backend

KÖŞƏ

KÖŞƏ










Fəaliyyət Qurbanov

Çibin taleyi


...Gözəl nemətdi. Görmə qabiliyyətini deyirəm. Ömrü boyu bu nemətin işığında göyün mininci layında komfort şəraitdə buğlananlar həyatın aşağı mərtəbələrinə nəzər salıb dünyanın ümumi gedişatı barədə heç olmazsa məlumat almaqda belə maraqlı deyillər. Çünki, Yerə yaxınlaşdıqca problemlər azalmaq bilmir,az-az almağa öyrəşməyiblər lələlər. Rüşvətə allergiyası olanlara mantu qoyub seçələyirlər. Vay o kəslərin halına ki, Mayallaq müəllimin sərəncamına göndərilmiş olsun. Orda ombudsman sənin protokolunu qollayan kimi sürütmə edib buraxırlar cənnət dünyanın dibinə katorqaya. Yaşa qadooyalım...xiyar ək, balqabaq yetişdir zəncir çeynəyə-çeynəyə...İndi de görüm belə çibin taleyi yaşamaq səninmi alınına yazılıb?
Yaxşısı budu göydə oturub muncuq kimi ulduzlardan növbənöv təsbeh qayırasan,sonra da bala-bala onu sağ əlindəki dırnağı qopmuş baş barmağın başına çevirməklə vaxt öldürəsən. Adamın sinirlərini yersiz və gərəksiz qayğıdan azad edir, öz dividendləriylə quraqlıqdan qurtuldur e. Yetişib olursan parabeyin. Belə mötəbər insanların başındakı bir yana, gözündəki həqiqətləri oxumaq da çətin olur. Baxırsan, görmə qabiliyyətini itirmiş kimidir. Amma hər şeydən xəbəri var. İşverənlik ənənələrinə uyğun həyat tərzi onun qapısını simasız üzlərə taybatay açıb. Gender vasitəçiliyi sayəsində dədəsinin müştərək kəşf etdiyi bu şəxsiyyətin haqqın özünü belə ələkdən keçirib yaratdığı "danqır" obrazında indulgensiya alverçisi gizlənib, həyatın aşağı mərtəbələrindəki ağbaş qaragün professorlara, dəngiş doktorlara elmin üzünü açır, sirlərini qaynadır, sivil mədəniyyət dərsi keçir, kor-koranə. Bəli, nə sənlikdi, nə də mənlik. Bütün cəmiyyətin dərdidi bu viranə öyrətmənlik... Utandığımızdan gizlədirik. Gizlinlərin neqativ aurasında gözəgörünməz olmuşuq, utancdan. Əgər həqiqətən belədirsə, bə nə üçün günahı yuxarı mərtəbələrdə axtarırıq? Güzgüdən qaçırıq, qaqa, ona görə də tapa bilmirik. Bir zamanlar çoxları kimi mənim özümə də elə gəlirdi ki, cəmiyyətin mənəvi intihar həddinə gətirilməsində günahkar axtarmaq üçün insanların gözünə baxmaq əvəzinə əlinə baxmaq lazımdır. Bilmirəm bu qənaətə hansı səbəbdən gəlib çıxmışdım, amma elə bilirdim ki, mütləq həqiqəti kəşf edib qiymətli və əvəzsiz bir nemət kimi təfəkkürümdə gizlətmişəm. O kəşfin havası tez dağılıb uduldu ağ ciyərlərə əvəzinə hübab çıxdı, iylənmiş hübab. Çünki, hər şey matveyin sərgisi kimi göz qabağındaydı. Sadəcə bu həqiqəti görməyə kimsənin qabiliyyəti çatmırdı. Bu bathabatda adamların əlindəkini əvvəlcə aldadıb alanlar çoxaldı. Ardınca çınqır çıxaranların kürəyində "peştəzol" yapdılar, elliyinin əlindəkini xoşluqla qapdılar. Hələ ki, doyan yoxdu. İndi təpəgözlə kəlləgöz milyon üstündə qapışır. Bu meydan bizlik deyil. Bizimki pullu ayaqyolulardakı havayı güzgülərdi, baxıb cızığından çıxmadığını yəqin edəsən.