Fazil Mustafadan onu hədəfə alanlara tikanlı cavab...

Fazil Mustafadan onu hədəfə alanlara tikanlı cavab...


















Millət vəkili Fazil Mustafanın son günlərin dartışılan mövzusuyla bağlı fikirlərini, daha doğrusu, onu qaralamağa çalışanları necə ahəstəcə başa salmasını olduğu kimi oxucuların diqqətinə çatdırır:

"Qonşu ölkənin dəstəklədiyi və qonşu ölkəni dəstəkləyən Birlik.az saytının mövzu ilə bağlı canfəşanlığı başlayanda, ard-arda əleyhimizə yazılar və müsahibələr verəndə mənim üçün anlaşılmayan bir şey qalmadı. Bir azdan saxta vətənşivənlər üçün də məsələnin mahiyyeti tam aydın olacaq. Tarix boyu Azərbaycan türklərinin bütün aydınlanma dövrləri qaragüruhun sərt müqaviməti ilə qarşılaşıb və bu səbəbdən də düşünən aydınlar düşüncəsini gizləyərək sadəcə arxada gileylənməklə məşğul olub. Təsəvvür edin ki, Zaur Əliyev adında bir savadsız siyasi elmlər üzrə fəlsəfə doktoru prezidentə müraciət edir ki, bizim elmi zəkamız onu susdurmağa yetərli olmadığına görə, xahiş edirik inzibati yollarla onu susdurun. Bir vaxtlar BDU-da Politologiyadan dərs demişəm, inanın ki, sadəcə bu məktubun səviyyəsinə görə heç tərəddüdsüz adama iki yazardım. Adam prezidentə mektub yazır, rəsmi adımla deyil, Fazil Qəzənfəroğlu kimi təqdim edir. Yazır ki, "mən bir alim kimi xahiş edirəm". Bir alim kimi, yaxşı olar ki, dissertasiyası ilə, kitabları və məqaləsi ilə tanış etsin, tam məsuliyyətimlə deyirəm, belə bir məktubun müəllifinin elmlə əlaqəsi olmadığını rahatlıqla ortaya qoya bilərəm. Adam ANS-dən də verilişi dayandırmağı tələb edir. Halbuki " bir alim kimi" məni də dəvət edin fikirlərimi bildirim deməyi daha məntiqli görünərdi. Üstəlik həyasızcasına məndən tələb edir ki, xalqdan üzr istəməlisiniz. Sizin xalqınız hansıdır, mən bilmirəm, bizlər öz xalqımızın marağının nələr olduğunu yaxşı bilirik və onun dirçəlişi üçün çalışırıq. DADP adlanan partiyanın hətta soyadını belə xatırlamadığım Əlisahib adlı ərdəmsiz sədri prezidentə müraciət edir ki, Fazil Mustafanın zərərli fikirləri bizi o qədər hiddətləndirmişdir ki, partiyamızın çoxminlik ordusu psixoloji sarsıntı keçirərək dağılmağa başlamışdır. Ardınca Mehman Muradlı adlanan məlum çevrələrdə yaxşı "tanınmış" hüquqşünas və hüquq müdafiəçisi (yəni insan hüquq ve azadlıqlarını qorumaq üçün çalışdığını iddia edən şəxs) Milli Məclisin sədrinə müraciət edir ki, bəs Fazil Mustafaya öz fikir və düşüncələrini söylədiyinə görə xəbardarlıq elan edin. Çağırıb bu gerilikçi adamlara deyərlər ki, Fazil Mustafa proqrama millət vəkili kimi çıxmayıb ki, bizə müraciət edirsiniz. Bu mövzuda tədqiqat aparmış, dissertasiya müdafiə etmiş, məqalə və kitablar ortaya qoymuş bir fəlsəfə doktoru kimi çıxır. Zəkanız, ağlınız, qabiliyyətiniz varsa, çıxın qarşısına doğru hesab etmədiyiniz bircə cümləsini təkzib edin. Bəzən yazırlar ki, gənclər Fazil Mustafanı susdurdu. Sizin böyüklərin necə susdurulduğunun şahidi bütün cəmiyyətdir, indi gör nə ilə özlərinə təsəlli verməklə məşğuldurlar. Teledebatda bir fikrini belə anlaşılan şəkildə izah edə bilməyən Taleh Şahsuvarlı hər gün gedib mənbələrə baxıb oradan mənasız suallar çıxarıb mənə ünvanlayır və sosial şəbəkədə cavab istəyir. Sonra da haray çəkir ki, bəs Fazil Mustafa mənim suallarımı cavablandıra bilmədi. Adama deyərlər ki, bu sualları elə konspektləşdirib televiziyaya gətirərdin, insanlar görərdilər ki, burada cavab veriləsi bir şey var, ya yox. Bir də mütailəli adamlar yəqin ki, bilər, qədim yunan filosofları mənasız suallarla qarşılaşanda susmaqla cavab verirdilər. Babək haqqında heç bir ciddi elmi dəyəri olmayan maklatura ərsəyə gətirən, Ceyhun Bayramlı müdrik bir tədqiqatçı ədası ilə bizə irad bildirir ki, guya həqiqəti təhrif edirik. Onlarla bu cür mövzunun mahiyyətini dərk etməyən, hələ də düşüncə kodu Bəxtiyar Vahabzədənin şeir parçasında kilidlənib qalmış adamlar beləcə bizə ağıl öyrətməyə başlayır ki, Azərbaycan adlı dövlət 1918-ci ildə deyil, qədimlərdə yaranıb. Soruşursan ki, vaxtını deyin bizlər də öyrənək, o zaman dövlətçilik haqqında mənasız mülahizələr oxumağa başlayırlar. Az qala demək istəyirlər ki, bu sirrdir, deyərik ermənilər duyuq düşər.
Baxın, bizim əsaslandırdığımız görüşlərin əsas istinad nöqtəsi Məmmədəmin Rəsulzadənin irsidir. Bəs hap-gop edirsiniz ki, Rəsulzade yolunu gedirik, buyurun Rəsulzadənin də görüşlərinin yalan olduğunu söyləyin. Bundan sonra buyurub mənim qarşımda Rəsulzadə dünyagörüşündən danışın, o zaman cavabımın daha sərt olacağını indidən ehtimal edə bilərsiniz. Mənim tarix şüurumun yenidən formalaşmasında Rəsulzadənin görüşlərinin müstəsna rolu var. Mətnini oxumadan, şüarını, adını əzbərləmisiniz. Bu gün yalnız Rəsulzadəyə qarşı sayğısızlıq etmirsiniz, həm də üç rəngli bayrağa qarşı mövqenizi ortaya qoyursunuz. Bu bayrağı bizim türklük idealını daşıyan babalarımız qaldırıb. Onların Bayrağımızda əks etdirdikləri İslam rəmzini ərəbin dini adı ilə aşağılayırsınız, bu dinə antaqonist olan nə ideya varsa, ona qarşı kim varsa, özünüz üçün bütləşdirirsiniz. Halbuki bu dini babalarımız olan Türklər ərəbin dini kimi deyil, Allahın dini kimi ən səmimi şəkildə qəbul ediblər. Bu dinin tətbiqində xeyli yanlışlar olub və indi də var, ancaq onun mahiyyətində yanlışlıq yoxdur. Bu mahiyyəti qəbul etmirsinizsə, dininizi elan edin və yaşayın, başqasının inandıqlarına sayğısız yanaşmayın. İnanın ki, bir adam səmimi şəkildə özünü Xürrəmi dininə bağlı adlandırsa, bu səmimiyyətə görə ən çox məmnun qalan ve sayğı göstərən mən olardım.
Sağlam düşüncəli insanlar bizim məqsədimizi rahatlıqla sezə bilər. Biz fars-şüübiyyə təməli üzərinə əsrlərdir oturdulmuş tarix şüurumuzu Türk-İslam təməli üzərində yenidən formalaşdırmağa çalışırıq. O zaman sizinlə qəhrəmanlarımız da fərqlənir, idealllarımız da...Bunu da tarixdə baş birləmək üçün deyil, bu günümüzdə doğru xarakter və mühakiməmizin yaranması üçün edirik. Kimin görüşlərinin doğru olmasının ortaya çıxmasını isə diskussiyalar, debatlar təmin edə bilərdi ki, bunun əvəzinə hansısa qəbul etmədiyiniz fikir eşidəndə dərhal yüksək instansiyalara müraciət edərək cəza tələb edirsiniz.
Bu arada unutdum deyəsən, xeyli təəccüblü qalmışdım ki, Milli Məclisdən əleyhimə Fəzail Ağamalı da danışmalıydı, bəs necə oldu? Dünən saytların birində gördüm ki, artıq o da gözlədiyim açıqlamasını verib. Sağ olsun, ümidlərimi puç etmədi.

Dəyərli dostlar! Səhv etmirəmsə, tanınmış rus tənqidçisi Belinskinin sözü olmalıdır. Yazır ki, bu əsəri oxuyanda mənə bir daha aydin oldu ki, nadürüstlər ona görə dürüst insanlar üzərində üstünlük qazanırlar ki, dürüst insanlar nadürüstlər qədər təşkilatlanmağı bacarmırlar. Bu ifadəni mən xüsusi olaraq hansısa səmimiyyətlə, bilgi yetərsizliyindən əleyhimizə olan insanlara qətiyyən şamil etmirəm. Məqsədli, yönləndirilmiş, fikirlərimi bilərəkdən kontekstən çıxarıb başqa yerlərə ötürən şəxsləri nəzərdə tuturam. Bu kampaniyada mən doğru və sağlam mövqe ifadə edən insanların bu təşkilatlanma və həmrəylik boşluğunu daha aydın görəcəklərinə ümid edirəm.
Bu arada mənə dəstək verən minlərlə dəyərli və işıqlı Azərbaycan vətəndaşına ayrıca təşəkkür bildirməyəcəyəm. Çünki millətimizin bir qrup gənclərinin, doğru mühakiməsi olmayan soydaşlarımızın cəhalətin girdabından hələ də 21-ci əsrdə uzaqlaşmaması təşəkkür üçün heç birimizə əsas vermir. Hər kəs əlini daşın altına qoymalıdır, hər kəs çalışmalıdır ki, maarifçilik yolu ilə insanlarımızı realist düşüncə platformasına gətirək. Çünki sabah Qarabağın xilası üçün də cəhalətin qorxusundan gerçəkçi bir proqram, ideya ortaya qoymaqdan çəkinəcəyik. Pafosla, müharibə ritorikası ilə vətənşivənlik edənlərin ağzına baxacağıq ki, birdən hansısa görüşümüz xoşlarına gəlməz. Beləliklə daha 20, 50 il şikəstəmizi yanıqlı-yanıqlı oxumağa davam edəcəyik.
Mənə görə narahat olduğunu bildirən səmimi insanlar da anlamalıdırlar ki, hər kəs gedəcəyi yola götürəcəyi yükün ağırlığını yaxşı bilir. Bir də unutmayaq ki, Allahın ucaltdığını bəndə endirənməz, Allahın alçatdığını da bəndə ucaldanmaz. Lap Nəcib Fazilin dediyi kimi: "məni Allah tutmuş, kim edər azad!"