backend

Putinin yeni tələsi

Putinin yeni tələsi















Avropanın Bakı qazı arzusu və ortaya atılan “Türk axını”

Rusiya öz qazını Avropa bazarına çıxarmaq üçün Ukrayna tranzitindən imtina edərək, Avropaya “burda ev sahibi kimdir” dərsi vermək istəyir. Moskva buna Türkiyənin köməyi ilə nail olacağını düşünür. Belə ki, ötən ilin dekabr ayının 1-də Vladimir Putin Ankarada “Cənub axını”ndan imtina etdiyini açıqladı və “Türk axını” peyda oldu. Lakin hər şey göründüyü qədər də sadə deyil.


Bu barədə Ukraynanın “Zerkalo Nedeli” nəşri yazıb.

Nəşr “Türk axını” layihəsinin iqtisadi tərəflərini, həmçinin boru kəmərinin keçəcəyi coğrafi relyefi araşdıraraq müəyyən məqamlara toxunub. Həmçinin Azərbaycanın müəllifi olduğu TANAP və TAP layihələri və Avropanın qaza olan tələbatından bəhs edərək, “Türk axını”nın reallaşmayacağı iddiası ilə çıxış edib.

Moskva “Türk axını” ilə həm də Ukraynaya zərbə vuracağını düşünür. Lakin Kremlin siyasi texnoloqları Türkiyə hökumətində “Azərbaycanla TANAP-ı tikmək”, yoxsa “Qazprom”un mərhəmətinə sığınmaq” kimi fikir ayrılığının olduğunu görə bilmir.

Diqqət yetirin: “Türk axını” ilə bağlı dərc olunan materiallarda layihənin dəyəri təfsilatı ilə göstərilmir. Digər tərəfdən, elementar analiz bu layihənin də “Cənub axını”nın taleyini yaşaya biləcəyini deməyə əsas verir.

Rusiyanın təklifi belədir ki, kompressor stansiyasından başlayaraq, borunun sualtı hissəsi İstanbulun qərbinə - Avropa tərəfə çıxır. Borunun 63 milyard kubmetrlik tutumunun təxminən 14 milyardı Türkiyənin daxili istehlakına yönəlir. Yerdə qalan 50 milyard kubmetrə qədər qaz isə Türkiyə-Yunanıstan sərhədinə çatdırılır. Orada Avropa şirkətləri qazı özləri aparırlar.

İlk baxışdan hər kəs razı görünür. Rusiya Türkiyə, Balkan və Cənubi Avropa bazarlarında mövqelərini bərkidir. Ukrayna tranzitindən istifadəni minimuma endirir.

Ankara tranzit üçün əlavə qaz və endirimlər alır. Lakin 6 faiz endirim düşən neft qiymətləri fonunda gülüncdür. Bu haqda Türkiyə siyasətçiləri Putinin səfərindən dərhal sonra şərh verdi və danışıqların davam etdirilməsinin vacibliyi bildirildi.

“Türk axını” daha çox sualtı hissəyə malikdir və dolların alıcılıq qabiliyyətində dəyişiklikləri nəzərə alsaq, bu layihə 2002-ci ildə reallaşan “Mavi axın”dan daha bahalı olacaq.

Qaz kəmərinin yerüstü hissəsi Türkiyənin Avropa ərazisindən keçəcək. Bu ərazi dağlıq və meşəlikdir. Belə relyefdə boru kəməri tikmək fövqəladə dərəcədə bahalıdır. Rusiya qazını Türkiyəyə aparan boru kəməri Ukrayna, Rumıniya və Bolqarıstandan keçir. Lakin bu kəmərin tutumu cəmi 10 milyard kubmetrdir.

Digər tərəfdən, burda Avropanın tələbatı da əsas məsələdir. Fərz edək ki, 50 milyard kubmetr qaz Yunanıstan sərhədinə çatdırıldı. Bu qədər mavi yanacaq hara aparılacaq? Axı 2011-ci ildən başlayaraq Avropanın qaza olan tələbatı azalır.

Yaponiya Avropaya mayeləşdirilmiş qaz verəcək. Bu qazın həcmi kifayət qədərdir. Həmçinin, yaxın günlərdə ABŞ-dan şist qazın göndəriləcəyini də unutmaq lazım deyil.

Hazırda Balkanlarda və Avropanın cənubunda ümumilikdə qaza olan tələbat 30 milyard kubmetrdir. Bunun üçün mövcud infrastruktur da var. Rusiyanın 50 milyard kubmetr qazının saxlanılması üçün isə infrastruktur yoxdur. Misal üçün, bu qazın saxlanılması məqsədilə anbarların tikintisi böyük xərc istəyir. Təbii qaz anbarları Avropada çox deyil. Ən böyük anbarlarsa cəmi 18 milyard kubmetr qaz tutumu həcminə malikdir. Türkiyə və Yunanıstan sərhədində yeni anbarların tikintisi isə böyük maliyyə tələb edir. Anbarın tikintisi 200 milyon dollarda 1 milyard dollar qədər dəyişir.

Avropa yaxın zamanlarda 10 milyard kubmetr mayeləşdirilmiş qazı üç müxtəlif terminallardan ala biləcək. Bununla yanaşı, Azərbaycan və Türkiyə artıq TANAP-ın tikintisinə başlayıb. Ardınca TAP gəlir və bu xətt İtaliya sərhədinə qədər uzanacaq.

“Şahdəniz-2” yatağının qazının alınması haqda müqavilə bağlanıb, investisiya qərarları qəbul edilib, boruların çatdırılmasında tenderlər keçirilib. Üç il sonra Xəzər qazı Avropaya çıxarılacaq.

TANAP-ın gücü heç də 16 milyard kubmetrlə məhdudlaşmır. Layihəyə Türkmənistan da qoşula bilər. Artıq bu haqda Bakı və Aşqabad rəsmiləri danışıblar. Bu isə TANAP kəmərinin Avropaya daha çox mavi yanacaq daşıya biləcəyi deməkdir.

Nəşr iddia edir ki, Rusiya KİV-də son zamanlar anti-Azərbaycan materialları tez-tez gözə dəyir. Bu da məsələnin ciddiliyinə şübhə yeri qoymur.

“Rusiya TANAP-ın gücünün artırılmasına bütün vasitələrlə mane olacaq”, - deyə nəşr bildirir.

Türkiyə hökuməti də TANAP-a olan mövqeyini dəyişməyib. Prezident İlham Əliyevin Ankara səfərində Türkiyə hökuməti TANAP-ın prioritet olduğunu dilə gətirdi.

Nəşr iddia edir ki, “Türk axını” haqda nağıllar Putinə lazımdır. Bununla o, Rusiyanın əsas oyunçu olduğunu, “bizimlə Türkiyə, Hindistan və Çin birlikdədir” mesajını vermək istəyir.

Digər tərəfdən, yaxın illərdə Avropaya Kipr və İsrail qazının İraq və İrandan keçərək Türkiyə vasitəsilə nəql olunması reallaşacaq. Türkiyə Avropanın enerji təminatında əsas tranzit xəttidir. Maraqlıdır, belə bir vaxtda Ankaranın ABŞ və Avropa Birliyi ilə münasibətlərinə zərbə vuran “Türk axını”nın necə ortaya çıxır?

Bütün bunlar illüziyaya bənzəyir. Türkiyə Krımın ilhaqını tanımır, həmçinin, Suriya və Misirlə bağlı Ankara ilə Moskvanın mövqeyi toqquşur. Bununla yanaşı, Türkiyədə kürd siyasətçilərinə Moskvanın dəstək verdiyi faktdır. Rusiya Krımdan türk imamlarını da yola saldı.

Nəşr “Türk axını”nın tarixə qovuşması üçün iki il vaxt verir. İki ildən sonra bu layihədən imtina ediləcək.

Bu arada qeyd edək ki, yanvarın 27-də “Qazprom”un saytında “Türk axını” haqda yeni məlumat yerləşdirilib.

Məlumata görə, “Türk axını” kəmərinin 660 kilometr hissəsi artıq bağlanmış “Cənub axını” qaz kəmərinin köhnə marşrutu ilə keçəcək, qalan 250 kilometri isə Türkiyənin Avropa hissəsinə istiqamətlənəcək. Daha sonra Türkiyənin Yunanıstanla sərhədində qaz satışı üçün hab (qaz qəbulu və ötürülməsi məntəqəsi) inşa ediləcək.

“Qazprom” elan edib ki, bundan sonra işlərin ikinci mərhələsi - boru kəmərinin çəkilməsini layihələndirilməsi başlayır və bu, təxminən 1 il vaxt aparacaq. Ondan sonra isə tikinti işləri başlayacaq.

Asif Nərimanlı