backend

Şabran 3 gündür ərzaqsızdır - Yerli işbazlar bütün marketləri bağladılar (Özəl)

Şabran 3 gündür ərzaqsızdır - Yerli işbazlar bütün marketləri bağladılar (Özəl)




















Şabran rayonunda 3 gündür ərzaq dükanları bağlanıb

qaynarxett.az xəbər verir ki, Avropa.info-nun yerli sakinlərdən aldığı məlumata görə, Şabran şəhərindəki irili-xırdalı bütün marketlər 3 gündür işləmir. Hətta şəhər bazarındakı iki böyük market dıə əhaliyə xidmət göstərmir.

Sakinlərin verdiyi məlumata görə, bütün mağazaların üstünə yoxlama getdiyi barədə elanlar vurulub. Lakin, yoxlamaların kim tərəfindən aparıldığı haqda heç bir məlumat verilmir.

Şabran sakinlərinin dediyinə görə, marketlərin manatın qiymətinin dollara nisbətdə aşağı düşməsi ilə bağlı yerli işbazlar tərəfindən qapadıldığı haqda xəbərlər yayılıb.

"Sadəcə gözləyirlər ki, qiymət artımı olsun və ucuz qiymətə aldıqları ərzaq məhsullarını daha baha qiymətə satsınlar. 3 gündür lazım olan gündəlik ərzaq məhsullarını ala bilmirik."

Şabran sakinlərinin dediyinə görə, yerli icra orqanları və salahiyyətli qurumlar da yaranmış problemə müdaxilə etmirlər.

"Necə olur ki, bütün marketlərdə eyni vaxtda yoxlama getməsi ilə bağlı elan vururlar. Bəs yerli dövlət qurumları hara baxır?"

Xatırladaq ki, prezident İlham Əliyev Mingəçevirdə sakinlərlə keçirdiyi görüşdə süni qiymət artımına da münasibət bildirib.

“Monitorinq keçirilir və süni şəkildə qiyməti artırmaq istəyənlərə qarşı çox ciddi cəza tədbirləri görüləcəkdir. Son illər Azərbaycanda istehlak olunan əsas ərzaq məhsulları Azərbaycanda istehsal olunur. Belə olan halda bu məhsullarda heç bir bahalaşmadan söhbət gedə bilməz. Kim qiymətləri süni şəkildə artırırsa, dövlət tərəfindən öz cəzasını alacaq”.

Milli Məclisin toplantısında da , yerli işbazların manatın məzənnəsinin aşağı düşməsindən istifadə etmələri haqda müzakirələr gedib. Bəzi millət vəkilləri və spiker Oktay Əsədov belə işbazlara qarşı sərt tədbirlər görülməsini tələb ediblər.