backend

Şamaxı Dövlət Sənaye İqtisad Kollecində Anarxiya

Şamaxı Dövlət Sənaye İqtisad Kollecində  Anarxiya















Anar Abbasov Təhsil Nazirliyində çalışan yüksək vəzifəli məmurlardan birinin himayəsində olduğunu vurğulayır

Şamaxı Dövlət Sənaye İqtisad Kollecində yer almış çoxsaylı qanun pozuntularından bəhs edən çoxlu sayda tənqidi materiallar dərc olunmuşdu. Qeyd etmək lazımdır ki, bu təhsil müəssisəsində yer almış çoxsaylı qanun pozuntuları artıq xeyli vaxtdır ki, ölkə mətbuatında tez-tez müzakirələrə çıxarılan mövzulardan biri kimi diqqəti cəlb etməkdədir. Bir müddət əvvəl kollecin rəhbərliyində baş vermiş dəyişiklik mövzunun gündəmdən düşməsinə səbəb oldusa da, az sonra yeni direktor Anar Abbasovun kollecdə rüşvətxorluq və digər korrupsiya əməllərinə daha böyük şiddətlə rəvac verməsi vəziyyəti təkrar əvvəlki məcrasına qaytardı.

Bu xüsusda aldığımız məlumatlarda bildirilir ki, sessiya imtahanları dövründə Şamaxı Dövlət Sənaye İqtisad Kollecində rüşvət yığımlarının intensivliyi xüsusilə artır. Mənbələr qeyd edirlər ki, kollecdə sessiya ərzində 350 tələbə, ümumilikdə 130 fənn üzrə imtahan verir. Hər imtahanın “qiyməti” isə Anar müəllim tərəfindən 30 manat məbləğində müəyyənləşdirilib. Həmçinin ötən materialda toxunduğumuz daha bir məqam da kollecdə “imtiyazlı tələbələr” məvhumu kimi yeni bir anlayışın da artıq ciddi problemə çevrilməsi barədə idi. Məsələ bundadır ki, bəzi imkanlı tələbələrə kollecin direktoru tərəfindən verilən bu “imtiyazlar” birbaşa müəssisədə davamiyyətin aşağı düşməsi ilə müşayiət olunur. Belə ki, həmin tələbələr A.Abbasov tərəfindən təyin olunan aylıq ödənişləri həyata keçirməklə dərslərə gəlməkdən azad olunurlar.

Bu xüsusda mənbələr iddia edirlər ki, bir neçə il əvvəl kollecdən qovulmuş bir nəfərə “Mühasibat uçotu” fakultəsinin diplomu, digər birinə isə imtahan qiymətlərinin yol vermədiyi halda “Yol hərəkətinin təşkili” fakultəsinin fərqlənmə diplomu təqdim olunub. Biz hələ də ümid edirik ki, irəli sürülən ittihamlara Şamaxı Dövlət Sənaye İqtisad Kollecinin direktoru da öz münasibətini bildirmək istəyəcəkdir. Digər tərəfdən isə məlumatı təqdim edən mənbələr israr edirlər ki, Anar müəllimin dəfələrlə müxtəlif insanların yanında Təhsil Nazirliyində çalışan yüksək vəzifəli məmurlardan birinin himayəsində olduğunu və tutduğu vəzifədə də məhz bu himayədarlıqdan bəhrələndiyini söyləməsini eşidənlər də kifayət qədərdir. Bunu nəzərə alsaq ehtimal etmək olar ki, bu kollec direktoru rəhbərlik etdiyi təhsil müəssisəsində baş verənlər barədə heç bir açıqlama verməyə də zərurət görməsin…