backend

Məmur ailələrinin qandonduran biznesi

Məmur ailələrinin qandonduran biznesi















Özəl autizm mərkəzlərinin arxasındakı tükürpədən sirr

"Azərbaycanda fəaliyyət göstərən özəl autizm mərkəzlərinin qiymətləri hədsiz bahadır. Əksər valideynlərin öz uşaqlarını həmin mərkəzlərə aparmaq imkanı yoxdur”. Bu barədə xəbəri redaksiyamıza məlumatlı mənbə verib. Ən ilginc məqam isə odur ki, belə autizm mərkəzlərini əksər hallarda vəzifəli şəxslərin ailə üzvləri açırlar. Onlar hesab edirlər ki, həmin mərkəzlər vasitəsi ilə yaxşı gəlir əldə etmək mümkündür.
Əslində doğrudan da belədir. Autizm xəstəliyindən əziyyət çəkən uşaqların valideynləri maddi vəziyyətləri nə qədər ağır olsa da belə, övladlarının sağlamlığı naminə hətta borc-xərc olsa belə, onları belə autizm mərkəzlərinə aparmaq məcburiyyətində qalırlar. Xatırladaq ki, autizm üç yaşından əvvəl başlayan və ömür boyu sürən, ictimai qarşlılıqlı təsirə və ünsiyyətə zərər verən, məhdud və təkrarlanan davranışlara gətirib çıxaran beyinin inkişafına maneə törədən bir xəstəlikdir. Autizm beyinin bir çox qisiminə təsir edir, amma bu təsirin necə inkişaf etdiyi məlum deyil. Valideynlər ümumiyyətlə uşaqlarının həyatının ilk iki ilində əlamətləri hiss edirlər. Erkən davranış ya da qavrayış müdaxilələri uşaqların özünə baxa bilmə bacarığı ilə ictimai və ünsiyyət bacarıqlar qazanmasına köməkçi ola bilər. Autizmin çarəsi yoxdur. Autistik uşaqların çox azı yetkin olduqdan sonra sərbəst həyatda hansısa uğurlara müvəffəq ola bilir.
Əvvəllər adını belə bilmədiyimiz autizm sindromu hazırda Azərbaycanın bəlasına çevrilməkdədir. Son 3 ildə autizm sindromu ilə doğulan uşaqların sayı xərçəng, şəkərli diabet xəstələrinin sayını ötüb. Hazırda hər 100 uşaqdan 2-si autizmli doğulur.
Çox acınacaqlı haldır ki, Azərbaycanda autizmli uşaqların reabilitasiyası ilə məşğul olan dövlət qurumu, mərkəz yoxdur. Əvəzində özəl autizm mərkəzləri fəaliyyət göstərir ki, burada da qiymətlər orta statistik azərbaycanlının cibinə uyğun deyil. Hələ ötən il Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi İçtimai Birliyinin sədri Çiçək Məmmədli mətbuata açıqlamasında həmin mərkəzlərin məmur ailələri üçün gəlir mənbəyinə çevrildiyini demişdi: "Son vaxtlar özəl mərkəzlər yaradılıb, autizmli uşağın yarm saatlıq təlimi 20-25 manatdır. Məmur xanımları özəl təlim mərkəzləri yaratmaqla bu problemin üzərində biznes qurublar. Bilirlər ki, valideyn evini satıb küçələrdə qalacaq, amma o vəsaiti tapıb təlimlərə verəcək”.
Qeyd edək ki, bizə daxil olan məlumatlarda da özəl autizm mərkəzlərinin əksəriyyətinin arxasında müəyyən məmurların ailə üzvlərinin dayandığı təsdiqlənir. Bir sözlə, bəzi vəzifəli şəxslərimiz olduqca ağır bir xəstəliyin qurbanlarını da özlərinin gəlir mənbəyi kimi görürlər. Əlbəttə, özəl autizm mərkəzlərinin pullu olmasında qeyri-təbii heç nə görmürük. Amma heç olmasa, belə mərkəzləri açan məmur ailələrinin üzvləri oradakı qiymətləri orta statistik vətəndaşın cibinə uyğunlaşdıra, daha az qazanmaq haqqında düşünə bilərlər.
Nəhayət, başda Səhiyyə Nazirliyi olmaqla hökumət qurumları da autizm xəstələrini və onların valideynlərini kimlərinsə maddi maraqlarının pəncəsindən qurtarmaq, onlar üçün əlçatan müayinə-müalicə imkanları yaratmaq haqqında düşünməlidirlər.