backend

Azərbaycanın bu rayonlarının bəzi şagirdləri adlarını yaza bilmir

Azərbaycanın bu rayonlarının bəzi şagirdləri adlarını yaza bilmir






















“Vəziyyət acınacaqlıdır”

Azərbaycanda 9-cu və 11-ci siniflərin şagirdləri arasında nəinki minimal tədris proqramını mənimsəməyənlər, hətta oxumağı və yazmağı bacarmayanlar var.

qaynarxett.az oxu.az-a istinadən xəbər verir ki, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə “Abituriyent” jurnalının 12-ci sayının təqdimatında bildirib.

M.Abbaszadə qeyd edib ki, 11-ci sinif şagirdləri arasında 2, 9-cu sinif şagirdləri arasında isə 64 belə şagird var.

Onun sözlərinə görə, bu statistika imtahan rəhbərlərinin protokolları əsasında ortaya çıxıb:

“Əslində, daha çox, vəziyyətin daha acınacaqlı olduğunu ehtimal etmək olar. Belə şagirdlərin hansı bilik və bacarıqlar sayəsində 9-cu və hətta 11-ci sinfə qədər gəlib çatması TQDK üçün müəmmalı olaraq qalır.

11-ci siniflər üzrə oxumağı və yazmağı bacarmayan şagirdlərin rayonlar (şəhərlər) üzrə sayı belədir: Ağcabədi və Masallı rayonlarının hərəsində 1 nəfər. 9-cu siniflər üzrə isə oxumağı və yazmağı bacarmayan şagirdlərin sayı belədir:

Cəlilabad və Yevlax rayonlarının hərəsində 6 nəfər, Ağcabədi və Masallı rayonlarının hərəsində 5 nəfər, Göygöl, Laçın, Sabirabad və Tovuz rayonlarının hərəsində 4 nəfər, Biləsuvar, Füzuli, Gədəbəy, Goranboy, Göyçay, İmişli, Quba, Şəmkir və Xaçmaz rayonlarının hərəsində 2 nəfər, Bakı şəhəri, Abşeron, Ağstafa, Bərdə, Lənkəran, Qazax, Tərtər və Zaqatala rayonlarının hərəsində 1 nəfər”.

M.Abbaszadə həmçinin qeyd edib ki, ölkədə qızlarla oğlanların bilik səviyyəsi təxminən eyni səviyyədədir.

Onun sözlərinə görə, ölkənin cənub regionunda qızların təhsil almaq imkanları məhduddur.

“Belə ki, son üç ilin araşdırmalarına baxdıqda görərik ki, cənub regionunda 9-cu sinifdə oxuyan qızların sayı kifayət qədərdir, amma 11-ci sinifdə isə həmin qızların sayı azalır.

Bu spesifik mövzudur. Bu məsələ ilə bağlı biz Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə müzakirələr aparacağıq. Bu da mart ayına təsadüf edəcək,” - deyə , Məleykə Abbaszadə bildirib.