backend

Vəhhabi kralı öldü, neft bahalaşdı

Vəhhabi kralı öldü, neft bahalaşdı














Yanvarın 23-nə keçən gecə beynəlxalq informasiya agentlikləri vəhhabi krallığı taxt-tacının sahibi-Səudiyyə Ərəbistanı kralı Abdulla ben Əziz əl-Səud 91 yaşında vəfat etdiyinə xəbər verib

Səudiyyə Ərəbistanının kral sarayında baş verənlərin dünya bazarlarında neftin qiymətinə və Yaxın Şərqdəki vəziyyətə təsiri nəzərə alınaraq kralın ölümü beynəlxalq gündəmin əsas müzakirə olunan hadisəsinə çevrilib. Çünki dünyanın neft ixrac edən ən iri ölkəsinin rəhbərinin səhhətinə dair xəbərləri fond birjaları həmişə xüsusi həssaslıqla qarşılayırdı. Təsadüfi eyil ki, kralın ölümü haqda xəbər təsdiqlənəndən sonra dünya birjalarında neft 2 faiz bahalaşıb.

qaynarxett.az Virtualaz.org-a istinadən xəbər verir ki, kral ötən il dekabrın 31-də pnevmoniya diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.

Xəbərlərə görə, Səudiyyə telekanalları monarxın xəstəxana palatasında uzandığını əks etdirən kadrları yayır. Fonda isə Quran ayələri oxunur. Bu isə o deməkdir ki, Abdulla ben Abdel Əziz əl-Səud vəfat edib. Bu günlərdə KİV-lər onun öldüyünü xəbər versələr də şayiələr təkzib edilmişdi.

“Saudi Press Agency”nin xəbərində deyilir ki, Səudiyyə Ərəbistanın yeni kralı müdafiə naziri, 79 yaşlı Salman ben Abdel Əziz əl-Səud olub. Şahzadə Salman 2012-ci ildə taxt-tacın varisi seçilmişdi. Onun varisi isə öz növbəsində 69 yaşlı şahzadə Makrin ibn Abdel Əziz olub.

Son illər kral Abdulla onsuz da hakimiyyətin idarə edilməsində çox az iştirak edirdi və bir neçə dəfə onurğasında cərrahiyyə əməliyyatı keçirmişdi. Kral Abdulla 2005-ci ildə kral Fəhdin 85 yaşında vəfat etməsindən sonra taxt-taca sahiblənib. Əslində isə kral Fəhd hələ 1995-ci ildən ağır xəstə olduğundan Abdulla krallığı idarə edirdi.

Vəhhabi kralı öldü, neft bahalaşdı




















Sülalənin banisi əl-Səud

Monarx - Səudiyyə Ərəbistanının siyasi hakimiyyətində mərkəzi fiqurdur. O, eyni zamanda həm ali dini rəhbər, həm də silahlı qüvvələrin baş komandanı və baş hakimdir. Hərçənd ki, formal olaraq kral qanunverici orqan deyil. Çünki Səudiyyə Ərəbistanı qatı şəriət qanunları ilə idarə olunur, bu qanunlar isə yüz illərlə əvvəldən yazılıb və dəyişə bilməz.

Kral Abdullanın vəfatı ilə bağlı xarici ölkə liderlərindən ilk başsağlığı mesajını ABŞ prezidenti Barak Obama verib.

“Əsl lider kimi o, fikirlərini açıq bəyan etməkdən və öz inanclarına malik olmaqdan çəkinmirdi”- deyə Obama bildirib.

ABŞ prezidenti deyib ki, belə inanclardan biri Amerika ilə Səudiyyə arasında münasibətlərin mühümlüyü olub: "Bizim ölkələrimiz arasında yaxınlıq və tərəfdaşlıq münasibətləri kralın irsinin bir hissəsi olaraq qalır”.

B.Obama əlavə edib ki, onun kralla yaxın dostluq münasibətləri var idi.

Kralın vəfatı xəbərini eşidən Misir prezidenti Abdel Fəttah əl-Sisi Davos İqtisadi Forumunda iştirakını yarımçıq kəsərək İsveçrədən vətəninə dönüb. Onun tezliklə Səudiyyə Ərəbistanına yola düşəcəyi bildirilir. Orada Misir rəhbəri kralın dəfn mərasimlərinə qatılacaq. Misir prezidenti hakimiyyətə gələndən sonra onun kralla isti münasibətlərinin formalaşdığı da bildirilir. Ötən ilin iyun ayında monarx Qahirəyə səfər edərək əl-Sisiyə dəstəyini şəxsən ifadə edib.

Yaxın Şərq üzrə analitiklər deyir ki, kralın ölümündən sonra taxt-taca şahzadə Salmanın yiyələnməsi vəhhabi krallığında hakimiyyət uğrunda mübarizənin bitdiyini göstərmir. Çünki şahzadə Salman özü də xeyli yaşlıdır, üstəlik xəstədir. İnsult keçirib və başqa digər xəstəlikləri də var. Buna görə də Salman hakimiyyətdə çətin ki, uzun müddət qala bilsin.

Analitiklər hesab edir ki, kral Abdullanın ölümündən sonra hakimiyyətin Salmana keçməsi, Salmanın varisinin isə artıq müəyyən edilmiş olması hələ hakimiyyətin ötürülməsinin gələcəkdə rəvan keçəcəyini göstərmir. Çünki Səudiyyə krallığının siyasi elitası yol ayrıcındadır və iki əsas fraksiyaya bölünüb.

Bu ölkədə hakimiyyət uğrunda mübarizə Abdel Əzizin doğma qardaşlarından formalaşan “Sudayri klanı” ilə onun digər törəmələri arasında gedir. “Sudayri klanı” sülalənin əsasını qoyan əl-Səudun sayca altıncı, ancaq ən sevimli arvadı olan Hassa bint Əhməd əl-Sudayridən olan oğlanlarından ibarətdir. Qardaşların sayı yeddi olub, ona görə də onları “Sudayri yeddiliyi” adlandırdılar.

Ancaq qardaşlardan əvvəlcə kral Fəhd, daha sonra şahzadə Sultan və Nayef öldüyündən bu ad aktuallığını itirdi. İndi bu qruplaşmaya hazırda taxt-taca yiyələnmiş Salman və şahzadə Mukrin, keçmiş müdafiə naziri şahzadə Abdulrəhman, şahzadə Turki və keçmiş daxili işlər naziri şahzadə Əhməd daxildir.

Kral Abdulla “Sudayri klanı”nın müqavimətinə baxmayaraq hakimiyyətə gəlmişdi. Bu, Abdullanın qardaşlarının və onun uzun müddət başçılıq etdiyi Milli Qvardiyanın dəstəyi sayəsində baş vermişdi. Buna baxmayaraq Abdulla tacı alandan sonra güclü “Sudayri klanı” ilə münaqişəyə girməməyi qərara almışdı.

Buna baxmayaraq kral Abdulla şahzadə Salmana öz müttəfiqini - şahzadə Mukrini müavin, yaxud varis təyin etdi. Bu da çoxlarını təəccübləndirdi. Əvvəla, Mukrin ümumiyyətlə şahzadə deyil, çünki o, əl-Səudun sarayda xidmətçi işləmiş yəmənli qul qadından olan oğludur. Bu yəmənli qul qadın rəsmi olaraq əl-Səudun 18-ci arvadı hesab olunsa da hesab edilir ki, onların arasında evlilik rəsmi olmayıb.

İkincisi, Mukrini Salmana varis təyin etməklə kral Abdulla varisin yaşa görə təyin edilməsi prinsipini pozub. Çünki Mukrindən əvvəl Abdulrəhman, Turki və Əhməd gəlirdilər. İndi analitiklər kral taxtına oturmuş Salmanın hakimiyyətə digər iddiaçılarla münasibətlərinin necə olacağını gözləyirlər...

F.Məmmədov