backend

Quyruqlu sual

Quyruqlu sual










Fəaliyyət Qurbanov

Binayi-qədimdən cəmiyyətdə ən hörmətli təbəqə din xadimləri olub. Heç kəs ağlına belə sığışdırmayıb ki, molla narkotiklərə aludə ola bilər. Çünki, xalqın tanıdığı, hörmət və ehtiram göstərdiyi mollanın əsas peşəsi dini qayda-qanunları müsəlmana başa salmaq, onu müasir dildə desək, maarifləndirmək, həm də məqamı gələndə ölü götürmək olub. Mən heç bədbəxt zeynəblərimizi zorla xudayar bəylərə arvad edən axundları, “ölü dirildən” fırıldaqçı şeyx nəsrullahları yada salmaq istəmirəm. Bunlar öz dövrünün “peşəkarları” olsalar da, xatırlanmağa layiq deyillər. Belələri ilə bərabər dinimizin-imanımızın dayağı olmuş əsl hörmət-izzət sahibi mollalar da az deyildi. Amma müəyyən tarixi etaplarda təsdiqini tapmış və hamının razılaşmaq zorunda qaldığı bir həqiqət də var. Ölkədə narkomaniya artdıqca, fırıldaqçı mollalar da yağışdan sonrakı göbələklər kimi çoxalır. Hünərin var, gəl seç-seçələ görüm, hansı əməlisalehdi.
Vallah-billah mən bu məsələdə bir qanunauyğunluq görürəm. Bir tərəfdən həqiqi mollaların təbii say artımı, digər tərəfdən isə psevdomollaların, yəni molla əbası geymiş yalançı din xadimlərinin xurafata aparan göbələkləşmə prosesi inanın ki, cəmiyyətdə heç kəsin diqqətindən kənarda qalmır. Elə buna görə Qafqaz Müsəlmanları İdarəsinin mollaları attestasiyadan keçirmək barədə verdiyi qərar lap yerinə düşüb. Yaxşı olardı ki, mollalarımızın narkoloji testlərdən keçirilməsi məsələsinə də baxılsın. Hər halda bu kimi tədbirlər din xadiminin eləcə də müqəddəs dini dəyərlərimizin saflığını qoruyub saxlamaq üçün çox münasib vasitələrdən biri ola bilər.
Atalar deyib ki, cidanı çuvalda gizlətmək olmaz. Haçansa üzə çıxacaq. Çıxır da. Amma nədənsə, narkotik qəbul edən mollanı və ya narkobaron din xadimini heç təsəvvürümə gətirə bilmirəm. Əvvəllər də belə olub. Qarabağda ermənilərin haçansa at oynadacağı ağlıma gəlməyib. İndi baxıb görürəm ki, zaman dəyişib. Dəyərlər bambaşqadı. Mollalar ermənilərin oylağına yavaş-yavaş köç eləməyə başlayıblar. İrəvandan vurub Xankəndindən çıxırlar. Bu zalım uşaqlarının qiyafəsi də ki, eynidi. Bilmək olmur, hansı iranlıdı, hansı azərbaycanlı.
Bunlardan soruşan yoxdu ki, ayə, bir müsəlmanın belə yaşamadığı Xankəndində qara mollanın nə işi var, hıy? Oralarda molla gəzirsə, deməli hoqqabazlığa qurşanıb. Bilirsiniz də, hoqqa elə şeydi ki, ovuc içinə basıb ovuşdurandan sonra od qoysan, tüstün göyə çıxar. Elə düşünməyin ki, hoqqabazlıq elə bununla bitir. Xeyr, hoqqabazlıq elə burdan başlanır. O yerdən ki, molla öz sənətini unudub “çorta” gedir. Bununla mən öz rodnoy mollalarımızı nədəsə günahlandırmıram. Sadəcə, bir bəni-adəmin molla şəklində narkotik maddələrin dövriyyədə olduğu nəzarətsiz ərazilərə ayaq açması adama şübhəli görünür. A kişilər, həmin ərazilərə heç xaçpərəstlərin özlərini buraxmırlar. Bu mollaların, əcəba, nəyi və hansı əməli karapetin xoşuna gəlib ki, müsəlmanın mübarək qədəmlərini müsəlman qanının töküldüyü torpaqlarda xoşlayır?
Bu da bir yana, Azərbaycanda az-çox mollanın təmiz adı üstündəydi, onu da narkotikə culadılar. Kim elədi bunu? Mən bu sualı vaxt tapıb mollabaşıya verməmişəm. Çünki vaxtım olmayıb. Mənim vaxtım olanda isə hörmətli mollabaşının başı qarışıq olub. Sonradan belə quyruqlu sualı verib isti yerimə soyuq su əndərmək istəmədim. Əvəzində isə əbalı iş tapdım. İndi işim-gücüm qarışıq mallar mağazasına mal vurmaqdır. Mal da ki, maşallah olmasın, ağı qarasından, qarası qurusundan xod gedir. Satıcı isə tapılmır. Ona gorə də toçkaya etibarlı molla gərəkir. Pulun yoxdusa, gəl sən də mənim kimi əyninə əba geyin, işin getsin yeyin.