backend

İsmayıllı rayon Baytarlıq İdarəsində özbaşınalıq

İsmayıllı rayon Baytarlıq İdarəsində özbaşınalıq




















Son günlər mal-qara arasında qeydə alınan tələfatın günahkarı kimi rəis Barat müəllim göstərilir

Heyvanların vaxtlı-vaxtında müayinə olunmaması ciddi fəsadlar yaradıb


qaynarxett.az-nun elektron poçtuna İsmayıllı rayonunun Quşencə kəndinin sakinləri tərəfindən şikayət məktubu daxil olmuşdur. Kənd sakinləri bildirirlər ki, artıq bir həftəyə yaxındır mal-heyvanlara xəstəlik düşüb, mal-qara kütləvi şəkildə tələf olur: "Bu, nə xəstəlikdir bilmirik, amma bir günün içində xəstələnən heyvan ikinci günə qalmır, tələf olur. Baytarlar da gətirmişik, onlar da bu xəstəliyin qarşısında acız qalıblar. Deyilənə görə, bu xəstəlik yabanı bitən qanqal otlarından keçib. 30-dan çox inək başını yerə qoyub çabalaya-çabalaya ölüb. Deyilənə görə, naxır dana-buzovlu zəhərlənib. Harada zəhərlənib, nə ilə zəhərlənib - baytarlar indi bunu araşdırmaqla məşğuldur. Kasıblar hər səhər balalarına verdikləri bir içimlik süddən oldular". Xatırladaq ki, bu ilin iyul ayında da İsmayıllıda analoji hadisə yaşanmış, yəni heyvanlar arasında təhlükəli virus yayılmışdı ki, nəticədə mal-qara arasında ciddi tələfat qeydə alınmışdı. Rayondakı mənbələrdən aldığımız məlumatlara görə, heyvanların xəstəliyə yoluxması İsmayıllı Rayon Baytarlıq İdarəsinin əməkdaşlarının heyvanlar arasında vaxtı-vaxtında profilaktik tədbir görməməsi ilə bağlıdır: " İsmayıllı baytarları heyvanlara xüsusi qayğı göstərmirlər. İdarə rəisi Barat müəllim üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələ bilmir. Hər il bu tip problemlər meydana çıxır. Çünki heyvanlara vaxtlı-vaxtında müxtəlif xəstəliklərə qarşı vaksinlər vurulmur. Dövlət büdcəsindən bu kimi tədbirlərin həyata keçirilməsi məqsədilə ayrılan vəsaitlərin hansı istiqamətlərə yönləndirildiyi məlum deyil. Baytarlıq idarəsinin əməkdaşları laboratoriya müayinələri və simptomatik müalicələr apara bilmirlər, daha doğrusu, aparmaq istəmirlər. Nəhayətdə heyvanlar arasında xəstəliklər yayılır, əhalinin təsərrüfatına ciddi ziyan dəyir. Rayon ərazisində heyvanların kütləvi tələfat verən xəstəliklərdən qorunması, təhlükəli xəstəliklərin və qida zəhərlənmələrinin qarşısınn alınması üçün heç bir tədbir görülmür. Barat müəllim nə işlə məşğuldur bilmirik. Onun idarə rəisi olaraq əsas vəzifəsi heyvanların təhlükəli viruslardan qorunması üçün önləyici tədbirlər görməkdir. Buna baxmayaraq, rəis tamamilə başqa işlərlə məşğul olur. Mal-qara sahibləri ona etiraz edəndə ağır cavab eşidirlər. Hər il Dövlət Baytarlıq Xidməti İsmayıllı rayon Baytarlıq İdarəsinə müxtəlif dərman preparatları və iynə göndərir. Lakin bunlar təyinatı üzrə işlədilmir. Bundan başqa, heyvanlar arasında başda dabaq, qarayara, çiçək xəstəliklərinə, itlərdə quduzluq və digər qorxulu xəstəliklərə yoluxma halı da baş verib. Amma buna qarşı heç bir aktiv peyvəndlər tətbiq olunmayıb. İtlərə vaxtı-vaxtında quduzluq əleyhinə peyvəndlər vurulmur. Buna görə də yerli sakinlər narahatlıq içindədir. Quduz itlər hər an sakinlərə xəsarət yetirə bilər". Mənbənin sözlərinə görə, xəstəlik nəticəsində tələf olan heyvanlar ya rayondakı ət kəsimi məntəqələrində satışa çıxarılır, ya da paytaxtdakı bəzi kolbasa sexlərinə göndərilir: " İsmayıllı rayonunda fəaliyyət göstərən sallaqxanalara nəzarət çox zəifdir. Baytarlıq İdarəsinin həkimləri ət kəsimi məntəqələrinin sahiblərinin imza atdığı qanunsuzluqlara nəyinsə əvəzində göz yumurlar. Barat müəllim görüntü yaratmaq üçün bəzi ət kəsimi məntəqələrinin rəhbərlərini cərimələyir. Amma ət dükanını işlədən şəxslər rəislə hansısa formada razılığa gəlib cərimənin silinməsinə nail olurlar. Əhaliyə satılan ətin mənşəyi şübhəlidir. Deyilənə görə, son günlər xəstəlik nəticəsində məhv olmuş heyvanlar bəzi sallaqxanalara satılıb. Bu isə ciddi təhlükə deməkdir. Xəstəlikdən ölmüş heyvanların ətini yeyən insanlar böyük problemlə qarşılaşa bilər. Odur ki, Dövlət Baytarlıq Xidmətinin rəhbərliyi səviyyəsində İsmayıllı rayon Baytarlıq İdarəsində hökm sürən özbaşınalıqlara münasibət bildirilməli və Barat müəllim layiq olduğu cəza verilməlidir". Yəqin ki, DBX rəisi Siyalə Rüstəmova vaxt itirmədən qeyd olunan məsələləri araşdıracaq, həmçinin mal-qara tələfatının qarşısının alınması üçün müəyyən işlər həyata keçirəcək.
Qarşı tərəfin də cavab haqqını tanıyırıq.