backend

İcra başçısı abadlıq işlərinə fasilə verib?

İcra başçısı abadlıq işlərinə fasilə verib?














Binəqədinin torpaq və tikinti bazarında isə ciddi canlanma müşahidə edilir

qaynarxett.az xəbər verir ki, Binəqədi rayon icra hakimiyyətinin rəhbərliyi tərəfindən aparılan tikinti-abadlıq işləri deyəsən hansısa məmurun nəfsinə tuş gəlib. Göz dəyibmi xeyirxah əməllərə, yaxud qara magiyanın tilsimlərindəndi-nədi bilmirəm, axır zamanlar icra aparatı rəsmilərinin vətəndaşlar münasibətində hansısa bir sərtləşmə sezilir. Bunun səbəblərini hələlik heç kəs bilmir. Lakin hadisələrin gedişinə nəzər salanda müəyyən qaranlıqlara azacıq da olsa aydınlıq gətirmək mümkündür. Əvvəla Bakının digər rayonlarında olduğu kimi, Binəqədi də qanunsuz zəbt edilməsi hallarına hələ də rast gəlinir. Lakin bu qanunsuzluğu rəsmiyyətə salmaq sən deyən çətin problem deyilmiş. Bir şərtlə ki, haqqını verib haqa meydan oxuyasan. Sabiq başçı Alı Qocayevin vaxtında baş verən özbaşınalıqlara baxmayın, bu gün Binəqədidə kimin nə həddi var ki, başçı qardaşımızın yaxın adamlarından olan şəxs (adını dəqiqləşdirməkdəyik) və iki müavin dura-dura, kimsə getsin rayonda torpaq zəbt etsin. İndi Binəqədi rayonunda torpaq və tikinti məsələsinə nəzarət bəlli rəsmilərin əlində mərkəzləşdirilib. Hər halda bazarın bazar şərtləri var. Rayon icra aparatında çalışan bir neçə məmur işini-gücünü atıb torpaq bazarında qiymət fırıldadır. Ağlınıza elə bir şey gətirməyin. Öz aramızdı, başçının müavinləri belə məsələləri çürütməkdə böyük təcrübə qazanıblar. O təcrübəni hansı müavin yaxşı mənimsəyib, bilmirik. Amma, deyilənə görə, icra başçısının birinci müavini Ilqar Süleymanovla müavinlərdən biri, Vüsar İsmayılov yola getmirlər. Buna səbəb kimi göstərilir ki, guya Vüsar müəllim fürsət düşən kimi digər həmkarlarından başçıya daha yaxın olduğunu göz qabağında acıqla nümayiş etdirir. Yenə min şükür. Dedim görəsən nə baş verib. Yox inanılası deyil, elə bilməyin ki, başçı Xaləddin İsgəndərov birinci müavininə bel bağlamır. Amma gərək iş görəndə yaxud alış-veriş yapanda elə edəsən ki, səsi çıxmasın. Bu müavin qardaşlarımızsa rayonda qiymət şişirtməkdə elə ad qazanıblar ki, ev tikmək istəyənlər bu şəxslərin əlindən keçmiş günlərə salam göndərmək məcburiyyətindədir. Rayonda ev tikmək üçün lazım olan icazənin pulla ekvivalenti təxminən 4000-5000 dollar civarında dəyişir. Xocasən qəsəbəsində isə bu rəqəm bir qədər də artıqdır. Bundan əlavə rayonda tikilən evlərin hər mərtəbəsinə görə müvafiq ödəniş paketi tətbiq edilir. Paketlərdə olan qiymətlər də müxtəlifdir. Bütün bunların qeybəti Bakının hansısa bir başqa rayonunda müzakirə mövzusu olsaydı inanardıq. Lakin Binəqədi rayonunda son bir il ərzində görülən abadlıq işləri fonunda eşitdiyimiz belə söz-söhbətlərə inanmağımız gəlmir. İndi icra başçısının əlini işdən soyudan amilləri axtarıb ortaya qoymaq lazımdır ki, ayıbdır rayon inkişafdan qalmasın.

Mahir Sevdimalıyev