backend

Tovuz Peşə Liseyində "şeytan əməlləri"

Tovuz Peşə Liseyində "şeytan əməlləri"














Yeganə Əmrahova dövlət vəsaitini necə mənimsəyir?

qaynarxett.az-ya Tovuz Peşə Liseyinin direktoru Yeganə Əmrahovanın fəaliyyətində yol verdiyi qanun pozuntularına dair yeni məlumatlar daxil olub. Qeyd edək ki, qəzetimizin ötən saylarında biz bu mövzuya müraciət edərək artıq bir neçə dəfə tənqidi materiallar dərc etmişik. Həmin materiallarda göstərilmişdi ki, Yeganə Əmrahova Tovuz Peşə Liseyinə bu müəssisənin əvvəlki direktoru Elcan Musayev tərəfindən müəllimə kimi gətirilmişdi. Bir müddət sonra isə Elcan müəllim özü liseydən gedərkən Yeganə Əmrahovanın direktor vəzifəsinə təyinatına nail ola bilmişdir. Məhz elə bu təyinat da liseyin fəaliyyətinə dərhal öz neqativ təsirini göstərib. Belə ki, Yeganə xanım direktor kürsüsünə əyləşdikdən sonra ilk növbədə liseydə həyata keçirilən pul yığımlarının intensivləşdirilməsinə dair müvafiq göstərişlər verib. Bu məqsədlə yeni direktor ilk növbədə liseydə qalıb işləmək istəyən müəllimlərə qarşı pul tələbləri irəli sürüb. Daha sonra məlumatlarda bildirilirdi ki, direktorun əsas qazanc mənbələrindən biri də dərsə gəlməyən şagirdlərin təqaüd kartlarıdır. Belə ki, Yeganə Əmrahova dərslərə gəlməmək müqabilində bir çox şagirdlərin təqaüd kartlarını özündə saxlayaraq onlara dövlət tərəfindən verilən aylıq 35 manatı mənimsəyir. Nəzərə alsaq ki, liseydə 16 qrupun hər birində 20 şagird əvəzinə 5-6 şagird gündəlik dərslərdə iştirak edir, Yeganə xanımın gəlirlərini hesablamaq çətin olmaz. Yeni aldığımız məlumatlardan birində isə məhz bu məqamla bağlı Tovuz Peşə Liseyində növbəti qarşıdurmanın əsası qoyulduğu bildirilir. Mənbə bildirir ki, liseydə dərs deyən müəllimə Aliyə Vəliyevə prinsipiallıq nümayiş etdirərək və bu xüsusda direktorun göstərişlərini pozaraq, dərsə gəlməyən şagirdlərin adlarını jurnalda qaiblə qeyd edir. Bu isə dərslərdən yayınmaq müqabilində Yeganə Əmrahova ilə müəyyən razılaşmaya gəlmiş şagirdlərin narazılıqlarına səbəb olur. Lakin direktor bu məsələ ilə bağlı ona müraciət edən şagirdləri xatircəm edə bilib. Mənbənin iddiasına görə, Yeganə Əmrahova həmin şagirdlərə bildirib ki, Aliyə Vəliyevə yol verdiyi “özbaşınalığa” görə ümumiyyətlə imtahan qəbul edən müəllimlər arasında olmayacaq. “Qaibli” şagirdlərin imtahan qiymətlərini isə direktor bilavasitə özü yazacaq.Ötən materiallarda biz belə bir məqamı da qeyd etmişdik ki, bu gün Tovuz Peşə Liseyinə pulla işə qəbul prosesi də “dinamikliyi” ilə diqqəti cəlb edir. Lakin son aldığımız məlumatlardan bəlli olur ki, bu prosedur Yeganə Əmrahova üçün bəzi yeni problemlərə də yol açıb. Bu xüsusda mənbələr bildirirlər ki, lisey direktorunun məhz “pullu əsaslarla” yeni işə götürdüyü bəzi müəllimələrlə artıq münaqişələri yaranıb. Belə ki, həmin xanım pedaqoqlar işə qəbul olunarkən, Yeganə Əmrahova onlar üçün yeni qrupların yaradılacağını vəd edib. Lakin müəyyən olunmuş müddət artıq sona çatsa da, direktor öz vədinə əməl edə bilməyib. Yeni aldığımız məlumatlarda Yeganə xanımın artıq bu problemə də “çözüm tapdığı” göstərilir. Bildirilir ki, direktor işə yeni götürdüyü müəllimləri, onunla “eyni düşərgədə olmayan” pedaqoqların hesabına dərs saatları ilə təmin edir. Halbuki, dərs saatları kəsilən müəllimlərin sırasında Elmira Mehrəliyeva kimi şəhid ailələrinin nümayəndələri də var. Yeganə Əmrahova isə öz maxinasiyaları səbəbindən bu gün Elmira xanımı ayda 130 manat əmək haqqı ilə ailəsini dolandırmaq məcburiyyətində qoyub.Yeni aldığımız məlumatlarda lisey direktorunun bu yaxınlarda Təhsil Nazirliyinə çağırılmasının nəticələrinə dair bəzi açıqlamalar da yer alıb. Məlum olub ki, nazirliyə liseyin fəaliyyəti ilə bağlı çoxsaylı şikayətlər daxil olmaqdadır və bu xüsusda Yeganə Əmrahovaya rəhbərlik tərəfindən ciddi xəbərdarlıq olunub. Bundan sonra rayona qayıdan direktor “tədrisin keyfiyyətinin yüksəldilməsi” istiqamətində bəzi addımlar atmaq, o cümlədən baş verənlərə görə kimlərisə “cəzalandırmaq” məcburiyyətində qalıb. Bu məqsədlə Yeganə Əmrahova öz yaxın rəfiqəsi və liseyin dərs hissə müdiri Şahnaz xanımı tutduğu vəzifədən azad edib. Lakin Şahnaz xanım bu gün də liseydə dərs deyir. Həm də maraqlıdır ki, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını Südçülük ixtisası üzrə bitirmiş bu xanım, Tovuz Peşə Liseyində şagirdlərə dülgərlik peşəsinin sirlərini öyrətməkdədir.Yeni aldığımız məlumatlarda toxunulan daha bir məqam da lisey direktorunun müavini Yaşar Məmmədovla bağlıdır. Bu xüsusda mənbə bildirir ki, öz hesabına qısamüddətli məzuniyyətə çıxmış Yaşar müəllimin dərsləri şagirdlər üçün fasilə saatlarına çevrilib. Lakin dərslərin keçirilməməsinə baxmayaraq, direktor həmin saatları da başqa bir müəllimin adına yazdırmaqla əmək haqqını özü alır. Həm də belə maxinasiyalar Yeganə Əmrahova üçün olduqca normal bir haldır. Belə ki, hələ Tovuz Peşə Liseyinə Elcan Musayevin rəhbərlik etdiyi vaxtlarda, Yeganə xanım düz beş il analıq məzuniyyətində olduğu halda bütün bu müddət ərzində aylıq maaşlarını da vaxtlı-vaxtında alırmış. Halbuki, ölkə qanunları ilə analıq məzuniyyətinin maksimal müddəti üç il həddində müəyyənləşdirilmişdir…

Ardı var.