backend

Sumqayıtda vətəndaşın evi uçuruldu, ailə üzvləri isə döyüldü - (Video)

Sumqayıtda vətəndaşın evi uçuruldu, ailə üzvləri isə döyüldü - (Video)














Sumqayıt şəhərindəki Hacı Zeynalabdin Tağıyev qəsəbəsinin Şirvan dəmiryol massivində yaşayan sakinlər evlərinin heç bir xəbərdarlıq və məhkəmə qərarı olmadan sökülməsinə etiraz edirlər. Fevralın 3-dən başlayan söküntü prosesi nəticəsində artıq 7 ev dağıdılıb və heç bir vətəndaşa kompensasiya ödənilməyib

qaynarxett.az xəbər verir ki, bunu musavat.com-a evləri uçurulan sakinlər bildiriblər. Onlar söküntü prosesini və bu zaman polislə aralarında yaşanan qarşıdurmanı əks etdirən həvəskar videogörüntüləri də redaksiyaya göndəriblər.

Sayta danışan evi uçurulan Lətif Abbasov bildirib ki, polis işçiləri heç bir xəbərdarlıq etmədən içərisində əşyalar ola-ola onun evini uçurublar və özünü də döyüblər: “Fevralın 3-də səhər saatlarında yüz nəfərə yaxın polis gəldi. Aralarında vəzifəli şəxslər də var idi. Həyətə daxil olmaq istəyəndə mən onlardan sənəd tələb etdim ki, siz kimsiniz və hansı səbəbdən mənim mənzilimə girirsiniz. Evdə mənim həyat yoldaşım və dörd qızım var idi. Onlar mənə heç bir cavab vermədilər. İki ekskavatoru və iki yük maşınını həyətə saldılar. Aləm qarışdı bir-birinə... Məni, həyat yoldaşımı, qızlarımı sürüyüb, evdən çıxartdılar. Yatan nəvəmi yataqdan sürüyüb, bayıra atdılar. İçərsində əşyalar ola-ola evi ekskovatorun ağzına verib, uçurtdular. Bu qədər qanunsuzluq olarmı? Sumqayıt Şəhər İcra Hakimiyyətinə şikayətə getdim, heç bir cavab vermədilər. Əgər mən qanunsuz ev tikmişəmsə, məhkəməyə verin. Qoy, məhkəmə qərar çıxartsın, məni həbs edin. Ancaq 8 nəfər ailə üzvünü qışın günündə çölün düzündə qoymaq insanlıq deyil, axı... Mən bu evi neçə ilə qəpik-qəpik pul yığıb, tikmişəm”.

Lətif Abbasov qeyd edib ki, bu torpaq sahəsi ona 1991-ci ildə dəmiryol idarəsi tərəfindən verilib, hər bir sənədi də var.

O, 2001-ci ildən başlayaraq, orada ev tikməyə başlayıb və bir neçə ildir ki, həmin evdə yaşayırdılar: “Bu torpaq sahəsi dəmiryol xəttindən 60 metr aralıda yerləşir. Mən ev tikdiyim müddətdə bu məsələni qeyri-rəsmi şəkildə lazımi orqanların nümayəndələri ilə razılaşdırmışdım”.

L.Abbasovun sözlərinə görə, evlərin dağıdılmasında iştirak edənlər Sumqayıt Şəhər Arxitektura Komitəsinin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin və polis idarəsinin işçiləri olublar.

Qeyd edək ki, bu ərazidə son iki gündə 7 ev sökülüb və söküntü işləri hələ də davam edir.

Aşağıda sakinlərin göndərdiyi videogörüntüləri təqdim edirik.