backend

İlham Əliyev: Hər adam yorğanına görə ayağını uzatmalıdır

İlham Əliyev: Hər adam yorğanına görə ayağını uzatmalıdır






















“Ciddi nəzarət aparılmalıdır”

Qeyd etməliyəm ki, neftin qiymətinin düşməsi istər-istəməz bizim gəlirlərimizə təsir göstərir.

Biz daha əvvəlki illərdə olduğu kimi, valyuta ehtiyatlarımızı artıra bilməyəcəyik. Bu, reallıqdır, bunu hamı bilməlidir.

Belə olan halda əlbəttə ki, israfçılığa yol verilməməlidir. Əgər əvvəlki illərdə biz bəzi hallarda o qədər də böyük prioritet təşkil etməyən layihələri də investisiya proqramına daxil edirdiksə, artıq o dövr bitdi. İnvestisiya proqramına ancaq prioritet məsələlər salınır.

qaynarxett.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda bildirib.

Prezident həmçinin vurğulayıb ki, ciddi nəzarət aparılmalıdır.

Həm dövlət strukturları, həm dövlət şirkətləri artıq xərclərə yol verməməlidirlər. İsrafçılığa, ümumiyyətlə, yol vermək olmaz - nə həyatda, nə siyasətdə, nə də ki, iqtisadi məsələlərin həllində, o cümlədən indiki şəraitdə. Neftlə zəngin olan bütün ölkələr, böyük potensiala malik olan ölkələr öz büdcələrini ixtisar edirlər, özü də böyük dərəcədə. Xərcləri ixtisar edirlər. Bu da təbiidir.

Hər adam yorğanına görə ayağını uzatmalıdır. Hökumətlər də, dövlətlər də eyni qayda ilə hərəkət etməlidirlər. Ona görə bir daha demək istəyirəm ki, bizim nəzarət orqanlarımız buna nəzarət etsinlər, yerlərdə israfçılığa yol verilməməlidir. Hər bir vəsaitdən böyük səmərə ilə istifadə edilməlidir ki, bizim ümumi makroiqtisadi vəziyyətimiz bundan sonra da yüksək səviyyədə olsun”.