backend

"Bu qərar əhalinin narahatlığına səbəb olub" - Fərəc Quliyev

"Bu qərar əhalinin narahatlığına səbəb olub" - Fərəc Quliyev
























Milli Məclisin bugünkü iclasında Fərəc Quliyev çıxış edib. Həmin çıxışı təqdim edirik:

"Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1,05 manat səviyyəsində müəyyən edilməsi müxtəlif səbəblərlə izah olunur:

- Mərkəzi Bank bəyan edib ki, bu qərar milli iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimullar yaratmaq, onun beynəlxalq rəqabət qabiliyyətini və ixrac potensialını daha da gücləndirmək, bu əsasda tədiyyə balansının və ölkənin beynəlxalq ödəmə qabiliyyətinin strateji dayanıqlığını təmin etmək məqsədilə qəbul edib.

- Mərkəzi Bank onu da bildirib ki, manatın məzənnəsinin korreksiyası xarici ticarət tərəfdaşımız olan əksər ölkələrin milli valyutalarının son dövrlərdə əhəmiyyətli ucuzlaşmasının milli iqtisadiyyatın rəqabət üstünlüklərinə mənfi təsirlərini neytrallaşdırmasına xidmət edir.
Bu qərar təbii olaraq əhalinin ciddi və haqlı narahatlığına səbəb olub.
Həm də etiraf olunmalıdır ki, yaranmış vəziyyətdən spekulyantlar, valyuta qeyri-sabitliyindən bəhrələnənlər, valyuta müharibəsi aparanlar, gizli iqtisadiyyat bossları, monopolistlər, siyasi kəmfürsətlər faydalanmağa çalışırlar.
Belə halların qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər görülməlidir.

İndiki vəziyyətdə qiymət artımının qarşısını almaq inandırıcı deyil. Ona görə hökumət gecikmədən son valyuta tənzimlənməsindən sonra əhalinin kredit, əmanətlər və daxili bazarda qiymət dəyişikliyinin yaradacağı proseslərə yönəlik perspektiv üçün antiböhran proqramlarını işə salmalıdır. Hökumət əhalinin ziyan çəkməməsi, sosial ehtiyaclı insanların müdafiəsi üçün qiymət artımının qarşısını almaq, maaş və pensiyaların yeni inflyasiya indeksinə uyğunlaşdırılması, yaşayış minimumu və aylıq istehlak səbətinə yenidən baxmaq üçün mənbələr tapılmalıdır.
Eyni zamanda, inflyasiyanın ikirəqəmli olmaması, bazarda süni bahalanma yaranmaması üçün avtonom gömrük tariflərinin tətbiqi və monopolistlərə ən azından kəmərlərini sıxma və bu dönəmdə fantastik qazancdan imtina etmək üçün ciddi və gerçək təsir göstərilməlidir.

Milli Məclisin İqtisadi siyasət komitəsində hazırkı vəziyyəti iqtisadi və maliyyə subyektləri və ictimayət nümayəndələri ilə birgə müzakirəyə çıxarması faydalı olar. Belə müzakirə təcrübəsi var- bu günlərdə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin Azərbaycan-ABŞ münasibətlərinə dair keçirdiyi tədbir yaxşı örnəkdir.

Təşəkkür edirəm".