backend

Orbitdən çıxmayın

Orbitdən çıxmayın











Fəaliyyət Qurbanov

Adamın başı qarışıq olanda kələfin ucunu itirir. Axtarıb tapıb yerbəyer eləməyə isə uzun bir zaman kəsimi lazımdır. Vay o gündən ki, baş öz dəyərli potensialını boş-boş, xeyirsiz gəlirsiz işlərə sərf etsin. Ağ saçlı, görünüşcə piranilik sərgiləyən bir baş tanıyıram, razmerinə görə basketbol topundan geri qalmaz. İçindəkini dəyərləndirməyə isə bu başın ortaya çıxardığı ikicə kəlmə sözü eşitmək bəs edər. Bu başın sahibinə bir neçə aspektdən yanaşanda görəcəksən ki, hər mənada balaca adamdı. Ağıl dayaz, boy balaca, cib də ki, boş, yel vurub yengələr boy gedir. Di gəl ki, özündən müştəbehlik azarına tutulmuş bir zınqırovludu. Gəlişindən duyuq düşənlər onu görcək aradan çıxır. Özünü-sözünü bilməyən bu adamdan niyə qaçırlar, bilinmir. Gəlişində dilindən salamməlüyküm, siqaretin vaar?- eşidərsən. Adam içində hər dəfə Obamanın Ağ Evdə milçək öldürməyindən söhbət açıb, Putinin arvadından boşanmasının təfərrüatları ilə sözünü bitirməyə "noxta" tapmaz. Belə qurəyin sayıqlamalarına kimsə dözməyib bir dəfə soruşmuşdu ki, ə sənin işin-gücün yoxdu? Öz aramızdı, düz də deyir. “Balaca” adamın dərdi bir tikə çörək pulu qazanmaq, cocuqlarını yedirdib-içirdib geyindirərək əli çantalı məktəbə yola salmaqdır. Sonrası nə olar, nə olmaz-bu, yaradanın işidir. “Balaca” adamın nə vecinə ki, Obama milçəyi niyə öldürdü, kimə öz gücünü nümayiş etdirdi. Yaxud, Putinin arvad boşaması hansı mətləbəbağlıdı, bunu sənə dəxlimi var, a balaca adam? Heç kəs inciməsin, mən özüm də balaca adamam. Acından günorta yuxudan dururam. Zato, dilimə sahiblik edə bilirəm. Nəyimə lazımdı hansı məmur harda hansı oyundan çıxır. Oyundan çıxmaq “böyük” adamların şakəridi. Yəni böyüyüb məmur olanların işidi. Necə ki, bacardıqlarını min boşqaba çəkirlər. Özü də necə! Odu ki, ay xalaoğlu, “balaca” adamsan, get qaxıl otur evciyində, qəpik-quruşuna qane ol və Allaha şükr elə!
Bu ölkədə balaca adamların ağzına atmağa tikə şükürlər olsun ki, tükənən deyil. Sağ olsunlar, başımızın böyükləri bizim əvəzimizə zəhmətə qatlaşıb az-çox çörəyimizi verirlər. Verməsələr bə necə olacaq, hıy? Ölkədə taxıl, mərbuat, internet, nəqliyyat, kartof, banan, soğan, yumurta, saqqız, aftafa, hətta insan alveri, narkotik işinə baxanlar ki var, uçuq daxmasında oturub bir ağız yemək intizarı çəkən başıqapazlı qara camaata dayaqdır, dayaq. Sabahkı günə enerji toplayıb ötürürlər ki, aclıq içində öz orbitindən çıxmasınlar. Dədə-babadan belədi: nökərin balası nökər olub, varlınıkı varlı. Şeyx ömürlük ölmalıdı. Nazir, başçı, prokuror da onun kimi. Ölkədə artıq hərə öz yerini tutub üstündə oturub, bəsimizdi. Yəni, bu gün Azərbaycanda elə bir durum əmələ gəlib ki, bu optimallığı yüz il bundan belə əldə etmək mümkün olmayacaq. Ona görə də hər sahədə mövcud “status-kvo”nu qorumalıyıq. Odu ki, ay balaca adamlar, orbitdən çıxmayın, yoxsa boş ağızla boş danışıq sizləri üzə bilər.