backend

Dərbənd rəhbərliyinə azərbaycanlı gətirildi - (Yenilənib)

Dərbənd rəhbərliyinə azərbaycanlı gətirildi - (Yenilənib)

















Dağıstanın Dərbənd şəhər bələdiyyəsinin sədri postuna yeni təyinat olub

qaynarxett.az xəbər verir ki, Virtualaz.org saytının Dağıstan müxbirinin Dərbənd şəhər administrasiyasındakı mənbəyə istinadən verdiyi xəbərə görə, bu posta yerli azərbaycanlı Məhəmməd Cəlilov təyin edilib. M.Cəlilov buna qədər Dərbənd şəhər Daxili İşlər İdarəsində nəqliyyata nəzarət şöbəsinin rəisi olub.

Qeyd edək ki, bələdiyyə sədri postu Yəhya Hacıyevin bu vəzifədən getməsindən sonra boş idi. Y.Hacıyev bələdiyyə sədri vəzifəsində qısa müddət işləyib. Dağıstan rəhbərliyi ötən ilin oktyabrında Dərbənd meri, yerli azərbaycanlı Qurban Qurbanovu həbs edəndən sonra Y.Hacıyevi bir növ əlacsızlıqdan bu posta yətin etmişdi. Q.Qurbanov vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunur. İstintaqın versiyasına görə, Qurbanov Dağıstan Respublikasının mülkiyyətində olan torpaqları ayrı-ayrı adamlara qanunsuz olaraq satıb.

Y.Hacıyevin təyinatı lap əvvəldən müvəqqəti addım sayılıb. Hərçənd ki, şəhər rəhbərliyi ona böyük ümidlər bəsləyirdi.

Ekspertlər M.Cəlilovun da təyinatının müvəqqəti olacağını düşünürlər. Onların fikrincə, əgər Dərbəndin azərbaycanlı sakinlərinin tələbləri yerinə yetsə və şəhər rəhbərliyi dəyişsə, hələ çox kadr islahatları olacaq.

* * *16:42

Dağıstanın Dərbənd şəhərinin azərbaycanlı sakinləri yenidən etirazlara başlayıblar.

qaynarxett.az xəbər verir ki, Virtualaz.org saytının Dağıstandakı xüsusi müxbiri xəbər verir ki, yüzlərlə sakin dünən - yanvarın 20-də yenidən mitinqə çıxaraq Dərbənd şəhər administrasiyasını mer İmam Yarəliyevin özünü gözdən salmış komandasının üzvlərindən təmizləməyi tələb ediblər.

Mitinqi əvvəlcə Dərbəndin Nizami Gəncəvi adına parkında keçirmək planlaşdırılmışdı. Lakin təyin olunan vaxtda parka toplaşan dərbəndlilər parkın OMON tərəfindən mühasirəyə alındığını və OMON-un sakinlərdən dağılışmağı tələb etdiyini görüncə aksiya məkanını dəyişməyə qərar veriblər. Nəticədə aksiyanı “Tac Mahal” ziyafət zalında keçirməyə məcbur olublar.

Narazı Dərbənd sakinləri həmin toplantıda şəhərdəki ictimai-siyasi vəziyyəti müzakirə ediblər, məmurlar arasında korrupsiyanın səviyyəsinin həddən artıq yüksək olduğunu vurğulayıblar.

Çıxış edənlər Dərbənd şəhərinin qarşıdan gələn yubileyi məsələsinə də toxunublar. Qeyd ediblər ki, şəhərə yeni, vicdanlı və təmiz rəhbərlər lazımdır. Onlar bildiriblər ki, İ.Yarəliyevin artıq nüfuzdan düşmüş komandasının fəaliyyəti ilə barışmaq niyyətində deyillər və öz tələblərində axıradək qalacaqlar.

Xalq toplantısının iştirakçıları bu gün - yanvarın 21-də Dərbənd şəhər administrasiyasının başçısı səlahiyyətlərini icra edən Mövsüm Rəhimova yazılı şəkildə müraciət ünvanlamaq niyyətindədirlər. Onlar M.Rəhimovdan şəhərin deputatları ilə sakinlərin görüşünün təşkil olunmasını tələb edəcəklər. Narazı azərbaycanlıların deputatlara bir sualı var: Dərbənd merinin yenidən seçilməsi nəyə görə belə tələm-tələsik şəkildə və çoxsaylı qanun pozuntularının müşayiəti ilə həyata keçirildi?

Xatırladaq ki, bu, Dərbənd azərbaycanlılarının ilk belə aksiyası deyil. Yanvarın əvvəllərindən bəri artıq bir neçə belə etiraz aksiyası keçirilib. Narazı azərbaycanlılar şəhərin indiki rəhbərliyinin istefaya getməsini, azərbaycanlılar yaşayan məhəllələrin sosial-iqtisadi problemlərinin həllini tələb edirlər.