backend

Ziya Məmmədov bir ildə 2 milyard manatdan çox pulu neyləyib?

Ziya Məmmədov bir ildə 2 milyard manatdan çox pulu neyləyib?















2014-cü ildə yol-nəqliyyat kompleksinə xərclənən milyardların sirri

Ötən il ərzində ölkənin yol-nəqliyyat kompleksinə 2,1 milyard manat həcmində investisiya xərclənib. Bunu Ziya Məmmədovun rəhbərlik etdiyi nəqliyyat Nazirliyindən bildiriblər.
Məlumatda o da qeyd olunub ki, 2,1 milyard manat investisiya sayəsində 2014-cü ildə ölkə üzrə 501 kilometr avtomobil yolu yenidən qurulub və təmir olunub. Regionlarda isə ümumilikdə 452,5 kilometr avtomobil yolları əsaslı təmir olunub.
Təkcə paytaxtda bu il 55 kilometr yol inşa olunub və yenidən qurulub. Heydər Əliyev prospektində “Şəfa” stadionunun qarşısında yol qovşağında, Koroğlu qovşağı ilə keçmiş Qələbə dairəsini birbaşa birləşdirən, uzunluğu 9 kilometr olan Ziya Bünyadov prospektində 5 yol qovşağı da daxil olmaqla tikinti, yenidənqurma və əsaslı təmir işləri başa çatdırılaraq istismara verilib. Eyni zamanda, uzunluğu 22 kilometr olan Qala-Pirallahı avtomobil yolunun 15 kilometrlik hissəsində tikinti işləri tamamlanıb.
Beynəlxalq kreditlər hesabına isə Yenikənd-Salyan, Salyan-Şorsulu avtomobil yollarının və Kür çayı üzərində körpü keçidinin tikintisi, Muğanlı-Yevlax avtomobil yolunun yenidən qurulması, Hacıqabul-Kürdəmir, Kürdəmir-Yevlax, Yevlax-Gəncə və Bakı-Şamaxı avtomobil yollarının 4 zolağa genişləndirilməsi işləri davam etdirilib.
Bundan başqa, il ərzində avtomobil yolları üzərində 32 körpü, 1 piyada keçidi tikilib, 3 körpü isə təmir edilib.
Ekspertlər isə Ziya Məmmədovun nazirliyinin külli miqdarda büdcə pullarını və xaricdən cəlb edilən kreditləri şəffaf xərclədiyinə inanmırlar. Onların fikrincə yeni çəkilən yollar, körpülər keyfiyyətsiz inşa olunur, yol-nəqliyyat kompleksində təmir və yenidənqurmanın keyfiyyəti də aşağıdır, əvəzində isə xərclər həddən artıq çoxdur və göz qamaşdırır.
Ziya Məmmədovun nazirliyinin xüsusilə asfalt-beton yolların çəkilişində fantastik məbləğlərdən istifadə etdiyini deyən ekspertlərin sözlərinə görə, dünyanın heç bir ölkəsində hətta asfalt beton yolun 1 km-i 10 mln dollara başa gəlmir. Bizdə isə bu artıq adi hala çevrilib. İspaniyada 8 zolaqlı yolun 1 km-i 1,8 mln dollar, ABŞ-da 2 mln dollar, Finlandiyada 2,8 mln dollar, Rusiyada 3,3 mln dollar, Almaniya və Fransada isə 5 mln dollardır. Ziya Məmmədov isə Azərbaycanda asfalt-beton yolun 1 km-ini hətta dünyadakı bahalı asfalt beton yoldan da 2 dəfə bahaya çəkməyi planlaşdırır. Bunu Azərbaycansayağı rekord adlandırmaq olar.
Qeyd edək ki, hələ iki il əvvəl Ziya Məmmədov mediaya açıqlamasında Azərbaycanda yolların baha qiymətə tikilməsini öz aləmində təkzib etməyə çalışmışdı və mediada belə fikirlər səsləndirilir ki, Azərbaycanda yolların tikintisi baha başa gəlir. Guya Azərbaycanda yollar dünyada ən baha başa gələn yollardandır. Əslində bu belə deyil. Reallıqda ən ucuz yollar Azərbaycanda tikilir.
Nazirin arqumentinə görə, qiymətlərin artması yol layihələri çərçivəsində həddindən artıq köçürmələrlə bağlıdır: “Yolların çəkilməsi üçün fərdi evlər, digər obyektlər, kommunikasiya xətləri köçürülür. Bunların da hamısı nəqliyyat layihəsinə daxil olduğu üçün bəzən ilk baxışda qiymət yüksək görünür. Ancaq araşdırdıqda görürsən ki, ümumilikdə sərf edilən vəsaitin daxilində yolun qiyməti çox münasib və ədalətli bir şəkildə öz təsvirini tapıb”.
Əgər sovet dövrü və ölkə təcrid olunmuş vəziyyətdə olsaydı nazirin fikirləri ilə razılaşmaq olardı. Ancaq indi internet əsridir və dünya iqtisadiyyatında gedən tendensiyalardan xəbər tutmaq üçün kompüter qarşısında bircə saat oturmaq kifayətdir ki, alternativ informasiya qaynaqlarına çıxış əldə edəsən və Z.Məmmədovun doğru danışmadığına heç bir şübhən qalmasın. Necə ki, yuxarıda biz kifayət qədər belə fakt sadaladıq (xarici ölkələrin təcrübəsindən!) və həmin faktlardan da aydın görünürdü ki, Azərbaycanda yol tikintisi hədsiz dərəcədə baha qiymətə başa gəlir, bu isə sonucda yolların təmir və tikintisini ciddi korrupsiya mənbəyinə çevirib.
Əgər həmin faktlar kifayət deyilsə, iqtisadçıların başqa bir hesablamasını diqqətə çatdırmaqla yazıya nöqtə qoyaq.
Bakı-Ələt avtomobil yolunun 2-4 km hissəsinin, yəni cəmi 2 kilometrinin (Bayıl qəsəbəsi, Dövlət Bayraq Meydanının yaxınlığı) əsaslı təmirinə dövlət büdcəsində 65 milyon manat (82 milyon dollar) ayrılmışdı - bir kilometrə 32,5 milyon manat (42 milyon dollar). Halbuki 82 milyon dollara Qazaxıstanda 50, Finlandiyada 25 km yolu sıfır variantından tikib təhvil vermək olardı.
Bakı-Astara yolunun 4-7 kilometrliyində (Bibiheybət məscidi ilə Bayıl bazarı arasında olan hissə) yolun genişləndirilməsi üçün dövlət büdcəsindən 85 milyon manat (109 milyon dollar) pul xərclənib. Yəqin ki, izafi şərhə ehtiyac yoxdur - 1 kilometrə 37 milyon dollar. Və yaxud da uzunluğu 21 km olan Bakı dairəvi yolunun tikintisinə 114 milyon manat (146 milyon dollar) xərclənib - 1 kilometrə 7 milyon dollar.
Şərhə ehtiyac qalmır. Sadəcə, onu deyək ki, bütün bu faktlardan sonra Məmmədovun nazirliyinin 2014-cü ildəki 2 milyarddan çox xərcləməsinin sirri açılır.