backend

Azərbaycanın yeni geosiyasi planı

Azərbaycanın yeni geosiyasi planı












Bakı region gücləri ilə anlaşmaqla ətrafında təhlükəsizlik çəmbəri yaratmağa çalışır... Azərbaycanda ABŞ-ın yalnız səfirliyi qalıb... Bakı və Vaşinqton bir-birini sərt tənqid etdi... Bakı niyə və necə ehtiyat edir?!...Bakı son illərdə daha çox region gücləri ilə dil tapmağa çalışır... Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı...İran hakimiyyəti Azərbaycanın getdikcə artan anti-Qərb ritorikasını məmnuniyyətlə qarşılayır...Vaşinqton hiss olunur ki, daha da dərinə getmək niyyətində deyil

Azərbaycan dövlətinin xarici siyasət kursunda kəskin olmasa da, müəyyən dəyişikliklər baş verir. Yalnız ona görə yox ki, son illərdə Azərbaycanda ardıcıl olaraq Qərb institutlarının fəaliyyəti məhdudlaşdırılıb və Qərb paytaxtlarından Bakıya yönəlik tənqidlər sərtləşib. Məsələ ondadır ki, Azərbaycanın yerləşdiyi regionda xeyli dərəcədə aktiv siyasi proseslər gedir və şərtlər Bakını daha çevik və region ölkələri ilə əməkdaşlığa köklənmiş siyasət yürütməyə vadar edir.

Azərbaycanda ABŞ-ın yalnız səfirliyi qalıb

Məsələ ondadır ki, hər nə qədər ənənəvi enerji və təhlükəsizlik layihələrində Azərbaycan Qərblə əməkdaşlığı davam etdirsə də, Bakı son illərdə Qərbə qarşı daha küskün və ehtiyatlı mövqe tutur. Dekabrın 26-da Bakıda Azadlıq radiosunun ofisi bağlandıqdan sonra Azərbaycanda ABŞ-ın yalnız səfirliyi qalıb. Digər ictimai institutlar, o cümlədən Miili Demokratiya İnstitutu, Beynəlxalq Respublikaçılar İnstitutu, İREX və digər nüfuzlu Amerika təşkilatlarının Bakıdakı ofisləri bağlanıb. Bundan başqa ABŞ və ümumilikdə Qərb dövlətləri ilə yaxından əməkdaşlıq edən QHT fəalları, hüquq müdafiəçiləri həbs olunublar, onların təşkilatlarının bank hesablarına həbs qoyulub.

Bakı və Vaşinqton bir-birini sərt tənqid etdi

Bütün bunlar Bakıdan Qərbə və paralel olaraq Qərb paytaxtlarından Bakıya ünvanlı tənqidlərlə müşayiət olunub. Son olaraq yanvarın 12-də Vaşinqtonda Azərbaycanda insan haqları və söz azadlığının durumu ilə bağlı keçirilən dinləmələrdə ABŞ Dövlət Departamentinin yüksək vəzifəli rəsmisi də iştirak edib və Bakıya ünvanlanmış sərt tənqidlər səsləndirilib. Vaşinqton dinləmələrinə cavab olaraq Bakıda da ABŞ-da insan haqlarının vəziyyətinə həsr olunmuş dinləmələr təşkil olunub və Vaşinqtonun ünvanına sərt tənqidlər səsləndirilib.

Əlbəttə, məşhur misalda deyildiyi kimi, bir çiçəklə bahar olmur. Bir neçə dinləmə və ya sərt tənqidi çıxışlar ABŞ-la Azərbaycan arasında formalaşmış münasibətlərin üzərindən xətt çəkmir. Lakin eyni zamanda münasibətlərdə ciddi sualların olduğunu təsdiqləyir.

Azərbaycanda ABŞ qurumlarına qarşı təzyiq kampaniyası, təşkilatların, radionun bağlanması siyasi qərarın nəticəsidir. Eyni zamanda Vaşinqtonda Bakıya yönəlik tənqidi çıxışların, beynəlxalq tribunalarda Bakını sıxışdırmağa cəhdlər siyasi qərarların nəticəsidir

Maraqlıdır, Bakının enerji sahəsində, o cümlədən təhlükəsizlik məsələlərində əməkdaşlıq etdiyi Vaşinqtonla anlaşa bilməməsinin arxasında hansı amillər dayanır? Əlbəttə, hər kəsə aydındır ki, Azərbaycanda ABŞ qurumlarına qarşı təzyiq kampaniyası, təşkilatların, radionun bağlanması siyasi qərarın nəticəsidir. Eyni zamanda Vaşinqtonda Bakıya yönəlik tənqidi çıxışların, beynəlxalq tribunalarda Bakını sıxışdırmağa cəhdlər siyasi qərarların nəticəsidir.

Bakı niyə və necə ehtiyat edir?!

Məsələ burasındadır ki, Ukrayna böhranı ilə başlayan Qərb-Rusiya toqquşmasında, o cümlədən regionda siyasi atmosferin dəyişməsi, Yaxın şərqdə radikal dinçi terrorunun yayılması Azərbaycan hökumətini daha da ehtiyatlı addımlara sövq edir. Eyni zamanda Bakı Qərb-Rusiya qarşıdurması fonunda daha ehtiyatlı manevr etməyə, Rusiyanın və ya Qərbin yayında dayanmamağa çalışır. Çünki istənilən birinə yaxınlaşması dərhal əks tərəfdən zərbə almaq deməkdir. Üstəlik, rəsmi Bakı Qərbdən maliyyələşən ictimai-siyasi qurumların, QHT və hüquq müdafiəçilərinin sərt tənqidlərini həzm etmək istəmir. Ukrayna təcrübəsi göstərir ki, Qərb istəyəndə hətta Rusiyanın “qarnının altında” belə siyasi hakimiyyət dəyişikliyi həyata keçirə bilir. Həmçinin Suriyada baş verənlər zamanı Qərbin hətta ən radikal terror qruplarını dəstəkləməsi Bakını ehtiyatlı davranmağa, potensial təhlükə mənbələrini zəiflətməyə vadar etdi.

Bakı son illərdə daha çox region gücləri ilə dil tapmağa çalışır

Bu səbəblərdən dolayı Bakı son illərdə daha çox region gücləri ilə dil tapmağa çalışır. Rusiya ilə ənənəvi müttəfiq münasibətləri son bir ildə daha da inkişaf etdirilir. O cümlədən İranla bir neçə il soyuq olan münasibətlərdəki gərginlik son iki ildə hiss olunacaq qədər yumşalıb. Eyni zamanda Türkiyənin Rusiya ilə yaxınlaşması Azərbaycanı da öz içinə alır. Bu isə regionda yeni bir güc mərkəzi halına gəlir. Azərbaycan hakimiyyəti bununla həm daxili təhülkəsizlik və sabitliyi təminata almaq, həmçinin Rusiya-Türkiyə yaxınlaşması fonunda Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ciddi addımların atılmasına nail olmağı hədəfləyir.

Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 4-cü iclası keçirilib

Yanvarın 15-də Azərbaycan prezidentinin Türkiyə səfərində məhz bu regional layihələr müzakirə olunub. Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 4-cü iclası keçirilib. İclasda Azərbaycanla Türkiyə arasında iqtisadiyyat, enerji, energetika, nəqliyyat, müdafiə, humanitar sahələrdə əməkdaşlığın perspektivləri, Bakı-Tiflis-Qars, TANAP layihələri ilə bağlı işlərin gedişi, Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub, ikitərəfli, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

İran hakimiyyəti Azərbaycanın getdikcə artan anti-Qərb ritorikasını məmnuniyyətlə qarşılayır

Təbii ki, ortada müəyyən anlaşılmazlıqlar, həll olunmayan məsələlər olsa da, hazırkı situasiya böyük ölçüdə Azərbaycanı təmin edir. Eyni zamanda görünən odur ki, bu vəziyyət qonşu İranı da razı salır. İran hakimiyyəti Azərbaycanın getdikcə artan anti-Qərb ritorikasını məmnuniyyətlə qarşılayır. Bu həftə hökumət kabinetinin toplantısında Azərbaycan prezidentinin çıxışını şərh edən İran Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyyə Əfxəm bildirib ki, Azərbaycan Respublikası öz imkanı və potensialına uyğun formada regional və beynəlxalq proseslərdə rol almağa çalışır.

O, İlham Əliyevin “heç kim Azərbaycanla ultimatum dilində danışa bilməz” sözlərini dəstəklədiklərini bildirib: “Bu gün dünyamızdakı proseslər böyük ölkələrin öz maraqlarını diktə etdirməsi dövrünün başa çatdığını göstərir. Azərbaycan Respublikası Prezidenti elə bu istiqamətdə aydın formada bəyan etdi ki, heç bir ölkə bizimlə ultimatum dillə danışa bilməz. Bu o deməkdir ki, Azərbaycan Respublikası öz imkanı və potensialına uyğun formada regional və beynəlxalq proseslərdə rol almağa çalışır. Bu çərçivədə İran ilə Azərbaycan arasındakı yaxın münasibətləri görməzliyə vurmaq olmaz. Hər bir ölkə öz yerləşdiyi məntəqədə söz sahibidir. Ölkələr öz milli maraqlarını tam ayıqlıqla izləyirlər. Elə bu istiqamətdə özlərinə etibarlı müttəfiqlər və dost ölkələr seçirlər. Bu baxımdan İran İslam Respublikası Azərbaycan Respublikasının müstəqil siyasət yürütməsini alqışlayır”.

Vaşinqton hiss olunur ki, daha da dərinə getmək niyyətində deyil

Göründüyü kimi, həm Türkiyə, həm İran, həm də Rusiya Azərbaycanla indiki əməkdaşlıqdan məmnundurlar. Elə rəsmi Bakı da etibarlı qonşuluq münasibətlərindən məmnundur. Qərblə münasibətlərə gəldikdə, hazırda ABŞ hakimiyyəti də anlayır ki, Bakıya qarşı daha kəskin hücumlar əks-nəticə verə bilər. Bu səbəbdən də Vaşinqton hiss olunur ki, daha da dərinə getmək niyyətində deyil. Bunu Vaşinqtondakı dinləmələrdə çıxışında Dövlət Departamentinin yüksək vəzifəli məmuru Tomas Melia da bildirib. Onun sözlərinə görə, Vaşinqton Bakı ilə daha yüksək səviyyəli əməkdaşlıq quracağına ümid edir.