backend

Azərbaycan və Türkmənistan qazı Rusiyaya qarşı: Brüssel radikal enerji planını açıqlayır

Azərbaycan və Türkmənistan qazı Rusiyaya qarşı: Brüssel radikal enerji planını açıqlayır











Bu gün Avropa İttifaqının icra orqanı-Avropa Komissiyası energetika sahəsində vahid alqı, təchizat və istehlak bazarının yaradılmasına dair radikal və ambisiyalı planını açıqlayır

Virtualaz.org saytı “The Guardian”a istinadən xəbər verir ki, bu plan Avropanın qaz təchizatını inhisarda saxlayan Kremlin hakimiyyətini zəiflətməyə yönəlib.

19 səhifəlik planı Avropa Komissyasının energetika üzrə vitse-prezidenti Maroş Şefçoviç təqdim edəcək.

Plana əsasən Avropa istehlakçılarının transmilli səviyyədə enerji təchizatı mənbələrini seçmək üçün daha geniş seçim imkanı olacaq, energetika infrastrukturuna investisiya bumu yaşanacaq, təchizat sistemi regionlar və bütün Avropa İttifaqı (Aİ) səviyyəsində öz aralarında inteqrasiya olunacaq.

Planda göstərilir ki, bütün bunların həyata keçirilməsi üçün Aİ üzvləri energetika siyasətində yekdil mövqedən çıxış etməlidir.

Azərbaycan və Türkmənistan qazı Rusiyaya qarşı: Brüssel radikal enerji planını açıqlayır

















M.Şefçoviç həmçinin bildirib ki, Aİ Ukraynanın qeyri-şəffaf və olduqca korrupsiyalaşmış yanacaq-energetika sektoruna investisiya ayıracaq və pulların xərclənməsinə nəzarət edəcək. Vitse-prezidentin sözlərinə görə, planda əsas yeri Cənub Qaz Dəhlizi tutur. Gələcəkdə genişləndirilməsi nəzərdə tutulan bu dəhliz Azərbaycan, Türkmənistan, İraq və İrandan Türkiyə vasitəsilə qazın Avropaya nəqlini təmin etməlidir.

M.Şefçoviçin sözlərinə görə, Cənub dəhlizi dünyada ən iri enerji dəhlizi olacaq və onun 2019-cu ildə işə düşməsi planlaşdırılır.

Lakin Avropanın enerji ittifaqının işləməsi üçün 2019-cu ilə qədər bir sıra qanunların qəbulu gərəkdir. “Guardian” yazır ki, bu plana qarşı Aİ daxilində müqavimətin olacağı qaçılmazdır. Artıq Macarıstanın baş naziri Viktor Orban Avropa Komissiyasına tabe olmayacağını, ölkəsinin Avropanın vahid enerji siyasətinin hakimiyyəti altına keçməcəyəyini elan edib.

Həmçinin “Qazprom”un iri müştəriləri olan Almaniya şirkətləri enerji ittifaqının bəzi elementlərindən imtina edilməsi üçün lobbiçilik edəcəyi ehtimal edilir.

M.Şefçoviç “Financial Times” qəzetinə açıqlamasında deyib ki, Aİ bütün siyasi ağırlığını TAP kəməri layihəsinin reallaşmasına yönəldəcək. Vitse-prezident bu layihənin 2019-cu ilə qədər başa çatmalı olduğunu, Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlar apardığını və bu layihə qarşısında əngəllərin aradan qaldırılması yollarını müzakirə etdiyini deyib. Onun sözlərinə görə, investorlar üçün siyasi dəstək olduqca mühümdür.

Azərbaycan və Türkmənistan qazı Rusiyaya qarşı: Brüssel radikal enerji planını açıqlayır




















M.Şefçoviç vaxtilə Aİ-nin yetərli siyasi dəstəyinin olmaması üzündən “Nabucco” layihəsinin baş tutmadığını xatırladıb. Vitse-prezident deyib ki, Aİ enerji mənbələrini diversifikasiya etməyə çalışdığı kimi Xəzər regionu ölkələri də öz nəql marşrutlarını diversifikasiya etməyə çalışır. Ona görə də Cənub dəhlizi hamının maraqlarına uyğundur.

Beləliklə, Aİ-nin vahid enerji siyasətini formalaşdırmaq və enerji ittifaqını yaratmaq barədə planı ambisiyalı olmaqla yanaşı həm də qeyri-real ola bilər. Çünki Qərb mətbuatının da yazdığı kimi bu plana ilk növbədə Aİ-nin öz daxilindən müqavimət və etirazlar olacaq. Nəticədə vahid siyasəti formalaşdırmaq mümkün olmayacaq, yaxud daha uzun vaxt aparacaq.

Məsələn, indi Brüssel gözləməlidir ki, Macarıstanda Putinin adamı hesab olunan Viktor Orban nə vaxt hakimiyyətdən gedəcək və onun yerinə kim gələcək.

Azərbaycan və Türkmənistan qazı Rusiyaya qarşı: Brüssel radikal enerji planını açıqlayır



















Digər tərəfdən, planın Cənub Qaz Dəhlizi ilə bağlı hissəsi qismən aydındır. Yəni Azərbaycan qazının TANAP və TAP kəmərləri ilə Avropaya nəqli layihəsinin həyata keçirilməsi yönündə işlər artıq başlayıb. Bəzi əngəllər, o cümlədən Aİ üzvü olan Yunanıstanda yeni hökumətin kaprizləri istisna olmaqla bu dəhlizin reallaşması yönündə ciddi maneə görünmür.

Lakin iş Türkmənistan qazını da bu dəhlizə yönəltməyə gələndə məsələ qeyri-real və avantürist görünəcək. Çünki Türkmənistan qazını Xəzərin dibindən nəql edə bilmək üçün Rusiya ilə ciddi qarşıdurmaya getmək lazım gələrdi. Aİ-nin isə hazırda Rusiya ilə Xəzərdə qarşıdurma üçün nə resursları, nə siyasi iradəsi, nə də vahid mövqeyi yoxdur.

Fərhad Məmmədov