backend

Ermənistanda oliqarxların müharibəsi başladı, Sərkisyan “tupoy Qaqo”ya hücuma keçdi

Ermənistanda oliqarxların müharibəsi başladı, Sərkisyan “tupoy Qaqo”ya hücuma keçdi















Ermənistanda uzun müddət hakimiyyətdə olan oliqarxlar arasında əsl müharibə başlayıb

Ölkənin ən iri (həm də sözün hərfi mənasında) oliqarxı, Ermənistan Milli Olimpiya Komitəsinin prezidenti, Milli Təhlükəsizlik Şurasının üzvü (artıq keçmiş üzvü), bir vaxtlar hakimiyyətin ikinci ortağı olan, “Firəvan Ermənistan” partiyasının sədri Qaqik Tsarukyanın ötən həftə Sərkisyan hakimiyyətini kəskin tənqid edəndən sonra Serjik keçmiş ortağına qarşı güclü əks hücuma keçib. Sərkisyan fərman imzalayaraq Tsarukyanı Milli Təhlükəsizlik Şurasının üzvlüyündən kənarlaşdırıb. Daha sonra hakim Respublika partiyasının Şurasında çıxış edərək hakimiyyətin keçmiş ortağını ən ağır ifadələrlə tənqid edib, onun biznesinin əlindən alınacağına eyham vurub.

Sərkisyan Tsarukyanın siyasətdən başı çıxmayan “tupoy” biri olduğuna işarə edərək deyib ki, hakim partiyanın Şurasının bu iclasında onun ötən həftəki çıxışının müzakirə olunması planlaşdılmışdı. Çünki ənənə belədir ki, hakim partiya öz toplantılarında ölkənin tanınmış siyasi xadimlərinin hakimiyyəti tənqid edən çıxışlarına cavab verir. “Təəsüflə qeyd etməliyəm ki, bu müzakirələrdə Tsarukyanın çıxışına heç kim toxunmadı. İlk baxışdan bu, qəribə görünə bilər, ancaq izahı sadədir:nəyi müzakirə edəsən? Danışılanları müzakirə edəsən, yoxsa onu müzakirə edəsən ki, bu adam oxuduğu mətni ümumiyyətlə başa düşübmü?”.

Sərkisyan hazırda onun hakimiyyətinin əsas rəqibinə çevrilmiş oliqarxa qarşı təhqiramiz hücumları davam etdirərək onun heç hərfləri düzgün tanımadığını bildirib. “Onun komandasındakı partnyorları “a” hərfinin harada, “b” hərfinin harada olduğunu ona izah etmək səylərindən əl çəkmirlər. Bəziləri onun çıxışlarını öz bildikləri kimi yazır və fikirləşir ki, onsuz da oxuduğunu başa düşəsi deyil”-Sərkisyan bildirib.

“Bilirsiniz, əvvəlcə gərək ona izah edəsən ki, üzərinə hansı rolu götürüb və publikanın qarşısında nə deyib, sonra cavab verəsən, yaxud dərhal deyəsən-bütün bunlar sənin ağlına görədirmi, brat?” -Sərkisyan kriminal jarqonlardan istifadə etməklə rəqibinə hücumları davam etdirib.

Səkisyan daha sonra deyib ki, çoxları hakim partiyanın bu günkü iclasında konstitusiya islahatları paketinin müzakirə olunacağını gözləyirdi. (Bu paket Ermənistanda prezidentin səlahiyyətlərinin azaldılması və baş nazirə verilməsini, parlament-prezident idarəçiliyinin tətbiqini nəzərdə tutur, beləliklə də ikinci müddət prezidentliyi başa çatandan sonra Sərkisyanın baş nazir kimi yenə hakimiyyəti əldə saxlamasına imkan yaradır). “Lakin mən deməyə məcburam ki, biz bunu nə üçün etmədik. İslahatlar konsepsiyası çoxdan hazırdır və mənim masamın üstündədir. Siz hamınız bunu bilirsiniz. Heç kim bu haqda müvafiq sənədi imzalamaqda mənə mane olmur və olmayıb. İstədiyim vaxt yeni Konstitusiyanın hazırlanması üçün müvafiq fərman verərəm. Lakin mən konstruktiv qərar qəbul etdim və prosesi bu günə qədər ləngitdim. Çünki daha geniş siyasi konsolidasiyaya nail olmaq istəyirdim. Mən bunu həm də Qaqik Tsarukyanın şəxsi xahişi ilə etdim, ancaq sonradan bunu onun gücünün sayəsində geriyə atılmış addım kimi qiymətləndirdi”-Sərkisyan bildirib.

Ermənistan prezidenti deyib ki, Tsarukyan siyasi xadim olaraq ölkə üçün şər qüvvəyə çevrilib. Və bu da təəcüblü deyil. Onun sözlərinə görə, siyasi proseslərdə iştirak üçün zəruri mexanizmləri olan, ancaq ağıldan kəm biri sadəcə olaraq inkişafın yolunda əngələ çevrilir. “Bu, çoxdan məlumdur. Bəli, faciədir, üstəlik kuryoz haldır ki, Tsarukyanın böyük siyasi ambisiyaları var. Şübhəsiz ki, onun ətrafındakı savadlı adamlar qəlbinin dərinliklərində başa düşür ki, əgər bu tip adamlar siyasi elitanın tərkib hissəsi olursa bu, real təhlükədir. Təsəvvür edin ki, Tsarukyan AŞPA sessiyasında mətn oxuyur, ardınca deputatların sualları gəlir, o cümlədən Azərbaycan və Türkiyə deputatlarının. Bunu təsəvvür etmək belə çox çətin və ağrılıdır. Bizim həmkarlarımızın Tsarukyanın bir neçə xarici səfərləri zamanı yaranan biabırçı təəsürat haqda sarkazmla dolu hekayələrini biz indiyə qədər həzm edə bilməmişik. Və mən bir daha təkrar etməliyəm: bu vətən bizə ona görə verilməyib ki, onu sirkə çevirək”-Sərkisyan iynəli çıxışını davam etdirib.

Serj Sərkisyan bildirib ki, Tsarukyanla bağlı indiki vəziyyətin yaranmasında onun da günahı var. Çünki illər əvvəl Tsarukyanı öz himayəsinə götürüb: “Məhz mən illərlə sizə Qaqikin bütün axmaqlılqlarına publika qarşısında reaksiya verməyi qadağan etmişəm, bu xaosu şəxsən ənglləmişəm. Və hamıya qadağan etmişəm ki, xalq tərəfindən ona verilmiş “Dodi Qaqo” ləqəbini (Kütbeyin Qaqo) istifadə etməsinlər. Demişəm ki, o səhvlərini düzəldir. Mənim bu zaman hansısa şəxsi marağın olmayıb, mən bəlli problemi ört-basdır edib onun çoxları üçün problemə çevrilməsinin qarşısını almaq istəmişəm”.

Sərkisyan əlavə edib ki, indi səhvlərini düzəldir. Özü də təcili. Çünki artıq heç kimin ləngimək haqqı yoxdur. O, elan edib ki, Tsarukyanın Milli Təhlükəsizlik Şurasından xaric edilməsi haqda fərman verib: “Çünki ölkənin ən ali təhlükəsizlik orqanı kinoteatr deyil ki, istədiyin vaxt gələsən, yaxud gedəsən”.

Daha sonra Sərkisyan Tsarukyanın deputat mandatının alınacağını elan edib: “Çünki parlamentin 145 iclasından cəmi 4-də iştirak edib. Əgər o, öz seçicilərinə bu qədər saymamazlıq edirsə və parlamentin roluna hörmətsiz yanaşırsa bizim buna haqqımız yoxdur. Bizim deputatlarımız günü sabahdan bu axmaq vəziyyəti ortadan qaldırmaq üçün addım atacaqlar”.

Sərkisyan üçüncü addımın Tsarukyanın biznesi olacağı deyib. Bildirib ki, illərdir onun milyardları və ödəmədiyi vergilər haqda yoxlanılmamış şaiyələr gəzir, bu milyardlarını saxta xeyriyyəçilik adı altında ört basdır etdiyi danışılır. “Mən baş nazirə tapşırıram ki, müvafiq orqanların bu məsələni sona qədər və ətraflı şəkildə yoxlamasını təmin etsin”-Sərkisyan bildirib.

Sərkisyan dördüncü addımın Tsarukyan və adamları tərəfindən törədilmiş çoxsaylı cinayətlərin ört-basdır edilməsi üçün peşəkar mexanizmin yaradıldığı haqda şaiyələri yoxlamaqdan ibarət olacağını deyib. “Mən sabah Təhlükəsizlik Şurasının iclasını çağıraraq bu şaiyələrə hüquqi baxımdan necə reaksiya verə biləcəyimizi müzakirə edəcəyəm”-Serjik bildirib.

Qeyd edək ki, Tsarukyan əslində keçmiş prezident Robert Köçəryanın biznesini “fırladan” adam kimi tanınır və bu baxımdan Sərkisyanın ona hücuma keçməsi həm də keçmiş səngər yoldaşına qarşı hücumdur. Hələlik Tsarukyanın və ortaqlarının Sərkisyanın çıxışına reaksiyası məlum deyil.(virtualaz.org)