backend

Natəvan Əliyevanın “vinetka bazarı”na çevirdiyi məktəb – Təhsil Nazirinin nəzərinə?

Natəvan Əliyevanın “vinetka bazarı”na çevirdiyi məktəb – Təhsil Nazirinin nəzərinə?

“Ponoram” MMC Təhsil Nazirliyində kimin himayəsindədir?

Bakının Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 218 saylı orta məktəbdə müşahidə olunan neqativ hallara dair qaynarxett.az-ya şikayət məktubu daxil olmuşdur. Məktubda qeyd olunur ki, məktəbdə rüşvət yığımı proseduru ibtidaidən yuxarı siniflərə qədər yüksələn xətlə həyata keçirilir. Həm də bu proses daima məktəb rəhbərliyinin tam nəzarətində saxlanılır. Belə ki, ilk növbədə məktəbin ibtidai sinif şagirdləri üçün stabil olaraq 6 manat məbləğində aylıq yığım müəyyən edilmişdir. Yuxarı siniflər üçün isə bu məbləğ artaraq 8-10 manat təyin edilib. Təbii ki, təqvimlə qeyd olunan dövlət bayramları, müxtəlif yubileylər, imtahan və sınaqlar, attestat və şəhadətnamələrin təqdimatı ilə bağlı həyata keçirilən yığımlar da bu maliyyə zəncirində xüsusi qrafalarda yer alır. Bundan başqa isə Camal Əlirzayev bu məktəbdə çalışan müəllim heyəti üçün də müəyyən ödənişlər nəzərdə tutulmuşdur. Belə ki, əlavə dərs saatlarının təyinatı və digər bu kimi bəhanələrlə il ərzndə hər bir müəllimdən kifayət qədər rüşvət yığılır. Məhz elə bu səbəbdən övladları 218 saylı orta məktəbdə təhsil alan bəzi şagirdlərin valideynləri artıq vəziyyətdən yeganə çıxış yolunu da öz şikayətlərini məhz birbaşa Təhsil nazirinə ünvanlamaqda görürlər. Belə müraciətlərdən birini sizə təqdim edirik. “Cənab nazir, məni bir sual maraqlandırır. Məgər məktəbdə işləyən xadimələrin, qapıda növbə cəkənlərin əmək haqları büdcədən ödənilmir? Əgər ödənilirsə, nə üçün məktəbin direktoru Natəvan Əliyeva hər şagirddən 6 manat pul yıgır və adını da qoyur məktəbin fondu və xadimələrin əmək haqqı? Ümumiyyətlə bu məktəbdə özbaşınalıq baş alıb gedir Heç kim bu direktorla bacarmır. Çox xahiş edirəm, bir ölçü gotürəsiniz. Hər ailədən 3-4 uşaq məktəbə gedirsə, bu ailələr ayda 18-24 manatı necə və nəyə görə versinlər? Tədris ili başlanandan müxtəlif səbəb və bəhanələrə görə pul verməkdən bezmişik. Indi isə direktor yeni üsul icad edib. Dördüncü sinifdə oxuyan uşaqların hər birindən 35 manat pul yığılır. Adını da qoyublar “vinetka” pulu. Bu nə deməkdir?”

Biz məktəbə direktoru Natəvan Əliyeva ilə əlaqə yaratmaq istədik. Bizə cavab verən labarant xanım Natəvan xanımın iclasda olduğunu bildirdi. Biz “vinetka” pulu barədə ondan soruşanda xanım təsdiq etdi ki, doğurdan da məktəbdə dördüncü sinif şagirdlərindən 35 manat pul yığılır.Ancaq bu Təhsil Nazirliyinin göstərişidir.
Natəvan müəllimə bir az sonra bizimlə əlaqə yaratdı. Biz şikayətçinin yuxarıda göstərdiyi faktlara aydınlıq gətirməsini xahiş etdik. O, bütün faktları inkar edərək yalnız “vinetka” üçün 35 manat pul yığıldığını etiraf etdi. Niyə belə çox?- Sualımıza Natəvan xanımın cavabı belə oldu ki, işi görən “Ponoram” şirkəti keyfiyyətli iş gördüyündən qiymət belə bahadır. Qeyd edək ki, 218 saylı orta məktəbdə 10 dördüncü sinif var ki, bu siniflərin hər birində də 30-dan yuxarı şagird təhsil alır. Bu 10.500 manat pul edir. Əlbəttə, bu məktəb direktorunun özü etiraf etdiyi faktdır.Görünür problemlərin hamısını gizlətmək, ört-basdır etmək mümkün olmur. Belə qənaətə gəlmək olar ki, Bakı şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi bütün bu baş verənlərə tam laqeyd yanaşır. Bəlkə də bu şəhərimizin məktəblərində yer almış rüşvətxorluq və digər korrupsiya halları artıq o qədər adiləşmiş haldır ki, 218 saylı orta məktəbdə yaşananlar Təhsil İdarəsinin rəsmilərini qətiyyən narahat etmir.

P.S. Qeyd edək ki, böyük ehtimalla “Ponoram” MMC Təhsil Nazirliyində kiminsə himayəsində fəaliyyət göstərən bir şirkətdir.Və Bakı məktəblərində “vinetka” alverində yalnız bu şirkətin adı hallanır. Oxucuların nəzərinə çatdırırıq ki, əməkdaşımız həmin faktı ciddi araşdırmaqla məşğuldur. Növbəti saylarımızda geniş araşdırma yazını oxuya bilərsiniz.