backend

Ofsaytda saxlanan nazir

Ofsaytda saxlanan nazir















Mikayıl Cabbarovun tələsik və uğursuz siyasətinin zərbəsi kimə dəyir?

Uzun illərdən bəri müəllimlərin böyük səbirsizliklə gözlədiyi maaş artımı intizarına nəhayət son qoyuldu. (əgər buna son qoymaq demək olarsa). Bununla belə bu artım heç də hamı tərəfindən bir mənalı qarşılanmadı. Çünki bu artım sevincini yaşamaq heç də bütün müəllimlərə deyil, yalnız dövlət ümumtəhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan bir qrup müəllimə nəsib olacaq, özü də həftəlik dərs yükünün optimallaşdırılması hesabına.Yəni "stavka" sovet dönəmində olduğu kimi, yenidən 12 saatdan 18 saata qaldırılacaq. Diaqnostik qiymətləndirmə dedikdə isə ötən ilin yayında paytaxt müəllimlərinin cəlb olunduqları ikimərhələli sınaq imtahanları nəzərdə tutulur.
Kimisə 2 dəfəlik artımın o qədər də real görünmədiyini, bunun 30 faizdən də az olacağını, kimisə müəllim-şagird nisbətinin buna imkan verməyəcəyini, kimisə də digər bir çox dolaşıqlıqları əsas gətirməklə, məsələyə öz münasibətini bildirdi. Bu da gözlənilən idi. Çünki Təhsil Nazirliyinin problemə münasibəti və məsələnin həllində tutdugu mövqe elə əvvəldən optimallıq baxımından o qədər də uğurlu deyildi. Qərar isə məhz bu ali təhsil qurumunun hökumətə təqdim etdiyi təkliflər əsasında verilib və göründüyü kimi, heç də ümumilikdə müəllim zümrəsinin maaş artımı olmayıb, yalnız paytaxtın müəllimlərı üçün stimullaşdırıcı artım xarakteri daşıyır.
Məlum olduğu kimi, hələ 1999-cu ildə qəbul olunmuş Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramında pedaqoji kadrların attestasiya sisteminin yaradılmasına, onların əməyinin obyektiv qiymətləndirilməsinə, yaradıcı, böyük ustalığa malik müəllim və tərbiyəçilərin maddi və mənəvi stimullaşdırılmasına, onların əmək haqqının ödənilməsinə diferensial yanaşmanın tətbiqinə lazımi diqqət yetirilməməsi xüsusi olaraq vurğulanmış, bu məqsədlə rəhbər və pedaqoji kadrların attestasiyasının 2004-cü ilə qədər başa çatdırılması nəzərdə tutulmuşdu.
On illik bir dövr ərzində qəti mövqe ortalığa qoymaq, illərdən bəri biganəlik göstərilən məsələni həll etmək əvəzinə, Təhsil Nazirliyi müəllimlərə lisenziya, bir müddət sonra sertifikat verilməsi, daha sonra könüllü attestasiya keçirilməsi barədə müxtəlif versiyalar irəli sürməklə məşğul oldu.
Nəhayət, son olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsinin xidməti məktubunu əsas götürərək, ötən ilin mayında "Müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi barədə" (06 may,2014-cü il, № - 526) əmr verdi ki, bu da öz növbəsində bir çox ekspertlər tərəfindən monipulyasiya kimi qiymətləndirilərək, səs-küysüz ötüşmədi. Həmin əmrə əsasən, Bakı şəhəri üzrə Təhsil İdarəsinə tapşırılırdı ki, sınaq qiymətləndirməsinin nəticələri əsasında, ümumi təhsil üzrə fənn kurikulumlarının və ixtisasartırma təhsil proqramlarının təkmilləşdirilməsi, müəllim hazırlığı proqramlarının yeniləşdirilməsi üzrə təkliflər hazırlayıb, təqdim etsinlər.
Təhsil Nazirliyinin yüksək çinli məmurları isə, əmrin təbliği istiqamətində müəllimləri əmin etməyə çalışırdılar ki, "sınaq qiymətləndirilməsi müəllimə öz bilik və bacarığını obyektiv dəyərləndirmək, peşəsi üçün əhəmiyyətli olan, zəif və güclü cəhətlərini müəyyən etmək imkanı verəcək. Sınaq qiymətləndirilməsi diaqnostik xarakter daşıyır və müəllimlərin attestasiyasına hazırlıq məqsədi ilə keçirilir.
Əmrdən və açıqlamalardan göründüyü kimi, əmək haqqı məsələsi nazir əmrinin predmeti olmayıb. Lakin bir müddət keçdikdən sonra isə, müəllimlərin ənənəvi sentyabr müşavirəsində nazir səviyyəsində rəsmən bəyan edildi ki, attestasiyadan keçməyən müəllimlərin əmək haqqı artırılmayacaq. Nə baş verdi?
Əvvəla, dilimizdə sınaq anlayışının özü elə sınaq xarakteri daşıyıb, bir növ "məşq" anlamına gəlir və yalnız Bakının 300 məktəbindən 28 mindən bir az artıq olan müəllim kontingentini əhatə edir. İkincisi, regionlarda çalışan on minlərlə müəllim nə günah sahibidir ki, ayrı seçkilik aparıb, onları bu sınaqlara cəlb etməyiblər? Ümumiyyətlə, müəllimləri şəhər-kənd kateqoriyasına bölmək hansı məntiqdən irəli gəlir? Üçüncüsü, yalnız ikinci mərhələyə ehtiyac yarandıqdan sonra "yekunlaşan" imtahanlardan bütün müəllimlərin keçib- keçməməsinə, habelə bu imtahanların nə dərəcədə obyektiv və şəffaf olmasına da tam təminat yoxdur.
Nəhayət, heç də bütün müəllimlər gözlənildiyi kimi, tələb olunan nəticələrə nail ola bilməyiblər. Bu mənada, maaş artımının sınaq qiymətləndirmədə zəif və yüksək nəticə göstərmələrindən asılı olmayaraq, hər kəsə şamil edilməsi, istər Təhsil sahəsində islahat Proqramının, istərsə də Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının müddəaları ilə uzlaşmır. Strategiya müəllimlərin maddi motivasiyasının yaxşılaşdırılmasını önə çəkərkən səriştə və nəticə əsaslı diferensiallaşmış, əmək bazarında rəqabət qabiliyyətli əmək haqqı sisteminin yaradılmasını nəzərdə tutur. Hazırkı məqamda isə səriştə və nəticə nəzərə alınmamış olur.
Digər bir məsələ. Təhsil Nazirliyi "Müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi barədə" verdiyi əmrə birmənalı münasibət bildirmədiyi kimi, maaş artımı ilə bağlı verilən qərara da ikili münasibət sərgiləyir. Nazirlikdən verilən ilkin açıqlamaya görə, maaş artımı sınaq qiymətləndirmədə zəif və yüksək nəticə göstərmələrindən asılı olmayaraq hər kəsə şamil ediləcək. Növbəti gün isə nazir bəyan edir ki, "bizim məqsədimiz ondan ibarətdir ki, yüksək nəticə göstərmiş müəllimlərın əmək haqqı ilə o qədər də yüksək nəticə göstərməyən müəllimin əmək haqqında fərq olmalıdır". Sınaq qiymətləndirilməsi nəticəsində yüksək nəticə əldə etmiş müəllimlərlə zəif nəticə əldə etmiş müəllimlərin dərs yükünün miqdarı direktorlar tərəfindən tətbiq olunacaq.
İstər-istəməz müəyyən suallar meydana çıxır. Əgər qiymətləndirmənin nəticələri nəzərə alınmayacaqdısa, yayın qızmarında kimlərisə iş-gücündən, kimlərisə istirahətindən və məişət qayğılarından ayırıb, sınaq imtahanlarına cəlb etməklə ajiotaj yaratmağa nə ehtiyac var idi? Elə isə, bu halda nəyə görə maaş artımı bütün müəllimlərə deyil, yalnız qiymətləndirmədən keçənlərə aid edilir? Rəhbərlik etdiyi məktəbə müəllim götürməkdə belə etibar edilməyən direktora yüksək və zəif müəllimi dəyərləndirmək müəyyən problem yaratmayacaqmı?
Başqa bir mühüm məsələ. Mərhələlər üzrə həyata keçirilməli olan bu prosesdə, ilkin olaraq müəllimlərin həftəlik dərs yükünün optimallaşdırılması ilə bağlı məsələlər öz həllini tapmalı idi. Dərs yükü normasını 1,5 dəfə artırıb, 12 saatdan 18 saata çatdırarkən, 6 saat dərs yükü kimdən alınıb, kimə veriləcək? Axı bir çox müəllimlərin heç 12 saat da dərsi yoxdur. Bu, ixtisarlar etmək hesabınamı reallaşacaq? 18 saatdan artıq dərs yükü olanların əmək haqqına təsiri hansı səviyyə ilə ölçüləcək? Müəllim artıqlığı və çatışmazlığı olan regional məsələlər necə həll olunacaq və s.
Bir qrup müəllimin maaşını "2 dəfə" artırmaqdansa (əgər bu reallığı əks etdirirsə), cüzi olsa belə, bütün müəllimlərin əmək haqqını qaldırıb, onları da sevindirmək, daha ədalətli və humanist addım olardı. Çünki harda çalışmasından asılı olmayaraq, paytaxtdakılar da, regiondakılar da, diaqnostikadan keçib keçməməsindən asılı olmayaraq, şərəfli müəllim adı daşıyır və onların hər birinin maddi və mənəvi cəhətdən dövlət dəstəyinə böyük ehtiyacları var.
Bütün müəllimlər eyni əmək haqqı ala bilməz, məntiq də, dünya təcrübəsi də bunu deyir. Bunun üçün isə, normal attestasiya keçirib müəllimlərin ixtisas və peşə səviyyəsinə obyektiv qiymət verib dərəcələndirməklə fərqi aradan qaldırmaq olar. Bu isə ciddi hazırlıq işlərinin aparılmasını tələb edir, yəni proses tam başa çatdıqdan sonra, strategiyada nəzərdə tutulduğu kimi mərhələlər üzrə, səriştə və nəticə əsasında, diferensiallaşdırılmış qayda stimullaşdırma mexanizmlərini tətbiq etmək, özünə güvənənlər üçünsə ilkin olaraq könüllü attestasiya keçirmək olardı. Hər halda kimlərinsə təəccübündən, kimlərinsə təəssüfündən asılı olmayaraq hamını əhatə etməsə belə, müəllimlərin əmək haqqının hər hansı bir formada artması təqdirəlayiq haldır. Ümid edək ki, çox keçməz, digərləri də sevinər.
Bir məqamı da qeyd etmək yerinə düşərdi ki, bu Təhsil Nazirliyinin tələskənliyə yol verdiyi birinci hal deyil. Regional Təhsil İdarələrinin yaranmasının təxirə salınması da var. Böyük canfəşanlıqla cəmiyyətə təbliğ etdiyi bir islahatın dayanmasını təhsil nazirliyi elə tətəqdim etdi ki, sanki hansısa telekanalın proqramında dəyişiklik baş verib və məhşur bir müğənninin konsertinin videoyazısının göstərilməsi təxirə salınıb. Bəli bu qədər qeyri-ciddi və məsuliyyətsizcəsinə... Əslində isə, Söhbət prezidentin imzasından gedirdi. Təhsil naziri Mikayıl Cabbarovun Regional Təhsil İdarələrinin yaradılmasında nə qədər ciddi və məsuliyyətli olduğunu deyə bilmərik, amma ortada olan fakt budur ki, bu məsələ ilə bağlı prezidentin sərəncamı var idi. Axı nə baş verdi ki, "korrupsioner və mühafizəkar” Misir Mərdanovu əvəzləyən "gənc islahatçı” Mikayıl Cabbarov sözünün üstündə dura bilmədi? Bu bir yana prezidentin iradəsinə qarşı duran və qalib çıxan hansı qüvvədir? Normal ölkələrdə bu sualların cavabını islahatlar paketini prezidentə təqdim edən qurum-indiki halda təhsil nazirliyi verməli idi. Amma hadisələrin gedişi onu göstərir ki, Mikayıl Cabbarov və təhsil nazirliyi "ofsayt”da saxlanılıb.