backend

GDU-da Yusif Yusibov “kabusu”

GDU-da Yusif Yusibov “kabusu”













Universitetdə baş verən misli görünməmiş qanunsuzluqlara təhsil naziri Mikayıl Cabbarov niyə susur?

qaynarxett.az-nun elektron poçtuna GDU-da baş verən ciddi qanunsuzluqlar barədə şikayət məktubu daxil olmuşdur. Həmin məktubu nöqtə, vergülünə toxunmadan oxucularımızın diqqətinə çatdırırıq.

Hörmətli redaksiya,


“Uzun müddətdir ki, ölkə mətbuatın gündəmində Gəncə Dövlət Universiteti və bu universitetin rektoru, kimya elmləri doktoru, professor Yusif Yusibovun qanunsuz əməllərindən bəhs edən yazılı materiallar yer alır. Həmin tənqidi məqalələrdə tələbələrin rüşvət qarşılığında dərslərdən kənarda qalmasına göz yummaq, qeyri-peşə sahiblərinin Universitet daxilində yüksək vəzifələrə təyin edilməsi kimi ciddi məqamlara toxunulur. Təbii ki, bu qədər ciddi ittihamların qarşılığında Yusif Yusibovun heç nə olmamış kimi vəzifəsində qalması, hətta ən cüzi narahatlıq hissini keçirməməsi və onun haqqında Təhsil Nazirliyi tərəfindən heç bir tədbir görülməməsi rektorun əzələ nümayişi kimi qəbul olunmalıdır. Məlumdur ki, GDU-nun artıq köhnəlmiş “yeni rektoru” bu vəzifəyə sahiblənmək üçün birbaşa təhsil naziri cənab Mikayıl Cabbarovdan “xeyir-dua” alıb. Çox yaxın dostluq əlaqələrinə malik qardaşının, habelə Azər və Ceyhun Bayramov qardaşlarının səyi nəticəsində nazir Mikayıl Cabbarov ölkə başçısından Yusif Yusibov üçün ricada bulunub. Bundan sonra Gəncə Dövlət Universitetinin “qara günləri”ni başladan kimyagər professor qısa müddət ərzində özünü ifşa etməyi bacarıb. Əvvəlcə tutduğu vəzifəyə yiyələnmək üçün külli miqdarda pul xərclədiyini bildirən rektor daha sonra rəqiblərinə sinə gərmək üçün mətbuatda dərc olunan tənqidi yazıların universitetdə fəaliyyət göstərən və onu dəstəkləməyən qüvvələr tərəfindən təşkil olunduğunu deyərək özünü müdafiə etməyə çalışdı. Planın davamı kimi isə səssiz qalaraq “yanvar yığımı”na başlayan Yusibov mətbuata laqeyd münasibəti ilə də kreslosunun təminat altında olduğunu sübut etməyə çalışır.
Artıq başa çatmış qış imtahan sessiyası ölkəmizin ali məktəblərində təhsil alan tələbələr üçün bir çox məqamlarla yadda qalan olacaq. Bəzi tələbələr hələ bir müddət uğurla verdikləri imtahanlardan yaranmış təəssüratlarla yaşayacaq, digərləri isə həmin imtahanların gedişində cavablandıra bilmədikləri sualların müzakirəsini aparacaqlar. Lakin bəzi ali təhsil müəssisələri də var ki, orada oxuyan əksər tələbələrə bu halların qətiyyən aidiyyatı olmur. Məsələn, əgər haqqında yazdığımız Gəncə Dövlət Universitetində demək olar ki, bütün imtahanların nəticələri əvvəlcədən həyata keçirilmiş pul yığımlarında ifadə olunan məbləğlərlə müəyyən edilibsə, bu zaman tələbə artıq imtahandan sonra nəyə sevinməli və ya üzülməlidir? Təəssüflər olsun ki, GDU-da təhsil alan tələbələr Yusif Yusibov və onun pulyığanları tərəfindən təhsil prosesinin digərlərinə bəxş etdiyi təəssürat və hissləri duymaq imkanlarından məhrum olunublar. Universitet rəhbərliyi bütün digər məsələlər kimi tədris və qiymətləndirmə prosedurlarını da elə bir “iqtisadi” əsaslar üzərinə keçirib ki, artıq burada elm və təhsildən danışmağın belə yeri qalmayıb.
Tələbələr universitetdəki özbaşınalıqlarla bağlı, bir dəfə Gəncə şəhər icra hakimiyyətinə qrup halında şikayətə getmişdilər. Buna görə, rəhbərlik tələbələri sıxışdırmağa başladı, "üzünüzə tüpürüm” dedi. Əgər rəhbərlik tələbənin üzünə tüpürürsə, təhsilə və təhsil alana təhsil verənin göstərdiyi diqqət və qayğı budumu?
Respublikamızın əksər ali məktəblərində professor-müəllim heyətinin maddi rifah halını bir qədər yaxşılaşdırmaq, elmi-pedaqoji fəaliyyəti stimullaşdırmaq məqsədi ilə əmək haqları orta hesabla 30%-dən çox artırılıb. Gəncə Dövlət Universitetində müəllimlərin maaşlarının çox az olmasına baxmayaraq, əmək haqqı artırılmır, ödənişli oxuyan tələbələrin keçirdikləri
təhsil haqqından müəllimlərə çox az miqdarda, ayda təqribən 50-70 manat əmək haqqı verilir halbuki GDU-da təhsil haqqı kifayət qədər yüksəkdir, təhsil haqqının yüksəkliyinə görə GDU respublikada ilk yerlərdən birini tutur. Məsələn , tarix ixtisası üzrə təhsil haqqı Bakı Dövlət Universitetində 1200 manat oldugu halda, GDU-da bu rəqəm 1800 manat təşkil edir. Bu təhsil haqqı isə rəhbərlik tərəfindən istədikləri kimi təmir, mebel, avtomobil və s. alınması adı altında talan olunur.Yusif Yusifov müəllimlərin maaşını artırmasa da, təhsil haqlarını çox səxavətlə xərcləyir, dəbdəbəli həyatından geri qalmır.
Universiteti özününküləşdirən rektor Yusif Yusifov cənabları Maliyyə Nazirliyinin yüksək vəzifə sahibi Cavanşir Yusifovun qardaşıdlr. Görünür ki, bu ad onu bu bəd əməllərdən qorumağa yardım edir. Gəncə Dövlət Universitetində isə artıq adi hala çevrilmiş özbaşınalıqların sonu görünmür. İstər korrupsiya hallarına qarşı mübarizəni həyata keçirməyə məsul olan qurumlar, istərsə də Təhsil Nazirliyi GDU-nun rəhbərliyinə qarşı ölçü götürməkdə acizlik nümayiş etdirirlər. Təbii ki, bu acizlik heç də adı çəkilən qurumların fəaliyyətsizliyindən irəli gəlmir. Sadəcə olaraq bu ali təhsil müəssisəsində bütün işlər Yusif Yusibov tərəfindən o dərəcədə qarışığa salınıb ki, onlardan baş açmaq son dərəcə çətindir.Çox qəribədir, təhsil naziri Mikayıl Cabbarov cənabları Yusif Yusifovu özünə ağsaqqal seçib və ona “ağsaqqal” deyə müraciət edir. Hətta yaxın zamanda Yusif Yusifovun rayonlardan birinə icra başçısı təyin ediləcəyi barədə söhbətlər də dolaşmaqdadır. Olsun! İstəməyənin gözü çıxsın! Amma Gəncə Dövlət Universitetinin aşağılanan nüfuzu sayəsində yox!
Qış imtahan sessiyasında universitetin əksər ixtisaslarında hazırlaşıb imtahana gələn tələbə keçilməyən mövzulardan düşən suallarla qarşı-qarşıya qaldı. Kəsildikdə isə "3" qiymət almaq üçün verilməli pulun 2-3 misli (100-150 azn) ondan tələb olunurdu. Ona görə belə edirlər ki, növbəti imtahanda tələbə pulu əvvəlcədən verməli olsun, yəni oxumasın. Nəticədə tələbə müəllimi saymır. Bu gün GDU müəllimlərinin ən ağrılı yeri budur: tələbə müəllimini saymır, kefi istəyəndə dərsə gəlir, gəlmədiyi günlərə pul vermək şərtilə, oxumur. Onsuz imtahana pul verəcək... Müəllimi hörmətsiz edirlər.
İmtahan sessiyasında hər fakultə üçün rüşvət planı müəyyən ediblər. Məbləğ tələbənin sayına uyğun olaraq dəyişir. Planı doldurmayan fakültə rəhbərini isə “razborka” gözləyir. Rektor “hardan tapırsan, tap, istəyirsən doğ, həmin məbləğ verilməlidir” deyir. Vəzifəsini itirməmək üçün canfəşanlıq edirlər. Çanağın çattadığı yer isə tələbənin başı və valideynin cibi olur. Pulu alandan sonra da “əl çəkmirlər”. Tez-tez süpürgə, kraska, proyektor, lövhə, yayda təmir, daha “nələr” üçün pullar istəyirlər.
Mərkəzləşdirilmiş imtahanın mərkəzləşdirilmiş qiymətləri o qədər yuxarıdır ki, GDU ömründə bu qədər biabırçılıq görməyib. Gəncə Dövlət Universiteti ömrünün ən biabırçı günlərini yaşayır. Bu münasibətlə GDU-nun vicdanlı müəllimlərindən birinin ürək yanğısı ilə qələmə aldığı və elektron informasiya vasitələrində, həm də tələbə və müəllimlər arasında geniş paylaşılan bir şer universitetdə dillər əzbəridir:

BAŞINA KÜL TÖKÜB AĞLAMALISAN

Pambıqla götürüb başlar kəsəsən,
Bu haqqı kimsəyə millət verməyib.
Baxan hara baxır, baxana əhsən!
Bazar belə bazar hələ görməyib.

Yetimin başı var, yetim nə gündə,
İçinin dərdini bir görəni yox.
Tənbəl qiymət alır, əli cibində,
Savad ha bağırır, hay verəni yox.

Söndü qeyrətinin alovu, odu,
Çürüdü dirəklər, laxlamalısan.
Axsaq başa keçir, a yazıq GDU,
Başına kül töküb ağlamalısan.


Artıq elə bir şərait yaranmışdır ki, müəllimlərin tələbələrlə münasibətləri tamamilə adiləşmişdir. Tələbələrin oxumaq həvəsini davamlı şəkildə məhv etdikdən sonra müəllim hörməti sıfıra enmişdir. Bir yerdə ki, müəllim tələbələrinin biliyini sərbəst qiymətləndirə bilmir, o yerdə savad da ola bilməz, müəllim şərəfi də. GDU-da rüşvətin ayaq tutub yerimədiyi bir korpus, mərtəbə, mubaliğə olmasın, hətta otaq belə yoxdur. İri-xırda işlər üçün hamı bir-birindən “nə isə” umur.
Dekabr ayında elmi Şuraya tələsik keçirilən seçkilərdə “səs veriləcək” və “seçiləcək” şəxslərin adlarının əvvəlcədən hamıya tapşırılması isə sözün əsl mənasında şou idi. Ancaq vaxt vardı ki, GDU-da elmi şuraya seçkilər yaxşı mənada mübahisələrlə, müzakirələrlə müşahidə olunurdu. Yaşlı müəllimlər gözəl bilir.
Bundan əlavə bir neçə gündür ki, Gəncə Dövlət Universitetinin ekologiya kafedrasının müdiri Vaqif Rəhimov korrupsiya faktı ilə əlaqədar hüquq mühafizə orqanları tərəfindən həbs edilib. O Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibovun ən yaxın dostu, yaxın çevrəsinə daxil olanlardan biridir. Təsadüfi deyil ki, Vaqif Rəhimov məhz Yusif Yusibovun təqdimatı ilə “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilmişdir.İndi bu «qabaqcıl təhsil işçisi» rektorun başağrısına çevrilib. Belə ki, həbs olunmasına baxmayaraq vəzifə başında qalan Vaqif Rəhimov yalnız bu barədə kütləvi informasiya vasitələrində məlumat yayıldıqdan sonra rektor tərəfindən işindən azad edilib. Bu isə rektorun həm Vaqif Rəhimova sədaqətinin, həm də müxtəlif ortaq iş birliyinin göstəricisidir.
Vaqif Rəhimov həbs olunduqdan sonra Yusif Yusibov onun azadlığa çıxmasına və bu hadisənin ört-basdır edilməsinə çalışsa da, buna nail ola bilmədi.Rektor yaxşı başa düşür ki, bu həbsin istintaqı zamanı özü də hədəfə çevrilə bilər. Elə buna görə də «dəmiri isti-isti döyməyə» çalışdı. Amma alınmadı. İndi Yusif Yusibov intizardadır və həyəcanlı şəkildə istintaqa çağrılacağını gözləyir.
Dünən mətbuat orqanlarında yeni bir xəbər yayıldı: rektor şəhər rəhbərliyinin xəbəri olmadan GDU-nun ərazisinin bir qismini öz dədə malı kimi satıb. Şəhər rəhbərliyi həmin əraziyə gələrək, Gəncə Dövlət Universitetinin fərdi şəxsə satılmış hissəsində aparılan inşaat işlərini yarımçıq dayandırmışdır. Böyük rezonans yaradan bu hadisə haqqında Təhsil nazirliyinə də məlumat çatıb. Ancaq nə fayda???!!
Rektor xeyli müddətdir ki, özünün xüsusi adamlarını onlarla monoqrafiyaların, dərslik və dərs vəsaitlərinin müəllifi, onlarla yetirmələri olan professorların üzərinə saldırır, onların nüfuzdan salınması üçün dəridən-qabıqdan çıxır, rektorluq kürsüsünə göz dikəcəklərindən qorxur. İndi də univesitetdə işləyən bir-iki nüfuzlu və vicdanlı müəllim övladının guya işə gəlməməsini bəhanə edib onları işdən azad etdirməklə hədələyir.
Bu yaxınlarda 75 yaşı tamam olan çox hörmətli professor-müəllim heyətindən 1 nəfərin yubileyinin keçirilməsi üçün rektorun yaxınlarından biri xahişlə rektora müraciət edəndə Yusif Yusifov “mən bura (yəni GDU-ya) yubiley keçirməyə gəlməmişəm” cavabını verib. Bunu ürək ağrısı ilə qəbul edən həmin adam “cavabı” yubilyara çatdırmağa xəcalət çəkib. İmtahan sessiyası onun nə üçün gəldiyini aydın göstərir. Əslində Yusif Yusifovun BDU-dan GDU-ya nə üçün “perevod” olunduğunu ölkədə hamı bilir. Bir nəfərdən başqa.

P.S: Hörmətli redaksiya, xahiş edirik ki, media işçisi kimi ittihamlarla dolu olan məktubun surətini qanunun tələb etdiyi kimi təyinatı üzrə prokurorluq orqanlarına göndərəsiz, qoy yazılanlara hüquqi qiymət verilsin.

Yeganə Qoşqar qızı Kərimova,
ŞamilTelman oğluƏliyev(GDU)”