backend

Az sonra iki pensiya ala bilərsiniz

Az sonra iki pensiya ala bilərsiniz






















Dünyanın inkişaf etmiş ölkələri ilə yanaşı, inkişaf edən dövlətlərdə də dövlət pensiya fondları ilə müqayisədə analoji, özəl fondlar daha çox inkişaf edib. Özəl pensiya fondları müəyyən bankinq funksiyaları da əldə etdiklərindən maliyyə vəsaitləri ilə əməliyyatlar aparır, yəni kreditlər verir, faiz gəlirləri əldə edirlər. Buna görə də özəl fondlar dövlət qurumlarından çox asılı deyillər

Postsovet ölkələrinin bir çoxunda da özəl pensiya fondları ilə yanaşı, Yığım Fondları adlanan qurumların sayı sürətlə artır. Yığım Pensiya Fondu vətəndaşların təqaüd sisteminin ikinci mərhələsini yaratmağa, habelə bu sistemə daha çox insanı cəlb etməyə imkan verir.

Prinsip çox sadədir: orta statistik vətəndaş pensiya yaşına qədər çalışdığı illərin hər ayında maaşının müəyyən, bəlli qismini həmin fonda ödəyir, pensiyaya çıxandan sonra da dövlətin verdiyi təqaüddən savayı əlavə məbləğdə təqaüdə yiyələnir. Azərbaycanda özəl sektor güclü inkişaf etmədiyindən, özəl pensiya fondları və ya yığım pensiya fondlarının yaradılması dövlət dəstəyi olmadan müşkül məsələdir.

Bəs bu problemi həll etmək olarmı və ümümiyyətlə, məsələnin çözümü necədir? Dövlət Sosial Müdafiə Fondunun pensiya sənədləri və müraciətlərlə iş şöbəsinin müdiri Famil Qədimov milli.az-a açıqlamasında bildirdi ki, Azərbaycanda alternativ pensiya fondlarının yaradılması nəzərdə tutulur. Şöbə müdirinin sözlərinə görə, qeyri-dövlət pensiya fondları və yığım komponentinin tətbiqi ilə bağlı işçi qrup yaradılıb. Aktual tədqiqatlar bu gün aparılır, yəqin qısa zamanda bunun nəticələrinə uyğun da qanunvericilikdə dəyişiklik olacaq. Yəni alternativ pensiya məsələsi bu gun gündəmdədir.

Famil Qədimov qeyd etdi ki, alternativ fondlar yaranandan sonra ora cəlb olunan vəsaitlərin özəl fondların hansi istiqamətdə cəlb eləməsindən asılı olacaq. Fondun maliyyə imkanları onları qiymətli kağızlar bazarına yönəldəcək və ya digər bazar iqtisadiyyatı qaydaları ilə idarə olunacaq . Bunlar pensiya fondlarının nizamnamələri ilə tənzimlənəcək. Ona görə də bu gun demək olmaz.

Fond rəsmisi deyir ki, bu məsələ vətəndaşın fondlara çox pul ödəməsi ilə tənzimlənməyəcək. Sadəcə, dövlət pensiya fondundan əlavə daha yüksək pensiya alması üçün ikinci alternativ pensiya fondu, institutu olacaq. Vətəndaş Dövlət Sosial Müdafiə Fonduna da ödədiyi vəsaitlərlə bağlı dövlət tərəfindən ona təyin olunan pensiyanı alacaq, əlavə gənc yaşında işlədiyi dövrdə qeyri-dövlət pensiya fonduna ödədiyi pullarının gələcəkdə əmsallaşdırılması nəticəsində əlavə pensiya alacaq. Bir sözlə, iki pensiya almaq mümkün olacaq.