backend

Buyurun, neft ucuzlaşıb

Buyurun, neft ucuzlaşıb














Samir Həsənov

Ötən ilin sonlarından etibarən dünya bazarlarında neftin qiyməti ucuzlaşmağa başladı. “Qara qızıl”ın dəyəri tədricən “su qiymətinə” endi. Əgər ötən il bu vaxtlar neftin bir bareli 120-130 dollar civarında dəyişirdisə, indi bu göstərici 50 dolların ətrafında dəyişir.
Əlbəttə, neftin qiymətinin kəskin şəkildə enməsi yeni dünya düzəni qurmaq istəyən supergüclərin siyasətidir. Bu, belə demək mümkünsə, təbii axarı süni şəkildə durdurmaq cəhdidir. Əsas məqsəd Rusiya iqtisadiyyatını çökdürməyə hesablansa da, bundan avtomatik olaraq bütün neft ölkələri, o cümlədən Azərbaycan da ziyan gördü və görməkdədir...
Neft ucuzlaşmağa başlayanda bir çoxları sevinirdilər. Ki, bəs neftin xalqa nə dəxli var, nə zərbə dəysə iqtidara dəyəcək, qara camaata istisi-soyuğu yoxdur. Hətta ölkənin idarəetməsinə iddialı olan bəzi partiya funksionerləri də facebook statusları yazır, saytlara açıqlamalar verirdilər ki, neftin ucuzlaşması xalqın xeyrinədir. İddia edirdilər ki, dərhal hakimiyyət zəifləyəcək, sıradan çıxacaq, gedəcək və demokratiya gələcək. Hətta bir liderin ətrafındakı qaragüruh dəstə soyuq başla təhlil aparıb, neftin qiymətinin kəskin düşməsinin, məlum proseslərin, inflyasiyanın, maliyyə çatışmazlığının xalqa ciddi zərbəsi dəyəcəyini söyləyənləri “iqtidar dəyirmanına su tökən” adlandırırdılar.
Buyurun, neft ucuzlaşıb, hökumət xeyli layihələri ixtisara salıb, tikinti işləri dayanıb, büdcə təşkilatlarında (təhsil, səhiyyə), əksər özəl müəssisələrdə maaşlar gecikir, pensiyaların verilməsində yubanma var. Hökumət isə yerindədir, əksinə, özünü daha da güclü hiss edir, çünki insanların başı ancaq sosial problemlərinə, kredit borclarını ödəyəmə ikiqat qarışıb. Nə zərbə dəyibsə, qara camaata dəyib. On minlərlə sadə vətəndaş iş yerini itirib, hansı ki, onların əksəri elə potensial müxalifətçilər idi. Kiçik bizneslə məşğul olub ailəsini dolandıran on minlərlə insan bundan da məhrum olub. Hansı ki, onlar da narazı elektoratdır əksərən. Yüzlərlə özəl sektorda çalışan müxalifətçi ixtisara salınıb. Dövlət Neft Şirkətində və ona bağlı müəssisələrdə çalışan 5 min nəfərdən çox neftçi işdən azad edilib. Camaatda pul yoxdur deyə taksi sürücüləri də müştərisiz qalıb. Dükan bazarlarda alver azalıb, xeyli pal-paltar satan zəhmətkeşin malları əlində qalıb. “Sədərək”, “Binə” ticarət mərkəzlərində alver olmaması mağazaların təxminən üçdən biri qapadılıb. Bir sıra qəzet və saytlarda çalışan zəhmətkeş jurnalistlərin də qonorarı azalıb, bəzi mətbuat orqanlarında hətta iki aya yaxındır maaş da verilmir. Xülasə, çevrəmizdə, ətrafımızda nə qədər insan varsa “ağlaşır”.
Amma baxın, nə hakimiyyət rəhbərlərinin, nə nazirlərin, məmur-oliqarxların yaşayışında böyük fərq hiss olunmur. Məsələn, deyək ki, bir məmur oliqarx ayda 500 min manat qazanır, “qapazlayırdısa”, indi bu məbləğ 250 min manata enib. Amma ayda 500 manat maaş alan sadə vətəndaş ümumiyyətlə, iş yerini itirib, gəlirinin hamısından məhrum olub. İndi o 300 manatlıq başqa bir iş tapmaq üçün çalışır, çünki evinə çörək, ərzaq almalıdır.
Əlbəttə, hökumətin və siyasi hakimiyyətin də qayğıları yaranmamış deyil, onlar da itirir, narahatlıq keçirirlər. Amma bu proses aradan qalxana qədər ortada “canı çıxan” elə biz sadə insanlar oluruq.
Səbəb çox sadədir; Azərbaycanın büdcəsi əsasən neftin hesabına formalaşır, birbaşa və dolayısı ilə gəlirlərimizin 70 faizə qədəri “qara qızıl”a görədir. Ötən illərin və bu günün təcrübəsi göstərir ki, neft pulları artdıqca bundan hər kəsə cüzi də olsa pay çatır. Loru dildə bunu belə izah etmək mümkündür; böyük pul axını sel kimidir, onu xalqdan tamamilə sıxıb saxlamaq mümkün deyil, haradansa daşıb qara camaatı da az-çox “isladacaq”. Ona görə də “neft qurtarsa, ucuzlaşsa yaxşı olacaq, demokratiya gələcək” xülyalarına çox da qapılmayın. Bizə neft pulları ilə birlikdə gələn demokratiya daha vacibdir, əksinə, təcrübə göstərir ki, aclıq-səfalət olanda demokratiya daha gec və ya arzuolunmaz formada yetişir.