backend

“Rusiyanın Bakıya qarşı ssenarisi...” – ABŞ nəşrindən sensasiyalı İDDİA

“Rusiyanın Bakıya qarşı ssenarisi...” – ABŞ nəşrindən sensasiyalı İDDİA















1991-ci ildə SSRİ süqut edəndən sonra Rusiya regionda öz təsirini saxlamaq üçün hərbi yox, diplomatik yoldan istifadə edə bilərdi. Lakin o, bunu etmədi

qaynarxett.az Publika.az-a istinadən xəbər verir ki, ABŞ-ın “The Hill” nəşri “Rusiya yolunu davam etdirmək üçün təcavüzdən daha çox istifadə edir” adlı məqalə yayımlayıb. Məqalədə post-sovet məkanına mümkün təhlükələr, bundan sonra atılacaq addımlar və Azərbaycana qarşı təhdidlər yer alıb.

Nəşr yazır ki, əvvəlcə Rusiya ərazisində qanlı çeçen müharibəsi aparıldı. Bununla yanaşı, Moldova Dnestryanı ərazilərində rus əhalisindən istifadə edərək separatçı rejim formalaşdırdı. Ermənistanda rus qoşunları bu gün də qalır. Gürcüstanda da qoşunlar saxlanılırdı. Daha sonra onlar çıxarılsa da, Tiflis də separatizmlə üzləşdi. Azərbaycan hələ də əziyyət çəkdiyi Dağlıq Qarabağ münaqişəsi ilə üzləşdi, əraziləri işğal olundu. Bu günün özündə də Rusiyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində tərəf saxladığı aydındır.

Qarabağdakı ssenari ilə Cənubi Osetiya və Abxaziya çatı yaradıldı. Rusiya bu ərazilərə qeyri-müəyyən şəkildə sahib olmağı xoşlayır. Bu Gürcüstanın tarazlığını pozur və Avropa Birliyinin bir hissəsi olmasında maneələrə səbəb olur. 2008-ci il müharibəsində ruslar yalnız saylarının çox olmasına görə qalib gəldi. Lakin Moskva milyardlarla dollar pul itirdi. Eyni mənzərə Ukraynada müşahidə olunur. Rusiya milyardlarla pul itirir, lakin geri çəkilmək, güzəştə getmək istəmir. Moskva Ukraynada döyüşənlərin onun əsgərləri olmadığını bəyan edir. Amma Rusiyaya aparılan cəsədlər, həmçinin əsir götürülənlər Kremlin müharibədə birbaşa iştirakını təsdiqləyir. Ukraynada nə baş verdi? Xalq Avropanı seçdi, lakin Yanukoviç Assosiativ sazişi imzalamaqdan imtina etdi. İnsanlar ayağa qalxdı və bu vaxt oyuna Kreml daxil oldu. Daha sonra baş verənlər məlumdur.

Nəşr qeyd edir ki, Rusiya getdikcə post-sovet məkanında etnik azlıqlar və rus əhalisindən yeni təcavüzlər üçün istifadə etməyə daha çox meyil edir. Misal üçün, Baltikyanı ölkələrdə yüz minlərlə etnik rus yaşayır. Latviya, Litva və Estoniya NATO üzvü olsa da, bu faktora görə onların əsəbləri tarıma çəkilib. Onlar Krım və Ukraynanın şərqindəki proseslərlə üzləşə biləcəklərindən qorxurlar.

Rusiya təcavüzündən narahat olan digər ölkə Azərbaycandır.

“Azərbaycan Rusiyanın etnik talışları qızışdıra biləcəyindən qorxur. Talışlar etnik ruslar deyil. Lakin Moskvada onlar üzərindən ssenarilər hazırlandığı məlumdur. Moskvada yaşayan talış separatçısı Fəxrəddin Abboszadənin bu yaxınlarda Rusiya KİV-də dərc olunan məqaləsi belə bir ssenarini təsdiqləyir. Qərb təbii ki, belə bir ssenariyə qarşıdır. Çünki Azərbaycan strateji ölkədir. Qafqaz, Avropa, Yaxın Şərq və Orta Asiyanı birləşdirən bir coğrafiyada yerləşir. Ölkə qaz və neft ehtiyatları ilə Avropanı təchiz edir və Qərbin etibarlı partnyorudur”, - deyə nəşr iddia edir.

Rusiya Azərbaycanın Avrasiya İttifaqına qoşulmağında maraqlıdır. Bakı öz müstəqil siyasətini heç nəyə qurban vermək istəməsə də, Avropa Birliyinə də qoşula bilmir. Çünki Moskva Azərbaycan, Gürcüstan və Moldovada yaratdığı dondurulmuş münaqişələrdən lazımınca yararlanır. Ukraynada da eyni varianta əl atdı.

Asif Nərimanlı