backend

Azərbaycanda vətəndaş-dövlət münasibətlərində inqilab

Azərbaycanda vətəndaş-dövlət münasibətlərində inqilab

















Fevralın 10-da parlamentin insan haqları komitəsində “Vətəndaşların müraciətləri haqqında” 1997-ci ildə qəbul edilmiş qanuna dəyişikliklər müzakirəyə çıxarılıb

Təklif olunan dəyişikliklərə əsasən dövlət strukturları vətəndaşların təkcə ərizə formasında, yazılı şikayət və təkliflərinə deyil, həm də şifahi, o cümlədən anonim və qrup halında etdiyi müraciətlərə baxmaq öhdəliyi daşıyacaq.

Bu qanunvericilik layihəsi prezident İlham Əliyevin göstərişi ilə hazırlanıb və parlamentə göndərilib. KİV-lər bu düzəliş təklifi barədə xəbəri sıradan xəbər kimi yaysalar da əslində söhbət kifayət qədər sensasion, eyni zamanda Azərbaycanda vətəndaş-dövlət münasibətlərində inqilabi dəyişikliklərə gətirib çıxara biləcək qanunvericilik təşəbbüsündən gedir. Əlbəttə, Azərbaycanda məmurların qanunlara nə dərəcədə düzgün əməl etməsi ayrı mövzudur...

Bəs bu qanunvericilik təklifi nəyə görə mühümdür və vətəndaş-məmur, vətəndaş-dövlət münasibətlərində hansı keyfiyyət dəyişikliklərinə səbəb olacaq? Bu düzəliş niyə məhz indi irəli sürülüb və onun ölkədə sosial narazılığı aradan qaldırmağa yönəlmiş siyasətin tərkib hissəsi adlandırmaq olarmı?

Bu suallara cavab tapa bilmək üçün vətəndaşların dövlət strukturlarına müraciətlərinin indiki qanun əsasında necə tənzimləndiyinə dair ümumiləşdirilmiş bəzi nümunələri nəzərdən keçirək. Qanunda nəzərdə tutulur ki, dövlət strukturları, o cümlədən hüquq-mühafizə orqanları, yerli icra hakimiyyətləri və s. vətəndaşların ancaq yazılı formada, ərizə halında təqdim edilmiş müraciətlərinə, şikayətlərinə baxa bilər.

Bu isə dövlət strukturlarına və məmurlara vətəndaşların ən müxtəlif məzmunlu müraciətlərinə məhəl qoymamaq üçün əla imkanlar açır. Üstəlik vətəndaş öz təhlükəsizliyindən narahat olaraq və ya digər amilləri nəzərə alaraq öz şikayətini anonim formada etməyə qərar versə onun müraciəti ümumiyyətlə qəbul edilməyəcək.

İndiki qanun necə işləyir? Tutaq ki, hansısa “X” yaşayış məntəqəsinin sakinləri yollarının bərbad halda olmasından, yaxud digər bu kimi problemlərdən əziyyət çəkdikləri üçün səlahiyyətli məmurlara, icra strukturlarına şifahi formada şikayət edirlər. Həmin məmurun isə şikayətə məhəl qoymamaq və şikayətçiləri başından eləmək üçün əlverişli imkanı var. O, problemin həll edilməməsini əsaslandırmamaq üçün deyəcək ki, vətəndaşın bu barədə yazılı müraciəti olmadığından ona baxılmayıb.

Yaxud hansısa cinayətkarın açıq-aşkar təhdidi ilə üzləşmiş vətəndaş bu barədə təcili olaraq polisə məlumat versə və kömək istəsə, onun da müraciətinə baxan olmayacaq. Çünki polis deyəcək ki, vətəndaş ancaq yazılı ərizə ilə müraciət edərsə, onun üzləşdiyi təhdidlərlə bağlı araşdırma aparıla bilər.

Məsələn, əməkdaşlarımızdan biri bu yaxınlarda gecə saatlarında telefonla onu narahat edən, hədələyən və kontur tələb edən tanımadığı şəxslə bağlı DİN-in 102 xidmətinə şifahi məlumat verəndə oxşar situasiya ilə üzləşib. 102 xidməti məsələni araşdırmaq üçün Suraxanı rayonunun müvafiq polis bölməsini məlumatlandırıb. Həmin polis bölməsi isə telefonda vətəndaşı təhdid edən şəxsin mobil nömrəsi bəlli olduğu haqda heç bir tədbir görməyib və ancaq yazılı ərizə ilə müraciət edilməsi halında bu müraciəti araşdıracaqlarını bildirib. Nəticədə əməkdaşımız gecə saat 3-də polis bölməsinə gedərək ərizə verməli olub.

Əgər söhbət başqa daha ciddi və real cinayət təhdidindən getsə, necə olacaqdı? Onda da vətəndaş analoji cavabla qarşılaşacaqdı və əgər həmin vətəndaş polisə yazılı ərizə təqdim etməyə fürsət tapa bilməsə, yəqin ki, cinayət hadisəsi baş verəcəkdi.

Görünür, Azərbaycanda cinayətkarlığın, xüsusən amansız qətllərin və oğurluq, quldurluq əməllərinin günü-gündən artmasının səbəblərini həm də vətəndaşların müraciətləri haqda indiki qanunda axtarmaq lazımdır. Məhz vətəndaşların müraciətlərinə ancaq yazılı formada baxılmasını nəzərdə tutan bu qanun cinayətlərin qarşısının alınmasına mane olan ciddi amillərdən biridir.

Digər nümunə isə vətəndaşların iş yerlərində üzləşdikləri qanunsuzluqlarla bağlı müraciətlərdir. Əgər vətəndaş işlədiyi hansısa müəssisədə ciddi qanunsuzluqların, korrupsiya əməlinin şahidi olursa, onun bu haqda müvafiq dövlət strukturlarını məlumatlandırmaq şansı yox dərəcəsindədir. Çünki həmin vətəndaş müraciətini yazılı formada, kimliyini açıq göstərməklə etməlidir. Bu isə ən azından işdən qovulmaq riski deməkdir.

Yaxud valideynlər məktəblərdə rüşvət və digər qanunsuz əməllərlə rastlaşdıqları halda Təhsil Nazirliyinə məlumat vermək istəmirlər. Çünki nazirlik ancaq kimliyini göstərən valideynin müraciətinə baxacaq ki, nəticədə həmin valideyn şikayət etdiyi üçün məktəbdə uşağının sıxışdırılması riski ilə üzləşəcək. Nəticədə hər dəfə məktəblərdə pulyığma kampaniyası başlayanda valideynlər bu haqda kimliklərini gizlətməklə KİV-lərə danışır, şikayətlər edir. Təhsil Nazirliyinin isə cavabı belə olur: "Valideyn müraciət etsin, araşdıraq".

Dövlət-vətəndaş münasibətlərində bu kimi nümunələrin sayını artırmaq olar. Ancaq indiki düzəlişlərin qüvvəyə minməsindən sonra vəziyyət radikal şəkildə dəyişəcək. Polis vətəndaşın hansısa cinayət və üzləşdiyi qanunsuzluq, təhdid barədə şifahi, o cümlədən anonim müraciətinə da baxmağa borclu olacaq. “X” qəsəbəsinin sakinləri yığışıb yol problemi haqda KİV-ə şikayət edəndə yerli məmur bu şikayəti vətəndaşların yazılı müraciətini gözləmədən də araşdırmaq öhdəliyini daşıyacaq.

Valideynlər məktəblərdə kütləvi pulyığma kampaniyası haqda Təhsil Nazirliyinin qaynaq xəttinə həm də anonim müraciət edə biləcəklər və s. Məmurların əlindən isə hər gün istifadə etdikləri bəhanə çıxmış olacaq, vətəndaşların dövlət strukturlarına etimadını azaldan ciddi bürokratik əngəl aradan qalxacaq.

Qanunun yeni formada tətbiqi ölkədə sosial narazılığın və hakimiyyətdən narazılığın aradan qaldırılması yönündə ciddi nailiyyət ola bilər. Bu narazılığın kökləri əksər hallarda məmurların vətəndaşların problemlərinə, müraciətlərinə laqeyd yanaşmasındadır və indi prezident İlham Əliyev bu vəziyyəti dəyişir.

Prezident bu günlərdə öz nitqində bildirmişdi ki, məmurlar vətəndaşlara münasibətdə laqeydliyə yol verir, özlərini dartır və vətəndaşa yuxarıdan aşağı baxır. Və prezident belə məmurlara xəbərdarlıq edir və onların vətəndaşlar qarşısında məsuliyyətini artırmaq üçün radikal qanun dəyişikliyi təqdim edir/virtualaz.org/.